12 fevral 2026 17:11
126

Kənd təsərrüfatında Süni İntellekt layihəsi - Fermerlərin işi asanlaşacaq

Aqrar Süni İntellekt layihəsi kənd təsərrüfatında müasir texnologiyaların tətbiqini genişləndirmək, fermer və sahibkarların qərarvermə proseslərini məlumatəsaslı və daha səmərəli etmək məqsədilə həyata keçirilir. Layihə çərçivəsində torpaq və bitki məlumatlarının analiz edilməsi, iqlim və suvarma göstəricilərinin izlənməsi, eləcə də məhsuldarlığın proqnozlaşdırılması üzrə süni intellekt əsaslı modellərin tətbiqi nəzərdə tutulur.

Bu barədə "İki sahil"ə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib.

Qeyd olunub ki, qeydiyyatdan keçən iştirakçılar layihə üzrə yeniliklər, imkanlar və müvafiq bildirişlər barədə mütəmadi olaraq məlumatlandırılacaqlar.

Həmçinin fermerlər don, xəstəlik, zərərverici, hava məlumatları, suvarma, dərmanlama vaxtları ilə bağlı WhatsApp üzərindən məlumat ala biləcəklər.