11 fevral 2026 15:21
115

WADA Bakıda keçiriləcək Avropa Regional Simpoziumu ilə bağlı video yayımlayıb

Martın 18-19-da Bakıda keçiriləcək Avropa üzrə Regional Simpoziumla bağlı Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən rəsmi dəvət xarakterli video hazırlanıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) bildirilib ki, videoda yer alan AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə tədbirin əhəmiyyəti, əsas məqsədləri və antidopinq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb, Bakı simpoziumunun Avropa regionu üçün strateji platforma olduğunu diqqətə çatdırıb.

Həmin video WADA-nın rəsmi sosial media kanallarında və rəsmi internet səhifəsində yayımlanıb. Bu paylaşım WADA-nın simpoziuma verdiyi önəmi, şəffaf kommunikasiya siyasətini və qlobal antidopinq ictimaiyyətini tədbirə cəlb etmək istiqamətində apardığı fəal məlumatlandırma fəaliyyətini bir daha nümayiş etdirir.