11 fevral 2026 11:31
165

Sahibkarlarla dialoq: 140-a yaxın görüş və ictimai müzakirə, 30-dan çox müəssisə ziyarəti

Sahibkarlarla birbaşa ünsiyyətin genişləndirilməsi, ehtiyac və təkliflərinin öyrənilməsi, dövlətin dəstək mexanizmləri və biznes üçün imkanlar barədə məlumatlandırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahəvi görüşlər, maarifləndirmə tədbirləri, ictimai müzakirələr və digər tədbirlər təşkil edir.

“İki sahil” xəbər verir ki, 2025-ci ildə 2800-dən çox sahibkarın iştirakı ilə 130 görüş təşkil olunub. Görüşlərin 111-i sahəvi, 19-u isə maarifləndirmə xarakterli olub. Tədbirlər kənd təsərrüfatı, turizm, sənaye, qida istehsalı, idxal-ixrac, KOB klasterləri, qadın və gənc sahibkarlıq kimi aktual mövzuları əhatə edib. Aidiyyəti dövlət qurumlarının iştirakı ilə keçirilən görüşlər sahibkarların qarşılaşdıqları məsələlərin öyrənilməsi, təkliflərinin qeydə alınması və suallarının operativ cavablandırılması baxımından effektiv platforma rolunu oynayıb. Ötən il KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə 6 ictimai müzakirə təşkil olunub ki, bu tədbirlərdə 400-dən çox sahibkar iştirak edib. Biznes mühitinin yaxşılaşdırılmasına yönələn aktual mövzulara həsr olunmuş ictimai müzakirələr dövlət qurumları, biznes assosiasiyalar və sahibkarlar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə töhfə verib.

Görüşlərdə və ictimai müzakirələrdə qaldırılan bir sıra məsələlərin aidiyyəti qurumlarla birgə həllinə nail olunub, sahibkarların irəli sürdüyü bəzi təkliflər qanunvericilik təşəbbüsləri çərçivəsində nəzərə alınıb. 

Eyni zamanda Agentlik nümayəndələri Bakı və regionlarda fəaliyyət göstərən 30-dan çox istehsal və xidmət müəssisəsində olub ki, bu da real sektorun vəziyyətinin yerində öyrənilməsi, sahibkarların dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması baxımından faydalı olub.