19 fevral 2026 23:58
125

Xalqa qələbə sevincini yaşadan qəhrəman

44 günlük yağıya qarşı  haqq  savaşımız  30 illik işğala son qoymaqla Azərbaycanın, eləcə dünyanın hərb  tarixinə qəzıl hərflərlə  yazıldı. Bu şanlı qələbə minlərlə qeyrətli Vətən övladının  canı  bahasına əldə olundu. Məhz  Biləsuvar elinin igid oğlu Xalid Gözəlov da  bu müqəddəs yolda əbədiyyət ulduzuna döndü. O, döyüş meydanında son damla qanına qədər vuruşaraq  doğma Azərbaycan qarşısında borcunu şərəflə, ləyaqətlə  yerinə yetirdi. Bu işıqlı dünyada cəmi 24 il yaşasa da,  yaşının çərçivəsinə  sığmayan qəhrəmanlıqla  gələcək nəsillər üçün də bir örnək oldu.  Xalid cismən aramızda olmasa da, xatirəsi xalqımız tərəfindən daimi əziz tutular.

1996-cı ildə Biləsuvarın Aşağı Cürəli kəndində dünyaya göz açan Xalid Həsən oğlu Gözəlov orta məktəbi bitirib gələcəklə bağlı tükənməz arzularla müstəqil həyata qədəm qoyub.  Doğma yurdunu  azad, xalqını   xoşbəxt görmək onun birinci amalı olub.  Qaldı ki,  yağı dadanmış Vətəninin taleyini daha çox düşünən Xalid hərbiçi peşəni seçməyi özünə  daha müqəddəs bilib. Buna görə də 2012-2016-cı illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb.  Ali məktəbi mükəmməl şəkildə bitirdikdən sonra  Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarda leytenant rütbəsində pilot vəzifəsində  xidmətə başlayıb. İlk gündən Vətənə olan sevgisi, cəsarəti, mərdliyi  ona hörmət qazandırıb. Bir qayda olaraq üzərinə düşən bütün tapşırıqlara vicdanla yanaşıb, onları layiqincə yerinə yetirib.  Azərbaycana qeyrətli oğul olaraq tanınan Xalid 2019-cu ildə baş leytenant rütbəsinə yüksəlib. 

Vətən müharibəsi başlananda Xalid ilk  gündən qanlı  savaşlara atılıb. Qarşına qoyduğu amal da son nəfəsinədək vuruşub əsir düşən  Vətən torpağının hər qarşısını azad görmək olub.  Müharibə meydanında yağı ilə ürəklə döyüşüb, böyük şücaət göstərib.  Qatıldığı döyüşlərdə   erməni dığalarına qan uddurub, onlarla canlı qüvvəsini, neçə-neçə texnikasını məhv edib.  Füzulinin azadlığı uğrunda gedən ölüm-dirim savaşında şəhidlik zirvəsinə ucalıb. Torpağı qan ilə Vətən  edən  igid  baş leytenant  3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni,  "Vətən uğrunda" və digər medallara layiq görülüb.

Beləcə  qısa ömründə böyük şücaətlər göstərən, canını Vətən uğrunda qurban verən  Xalid Gözəlov xalqın ürəyində yaşamaqla, heç vaxt unudulmaz.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü