12 fevral 2026 12:23
90

ABŞ-da idxal rüsumlarından daxilolmalar ilin əvvəlindən 304% artıb

ABŞ-da idxal rüsumlarından dövlət büdcəsinə daxilolmalar cari ilin əvvəlindən etibarən 124 milyard dollara çatıb. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 304% çoxdur.

“İki sahil” xəbər verir ki, bu barədə CNBC telekanalı gömrük statistikasına istinadla məlumat yayıb.

Kəskin artım Donald Tramp administrasiyası tərəfindən tətbiq edilmiş yüksək tariflərlə əlaqələndirilir. Artan rüsum yığımları ABŞ-ın büdcə kəsirinin azalmasına da təsir göstərib. Yanvar ayında büdcə kəsiri 95 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 26% azdır.

Ekspertlər hesab edirlər ki, artırılmış rüsumların təsiri yaxın aylarda da hiss olunacaq. Donald Tramp 2025-ci ilin aprel ayında yeni tariflərin tətbiq olunduğunu elan etmişdi və həmin qərarın fiskal nəticələri hazırda da büdcə göstəricilərində öz əksini tapır.

Hazırda ABŞ Ali Məhkəməsi Donald Tramp tərəfindən tətbiq edilmiş tariflərin böyük hissəsinin hüquqi əsaslı olub-olmamasını araşdırır. İş üzrə dinləmələr noyabr ayında başlayıb. Qərarın yanvar ayında elan ediləcəyi gözlənilsə də, indiyədək yekun qərar qəbul edilməyib.