Azərbaycan və ABŞ-nin "ExxonMobil" korporasiyası arasında əməkdaşlığın prioritetlərini müzakirə edilib.
“İki sahil” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir Mikayıl Cabbarov "ExxonMobil"in qlobal qeyri-ənənəvi kəşfiyyat üzrə meneceri Kit Simpson ilə görüş keçirib. Görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes və investisiya mühiti, eləcə də xarici investorların ölkəmizə artan marağı xüsusi olaraq vurğulanıb.
"ExxonMobil"in "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri BTC kimi layihələrdə uzunmüddətli fəaliyyətindən məmnunluq ifadə olunub. Ölkəmizin neft-qaz potensialının reallaşdırılması istiqamətində SOCAR ilə əməkdaşlığın prioritetləri və Azərbaycanda potensial qeyri-ənənəvi neft ehtiyatlarının qiymətləndirilməsi üzrə görülmüş işlər barədə fikir mübadiləsi aparılıb.
"ExxonMobil" neft və təbii qazın kəşfiyyatı, işlənməsi və hasilatı, həmçinin neft, neft-kimya və xüsusi təyinatlı məhsulların istehsalı, ticarəti və daşınması sahəsində fəaliyyət göstərən iri sənaye şirkətidir. Şirkət enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji keçidinin sürətləndirilməsi məqsədilə daha az emissiya texnologiyalarının inkişafını və tətbiqinə investisiya qoyuluşlarını təşviq edir.