06 iyul 2026 21:45
113

Bakı-Vaşinqton münasibətləri yüksələn xətlə inkişaf edir

Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyub. Ölkəmizin milli maraqlarının qorunması üçün ABŞ ilə yüksək səviyyədə qurulan münasibətlərin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. 

Prezident İlham Əliyev iyulun 4-də həmkarı Donald Trampa ABŞ-ın müstəqilliyinin 250-ci ildönümü münasibətilə ünvanladığı təbrik məktubunda bildirib ki, Bakı Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq duyaraq iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir. Dövlətimizin başçısı, həmçinin bu ilin fevral ayında imzalanan və iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni mərhələ qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyimi ifadə edib.

2025-ci il avqustun 7-8-də dövlətimizin başçısı İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Bakı-Vaşinqton münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması xüsusi əhəmiyyət kəsb edib. Prezidentlər İlham Əliyev və Donald Tramp arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması ilə əlamətdar olub. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən azərbaycanlı həmkarı İlham Əliyevlə görüş çərçivəsində dayandırılması Donald Trampın həm Azərbaycana, həm də onun liderinə olan hörmətinin göstəricisidir. ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevi bu il 14-15 dekabr tarixlərində Mayamidə keçirilməsi planlaşdırılan G20 Liderlər Sammitinə dəvət etməsi bunun əyani təsdiqidir.

Dövlətimizin başçısının ABŞ-a səfəri çərçivəsində avqustun 8-də Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammitinin keçirilməsi və bu görüşün nəticəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamənin imzalanması sülh sazişinin paraflanmasında və regionda sülhün təmin olunmasında böyük rol oynayıb. Bəyannamədə təsbit olunan “Tramp Rifah və Sülh Marşrutu” ölkəminin başçısının bildirdiyi kimi, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün həm investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaq.

Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və “ExxonMobil” korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənəd şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək və Azərbaycan Respublikasında həm qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini ehtiva edir.

2026-cı il fevralın 10-da Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzanlanması iki ölkə arasındakı münasibətləri institusional və sistemli bir müttəfiqlik səviyyəsinə yüksəltməyə ciddi təkan verir. Sənədin məzmunu əsasən üç fundamental sütun üzərində qurulub: regional bağlantılar, iqtisadi investisiyalar və təhlükəsizlik əməkdaşlığı. Xartiya çərçivəsində Orta Dəhliz və Cənub Qaz Dəhlizi kimi nəqliyyat və enerji layihələri ABŞ-ın siyasi və iqtisadi zəmanəti ilə gücləndirilir. Eyni zamanda, süni intellekt, rəqəmsal infrastruktur və yarımkeçirici istehsalı kimi sahələrdə Amerika texnologiyalarının Azərbaycana transferi üçün yeni imkanlar yaranacaq.

Azərbaycan-ABŞ iqtisadi münasibətləri strateji investisiya və regional əlaqələr üzrə yeni dinamika qazanıb. Azərbaycan-ABŞ arasındakı iqtisadi münasibətləri ikitərəfli əməkdaşlığın vacib komponentlərindən birini təşkil edir. 2025-ci ilin 11 ayında ABŞ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 1 milyard 365 milyon dollar olub. Həmin müddətdə Azərbaycan Birləşmiş Ştatlara 54 milyon 491 min dollarlıq qeyri-neft-qaz məhsulları ixrac edib.

Bütün bunlar ABŞ-Azərbaycan münasibətlərinin gələcəkdə daha da dərinləşməsinə möhkəm zəmin yaradır. Həmçinin yeni mərhələyə qədəm qoyan ABŞ-Azərbaycan münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etdiyini bir daha təsdiq edir.

Zahid Rza, “İki sahil”