18 fevral 2026 00:15
90

Ömrü uzadan nə dərmandır, nə də pəhriz…

Mütəxəssislər qeyd ediblər ki, müasir dövrdə insanlar uzun və sağlam ömür axtarışını daha çox rəqəmlər üzərindən aparırlar, təzyiq göstəriciləri, xolesterin səviyyəsi, gündəlik addım sayı, yuxu göstəriciləri və nəbz dəyişkənliyi kimi parametrlər əsas meyarlara çevrilib. Lakin nəzərə almaq lazımdır ki, həyatın bütün tərəflərini rəqəmlərlə ölçmək mümkün deyil və minnətdarlıq, təvazökarlıq, bağışlamaq, empatiya, ümid və sevgi kimi emosional faktorlar da sağlamlıq üzərində ciddi təsir gücünə malikdir. 

Həkimlərin fikrincə, Ramazan ayı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki bu dövr yalnız qidalanma məhdudiyyətindən ibarət deyil, həm də metabolik yenilənmə, mənəvi təmizlənmə və iradəni gücləndirmək üçün ideal mərhələdir. Bildirilib ki, düzgün tətbiq edilən oruc insulin müqavimətini azalda, yağ yandırılmasını artıra, iltihabi prosesləri zəiflədə və hüceyrə səviyyəsində təmizlənmə mexanizmi olan autofagiyanı (hüceyrələrin zədələnmiş, köhnəlmiş və ya lazımsız hissələrini (orqanoidləri, zülalları) lizosomlar vasitəsilə parçalayıb məhv etdiyi təbii, nizamlı bir təmizlənmə və yenilənmə prosesi) aktivləşdirə bilər, eyni zamanda, həzm sisteminə istirahət imkanı yaradır. Bununla yanaşı, Ramazanın təsiri yalnız biokimyəvi mexanizmlərlə məhdudlaşmır, yavaşlamaq, qidaları nə yediyinin  fərqində olaraq qəbul etmək, paylaşmaq və şükranlıq hissini gücləndirmək psixoloji tarazlığı dəstəkləyərək stress hormonlarının azalmasına müsbət təsir göstərə bilər. 

Son illərdə ən çox müzakirə olunan sağlamlıq mövzularından biri də D vitamini ilə bağlıdır və həkimlər bildirirlər ki, bu maddə həm geniş maraq doğurur, həm də əksər hallarda düzgün qaydada qəbul edilmir. Qanda 25(OH)D səviyyəsinin 50-100 ng/mL aralığında olması optimal hesab edilir, 50-dən aşağı göstəricilər çatışmazlıq, 100-dən yuxarı isə artıq doza riski kimi qiymətləndirilir. Sağlam yetkin şəxslər üçün gündəlik 1000-2000 IU kifayət sayılır, ehtiyatlar tükənərsə bu miqdar 3000-4000 IU-a qədər artırıla bilər, lakin daha yüksək dozalar həkim nəzarəti olmadan tövsiyə edilmir. Mütəxəssislər qeyd ediblər ki, D vitamini yağda həll olunduğu üçün yağlı qida ilə qəbul edilməlidir və axşam saatlarında qəbulu bəzi insanlarda yuxu pozuntusuna səbəb ola biləcəyi üçün daha çox səhər və ya günorta saatlarına üstünlük verilməlidir və maqnezium çatışmazlığı olduqda vitaminin effektivliyi azalır.

Müasir tibbdə geniş müzakirə olunan digər mövzu isə Ozempik və oxşar GLP-1 agonistləridir. 1990-cı illərdə Prozak depressiyanın bioloji əsaslarını gündəmə gətirdiyi kimi, bu gün Ozempik piylənmənin iradə zəifliyi deyil, hormonal və metabolik mexanizmlərlə bağlı olduğunu göstərən yeni yanaşmanı təmsil edir. Araşdırmalar göstərir ki, əvvəlcə diabet müalicəsi üçün nəzərdə tutulan bu preparatlar beynin mükafat mərkəzinə təsir göstərərək iştahı azalda bilir. Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, bu dərmanlar hər kəs üçün uyğun deyil və yalnız həkim nəzarəti altında istifadə olunmalıdır. Çünki düzgün qidalanma və fiziki aktivliklə müşayiət edilmədikdə əzələ itkisi riski yarana bilər.

Çəkinin idarə olunması ilə bağlı uzun illərdir davam edən kalori və insulin müzakirəsinə gəldikdə isə mütəxəssislər bildirirlər ki, enerji balansı əsas qanundur və sərf ediləndən artıq enerji qəbul edildikdə çəki artımı qaçılmazdır. Lakin insulin hormonu bu enerjinin bədəndə necə və harada saxlanılacağını müəyyənləşdirən əsas tənzimləyicidir. Yüksək insulin səviyyəsi yağ yandırılmasını azalda və depolanmanı sürətləndirə bilər. Buna görə də çəkinin idarə olunması yalnız kalori hesabına deyil, həm də hormon balansına, yuxu keyfiyyətinə, stress səviyyəsinə və əzələ kütləsinə bağlıdır. Nəticə etibarilə, uzun və sağlam ömür təkcə dərmanlar, pəhrizlər və laborator göstəricilərlə müəyyən olunmur. Bu məsələdə psixoloji sabitlik, emosional balans və müntəzəm həyat tərzi dəyişiklikləri ən az biokimyəvi parametrlər qədər əhəmiyyət daşıyır.

Şahnigar Əhmədova, “İki sahil”