“Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”.
Heydər Əliyev,
Ümummilli lider
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 yanvar 2026-cı ildə yerli televiziya kanallarına verdiyi müsahibəsində dövlətimizin xarici və daxili siyasətinin əsas prioritetlərindən söz açmaqla yanaşı, varlığımız, kimliyimiz, milli-mənəvi sərvətimiz olan dövlət dilimizin – Azərbaycan dilinin saflığının qorunması məsələsinə də toxunmuşdur. Ölkə başçısı bu olduqca vacib və əhəmiyyətli məsələ ilə bağlı demişdir: “Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm”. Ölkə başçısı müsahibəsində dövlət atributlarından biri olan Azərbaycan dilində xarici kəlmələrin işlədilməsi hallarına da öz münasibətini bildirmişdir: “Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş”.
Qeyd etmək lazımdır ki, Azərbaycan dilinin dövlət dili kimi inkişafı və saflığının qorunması məsələsinə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev də böyük əhəmiyyət vermiş və bu istiqamətdə bir sıra fərmanlar imzalamışdır. Ana dilimizin böyük hamisi və qayğıkeşi olan Ulu öndər demişdir: “Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir”. Ulu öndərin layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də milli kimliyimiz, varlığımız, qürur mənbəyimiz olan dilimizin saflığının qorunmasını daima diqqət mərkəzində saxlamış və birbaşa bu məsələ ilə bağlı bir sıra sərəncamlara imza atmışdır.
Dövlətimizin dilimizə göstərdiyi bu cür diqqət və qayğısına baxmayaraq, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, reklamlarda, sosial şəbəkələrdə, internet resurslarında, ayrı-ayrı özəl televiziya kanallarında və mətbuat orqanlarında hələ də ədəbi dilimizin normalarının pozulması, xüsusilə də yerli-yersiz əcnəbi kəlmələrin işlədilməsi hallarına təsadüf edirik. Bu cür xoşagəlməz halların qarşısının alınması və problemin birdəfəlik və kökündən həlli məsələsi bir çoxları kimi bizi də bir ziyalı, dilçi mütəxəssis və ən başlıcası, Azərbaycan vətəndaşı kimi çox düşündürmüş və narahat etmişdir. Hesab edirik ki, bu ciddi problemi aradan qaldırmaq üçün ilk növbədə maarifləndirmə işini gücləndirmək lazımdır. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, onun dili dünyanın ən qədim və zəngin dillərindən biridir. Dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən olan “Kitabi-Dədə Qorqud “ dastanı (Vll əsr) bu dildə yazıya alınmışdır. Eləcə də çoxsaylı və rəngarəng digər folklor nümunələrimiz, İmadəddin Nəsimi və Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və Molla Pənah Vaqif və onlarca söz ustaları bənzərsiz poeziya örnəklərini bu dildə qələmə almışlar.
İkinci bir vacib və əhəmiyyətli məqam: bizim hər birimiz övladlarımızı körpə yaşlarından ana dilimizə sevgi ruhunda böyütməliyik, uşaqlarımızda dilimizə olan məhəbbət duyğularını daha da gücləndirməliyik. Belə yerdə görkəmli ədəbiyyatşünas və maarifçi ziyalı Firidun bəy Köçərlinin aşağıdakı sözlərini yada salmaq yerinə düşər: “Ananın südü bədənin mayası olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir”.
Azərbaycan dili qədimliyi və zəngin söz ehtiyatı ilə yanaşı, həm də ahəngdarlığı və axıcılığı, musiqiliyi və şeiriyyəti ilə dünyanın seçkin dilləri sırasında özünəməxsus yer tutur. Belə bir dili sevməmək və bu dildə danışmağı özünə fəxr və iftixar bilməmək mümkün deyil. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev dilimizin bu özəl keyfiyyətini xüsusi olaraq vurğulayaraq demişdir: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.
Düşünürük ki, xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bu sözləri hamımız üçün nümunə olmalıdır. Hər birimiz ana dilimizi sevməli və bu dildə danışmağımızla fəxr etməliyik. Belə olarsa, ədəbi dilimizin saflığının qorunması ilə bağlı problemlər də aradan qalxar.
Problemin həllinin daha bir yolunu bəzi saytlarda və televiziya kanallarında, eləcə də mətbuat orqanlarında çalışan ayrı-ayrı jurnalistlərin peşəkarlığının artırılmasında görürük. Düşünürük ki, bu sahədə də müəyyən problemlər nəzərə çarpır. Fikrimizə sübut olaraq iki kiçik nümunəni diqqətə çatdırırıq. Son dövrdə bəzi televiziya kanallarının altyazılarında “sabiq” sözü tez-tez gözə dəyir: Sabiq prezident, sabiq nazir, sabiq rəis və s. Fikrimizcə, ərəb mənşəli “sabiq” sözünün mənası ayrılıqda bir çoxları üçün aydın deyil. “Sabiq” sözünün dilimizdə tam qarşılığı var: “keçmiş”. Buna görə də “sabiq” əvəzinə “keçmiş” sözünü işlətmək daha məqsədəuyğundur: keçmiş prezident, keçmiş nazir, keçmiş rəis və s.
Başqa bir nümunə: bir-iki il öncə hansısa bir saytda işləyən xanım mənə zəng edərək hirslə dedi: - Orfoqrafiya lüğətində niyə “misli” sözü yoxdur? Adını unutduğum cavan xanıma (səsindən hiss olunurdu ki, yeniyetmədir) dedim ki, bu sözün kökü “misl” lüğətdə var. “Misli” sözündəki “-i” mənsubiyyət şəkilçisidir. Sözlər lüğətdə kök və başlanğıc forma şəklində verilir. Xanım qız əl çəkməyərək soruşdu: “-i” nə şəkilçisidir? Dedim ki, mənsubiyyət, ya da izafət. Xanım etirazla dedi: -Bəs onda niyə hər yerdə “misli” yazılır?.. Bu məsələdə xanım, doğrudan da, haqlı idi: şəhərdə ayrı-ayrı iaşə obyektlərinin şüşələrində “misli” sözü iri hərflərlə yazılmışdı... Qeyd edək ki, ərəb mənşəli “misl” sözü kimi, bərabər, oxşar, tay deməkdir: misli Koroğlu = Koroğlu kimi; Bunun misli (bərabəri, tayı) yoxdur və s.
Bir neçə il öncə çayxanaların qabağında gözümə dəyən “misli” sözünün mənası, düzü, bizim üçün də bir qədər qaranlıq qaldı. Onu da əlavə edək ki, “misl” sözü daha çox klassik ədəbiyyatda “bərabər” leksik vahidi ilə qoşa işlənir: Dünyada onun misli-bərabəri tapılmaz.
Bu məsələni yada salmaqda əsas məqsədimiz bəzi gənc jurnalistlərin peşəkarlığı və dilbilmə qabiliyyətinin heç də arzuolunan səviyyədə olmamasını diqqətə çatdırmaqdır. Hər halda hesab edirik ki, bu sahədə müəyyən çatışmazlıqlar vardır. Bu problemin həllinə gəldikdə isə düşünürük ki, gənc jurnalistlərin işə qəbulu zamanı onların dilbilmə və peşəkarlıq səviyyəsinin yoxlanılması işin xeyrinə olar. Yeri gəlmişkən onu da qeyd edək ki, dilimizə yatmayan ərəb və fars mənşəli bəzi qəliz sözlərdən yaxa qurtarmağın vaxtı çatmışdır. “Müvəffəqiyyət”, “müqəddimə”, “təxliyə”, “mündəricat”, “naminə” və s. bu qəbildən olan sözlərdir. Onların yerinə “uğur”, “giriş” və ya “ön söz”, “boşaldılma”, “kitabın içindəkilər”, “uğrunda”, “yolunda” sözlərini işlətmək məqsədəuyğundur.
İkinci bir təklif və ya tövsiyəmiz: media işçiləri ilə dilçi mütəxəssislər arasındakı əlaqələr gücləndirilməli, bu yöndə vaxtaşırı müvafiq tədbirlər keçirilməlidir. Hesab edirik ki, bəzi televiziya kanallarına dilçi-üslubçu mütəxəssislərin bu işə cəlb edilməsi də məqsədəuyğun olar.
Problemlə bağlı onu da qeyd etmək lazımdır ki, mövcud çatışmazlıqların kökündə dilçiliyin nitq mədəniyyəti sahəsi üzrə biliklərin yetərincə olmaması dayanır. Buna görə də fikrimizcə, bütün ali təhsil ocaqlarında “Nitq mədəniyyəti” fənninin lazımo səviyyədə tədrisi məqsədəuyğun olar.
Dilimizin saflığının qorunması ilə bağlı daha bir məsələni qeyd etmək istəyirik. Vaxtilə Azərbaycan dövlət televiziyasında, eləcə də İctimai televiziyada “Azərbaycan dili” verilişi fəaliyyət göstərirdi. Həmin verilişləri bərpa etmək və nitq mədəniyyəti məsələlərinə daha geniş yer ayırmaq da sözügedən problemin aradan qaldırılması üçün faydalı olar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2026-cı il tarixdə yerli televiziya kanallarına verdiyi müsahibədə ayrıca yer ayırdığı dilimizin qorunması ilə bağlı məsələyə dair bu kiçik qeydlərimizin sonunda onu da xatırlatmaq, diqqətə çatdırmaq istəyirik ki, dil hər bir xalqın ən böyük milli-mənəvi sərvətlərindən biri sayılır. Bu əvəzsiz milli sərvəti qorumaq, onun keşiyində ayıq-sayıq dayanmaq isə hər bir kəsin, hər birimizin borcudur. Gəlin hamılıqla dilimizi – milli sərvətimizi qoruyaq.
Möhsün Nağısoylu
Azərbaycan Milli Elmlər
Akademiyasının müşaviri,
akademik
Mədəniyyət naziri: Mədəniyyət müəssisələrinə ziyarətçi sayında müsbət artım dinamikası müşahidə olunur
Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisi açılıb
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək