13 fevral 2026 11:33
100

Venesuelanın müvəqqəti Prezidenti: Maduro hələ də ölkənin qanuni lideridir

Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodrigez cümə axşamı ABŞ-ın Karakasa nəzarət etdiyi iddiaları fonunda ölkəni özünün idarə etdiyini bildirib.

“İki sahil” xəbər verir ki, Rodrigez “NBC News”a verdiyi açıqlamada bildirib: “Venesuela Konstitusiyasında açıq şəkildə göstərildiyi kimi, ölkədə dövlətin idarə olunmasına mən cavabdehəm. Fəaliyyətimlə bağlı sizə deyə bilərəm ki, bu, olduqca çox ağır işdir və biz vəzifəmizi tam şəkildə yerinə yetirə bilirik”.

Prezident Nikolas Maduro yanvarın əvvəlində ABŞ qüvvələri tərəfindən Nyu-Yorka aparıldıqdan və federal həbsxanada saxlanıldıqdan sonra Rodrigez Prezident Donald Trampın rəhbərliyi altında Vaşinqtonla münasibətləri normallaşdırmaq üçün hərəkətə keçib.

ABŞ-ın energetika naziri Kris Rayt çərşənbə günü ölkənin neft sənayesini qiymətləndirmək və Venesuelanın müvəqqəti hökuməti ilə iqtisadiyyatı canlandırmaq, habelə neft ehtiyatlarını qlobal bazara yenidən inteqrasiya etmək üçün ölkənin enerji sektorunda genişmiqyaslı islahatlar aparmaq üzrə danışıqlar aparmaq məqsədilə Karakasa gəlib.

Rodrigez, həmçinin bildirib ki, Maduro hələ də Venesuelanın qanuni lideridir. O əlavə edib: “Sizə deyə bilərəm ki, Prezident Nikolas Maduro qanuni Prezidentdir. Bunu bir vəkil kimi sizə deyəcəyəm: Prezident Maduro, həm də birinci xanım Siliya Flores günahsızdırlar. Mən ABŞ-a dəvət olunmuşam. Bu əməkdaşlığı qurduqdan sonra oraya getməyi düşünürük”.

Müxalifət lideri Maria Korina Maçadonun Venesuelaya qayıtma ehtimalı ilə bağlı Rodrigez deyib: “Onun həyatı ilə bağlı niyə bu qədər hay-küy olduğunu başa düşmürük. Ölkəyə qayıtdıqdan sonra o, Venesuelaya cavab verməli olacaq ki, niyə hərbi müdaxiləyə, bizə sanksiyalar tətbiq etməyə çağırıb və hansı səbəbdən yanvarın əvvəlində baş verən hadisələri qeyd edib”.