11 fevral 2026 10:30
222

Bakıda tramvay şəbəkəsinin bərpası: Sürət, ekoloji təmiz və çoxsərnişinli həll

Ekspert: Tramvay xətlərinin avtobus və metro ilə əlaqələndirilməsi sərnişinlər üçün real inteqrasiya imkanı yaradacaq

Bakıda avtomobil sıxlığının sürətlə artması, ictimai nəqliyyatın mövcud imkanlarının artıq yükü tam qarşılaya bilməməsi paytaxt üçün yeni və davamlı nəqliyyat həllərini zəruri edir. Məhz bu reallıq fonunda tramvay nəqliyyatının Bakıya qaytarılması strateji bir qərar kimi gündəmə gəlib. Sözügedən məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Proqrama əsasən, tramvay nəqliyyatının mərhələli şəkildə tətbiqi 2027–2029-cu illəri əhatə edir və icraçı qurum kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müəyyənləşdirilib.

Eyni zamanda Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planda da tramvay və metrobus kimi yeni ictimai nəqliyyat növlərinin yaradılması nəzərdə tutulur. Bu yanaşma paytaxtda nəqliyyat sisteminin yalnız genişləndirilməsini deyil, onun daha dayanıqlı, ekoloji və inteqrasiya olunmuş modelə keçidini hədəfləyir. Xüsusilə şəhərdaxili hərəkətin sürətləndirilməsi, tıxacların azaldılması və ictimai nəqliyyatın avtobus–metro çərçivəsindən çıxarılaraq çoxşaxəli bir şəbəkəyə çevrilməsi baxımından tramvay layihəsi uzunmüddətli urbanistik strategiyanın əsas tərkib hissələrindən biri kimi qiymətləndirilir.

Layihə hansı mərhələdədir?

Dövlət proqramlarında əksini tapan bu hədəflərin praktiki icra mərhələsində hansı istiqamətdə reallaşacağı, layihənin texniki və iqtisadi əsaslarının necə formalaşdırıldığı isə mütəxəssis rəyləri fonunda daha aydın görünür.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, hazırda Mehdiabad–28 May istiqamətində tramvay xəttinin texniki-iqtisadi əsaslandırılması hazırlanır, paralel olaraq layihələndirmə işləri də davam etdirilir: “Layihə çərçivəsində tramvay xətlərinin ictimai nəqliyyatın əsas seqmentləri olan avtobus və metro ilə əlaqələndirilməsi nəzərdə tutulur. Eyni zamanda, artıq Bakı və ətraf ərazilərin nəqliyyat sistemində köməkçi rol oynayan dəmir yolu şəbəkəsinin də bu tramvay xəttinə inteqrasiya olunması istisna edilmir. Bu halda sərnişinlər tramvaydan metroya, qatar və avtobuslara birbaşa keçid imkanları əldə edəcəklər.

Hazırda beş tramvay xətti və üç deponun layihələndirilməsi planlaşdırılır. Proses hələlik dizayn və iqtisadi əsaslandırma mərhələsindədir. Layihə ilə bağlı müstəqil ekspertlərin və nəqliyyat sahəsi üzrə mütəxəssislərin rəyləri alınır, geniş təhlillər aparılır. Tramvay sistemi Bakı kimi iri və sıx məskunlaşmış şəhərlər üçün olduqca əlverişli nəqliyyat vasitəsi hesab olunur. Şəhərdə avtomobil sıxlığı artıq pik həddə çatıb və bu problem vaxtında həll olunmasa, geri dönüşü çətin olan bir vəziyyət yarana bilər. Məhz bu baxımdan tramvayın əhəmiyyəti xüsusi vurğulanır”.

Avtomobilə alternativ, şəhərə “nəfəs”

Eldəniz Cəfərov qeyd etdi ki, tramvay xətlərinin istifadəyə verilməsi ictimai nəqliyyatın şaxələndirilməsinə və alternativlərin artmasına şərait yaradacaq: “Tramvay xüsusi rels üzərində, maneəsiz hərəkət etdiyi üçün sürət və dəqiqlik baxımından üstünlüyə malikdir. Eyni zamanda, ekoloji cəhətdən təmiz nəqliyyat növü sayılır, atmosferə zərərli qazlar buraxmır və daha çox sərnişin daşımaq imkanına malikdir. Bu müsbət xüsusiyyətlər tramvay marşrutlarının sayının artmasının Bakı və ətraf ərazilərdə tıxacların azalmasına real töhfə verəcəyini göstərir.

Mövcud yol və nəqliyyat infrastrukturunun tramvay üçün uyğunlaşdırılması məsələsinə gəldikdə, xətlərin əsasən texniki baxımdan əlverişli ərazilərdən keçirilməsi nəzərdə tutulur. İnfrastrukturun tramvay xətlərinin çəkilməsi üçün ciddi maneə yaradacağı düşünülmür. Layihələr təsdiqlənərsə, seçilmiş istiqamətlər üzrə müvafiq yenidənqurma işləri aparılacaq. Bu proses bəzi ərazilərdə daha mürəkkəb ola, əlavə yol ötürücüləri, tunellər və körpülərin inşasını zəruri edə bilər. Məqsəd tramvayların sürətli, rahat və maneəsiz hərəkətini təmin etməkdir. Çünki tramvayın sürəti avtomobil və avtobusla rəqabət apara bilməzsə, bu nəqliyyat növü sərnişinlər üçün kifayət qədər cəlbedici olmayacaq. Buna görə də tramvayların ayrıca zolaqda hərəkəti əsas prinsip kimi götürülür.

Tramvayın elektrik enerjisi ilə işləməsi onun ekoloji üstünlüklərini daha da artırır. Atmosferə karbon qazı buraxmaması, səs-küyün, çirkliliyin azalmasına töhfə verməsi bu nəqliyyat vasitəsini müasir şəhər üçün ideal edir. Bir tramvay reysi bir neçə avtomobili, hətta bir neçə avtobusu əvəz edə bilir ki, bu da həm nəqliyyat sıxlığının, həm də ətraf mühitə düşən yükün azalması deməkdir. Tramvay sistemi şəhərin estetik və funksional görünüşünə müsbət təsir göstərir, yaşıl və davamlı şəhər modeli ilə tam uyğunlaşır”.

Keçmiş təcrübə və müasir yanaşma

Ekspert vurğualdı ki, Bakının tramvayla bağlı əvvəlki təcrübəsi Sovet dövrünə təsadüf edir: “Həmin dövrdə tələblər, sürət və istifadə edilən nəqliyyat vasitələri bugünkü standartlardan tamamilə fərqli idi. Müasir tramvaylar 40 il əvvəl istifadə olunan nəqliyyat vasitələrindən köklü şəkildə fərqlənir. Onlar daha sürətli, daha təhlükəsiz, daha səssizdir və daha çox sərnişin daşımaq imkanına malikdir.

Yeni tramvay xətlərinin əsasən insanların yaşadığı və işlədiyi, metro, avtobus və ya qatarla nəqliyyat əlaqəsinin nisbətən çətin olduğu əraziləri əhatə etməsi planlaşdırılır. Müasir Bakı tramvayları ictimai nəqliyyatın bütün əsas və köməkçi alətləri ilə inteqrasiya olunacaq. Hazırda şəhərdə əsas ictimai nəqliyyat növləri avtobus və metro hesab olunur, taksi və dəmir yolu isə köməkçi vasitə kimi çıxış edir. Tramvayın sistemə daxil olması ilə avtobus, metro, tramvay və dəmir yolu arasında vahid şəbəkələşmə formalaşacaq. Beləliklə, əvvəl üçbucaq şəklində qurulan nəqliyyat sistemi dördbucağa çevriləcək, taksi isə köməkçi rolunu qoruyub saxlayacaq”.

Nigar Orucova, "İki sahil"