10 fevral 2026 22:29
96

2025-ci ilin 11 ayında paytaxda orta aylıq əmək haqqı 1402.1 manat olub

Bakı Şəhər Statistika İdarəsi ötən ilin yanvar-noyabr aylarının nəticələrini açıqlayıb

Sənayenin inkişafı haqqında

2025-ci ilin yanvar-dekabr aylarında  sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi 50,7 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 71,9 faizi mədənçıxarma, 24,6  faizi emal, 2,6  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun  payı 80,9 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı  88,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,9 faiz təşkil  etmişdir.                                                 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 yanvar  2026-cı il vəziyyətinə 415,4 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 42,8 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.

Tikintinin əsas göstəriciləri

2025-ci ildə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 84,2 faizini inşa, yenidənqurma və bərpa, 7,9 faizini əsaslı təmir, 5,0 faizini cari təmir, 2,9 faizini isə sair tikinti işləri təşkil etmişdir.

Ümumi inşaat işlərinin 92,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

Məhsul bazarı haqqında

2025-ci ildə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin yanvar-dekabr ayları ilə müqayisə 4,4 faiz artaraq 41302,9 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki illə müqayisədə 0,3 faiz artaraq 22865,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9,6 faiz artaraq 18437,6 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 34,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 56,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 9,5 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.

İctimai iaşə

2025-ci ildə ictimai iaşə dövriyyəsinin həcmi  2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,7 faiz artaraq 2033,0 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 1038,9 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 51,1 faizini təşkil etmişdir.

Ödənişli xidmətlər haqqında

2025-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,3 faiz artaraq 9817,2 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 7880,2 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 80,3 faizini təşkil etmişdir.

Əməkhaqqı

2025-ci ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,9 faiz artaraq 1402,1 manat olmuşdur.     

Bakı Şəhər Statistika İdarəsi