06 iyul 2026 20:49
72

Paşinyan yenə də yeni Konstitusiyanın vacibliyindən danışdı - ŞƏRH

Ermənistanın yeni Konstitusiyasının qəbulu hakim "Vətəndaş Müqaviləsi" Partiyasının gündəmində qalır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Günü ilə əlaqədar xalqa müraciətində bildirib.

O, ölkə Konstitusiyasının zamanın çağırışlarına uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb. Paşinyanın sözlərinə görə, Ermənistan müstəqillik əldə etdiyi andan qanunun aliliyi ilə xalqın iradəsi arasındakı üzvi əlaqə pozulub. Buna görə də dövlət vətəndaşların təhlükəsizliyinin və azadlığının təmin edilməsi aləti kimi qəbul olunmayıb. Baş nazir, həmçinin qeyd edib ki, icraedici hakimiyyət 7 iyun 2026-cı il tarixində parlamentə keçirilən növbəti seçkilərdə xalqın dəstəyini qazanmış siyasətin köməyi ilə bu vəziyyətin düzəldilməsi üzərində fəal işləyir. Yeri gəlmişkən, son illərdə Nikol Paşinyan dəfələrlə Ermənistandan yeni Konstitusiyaya ehtiyac duyulduğunu bəyan edib, hətta bunun zəruriliyini də dönə-dönə vurğulayıb.

Prezident Vaaqn Xaçaturyan isə bildirib ki, Konstitusiya zamanla təsdiqlənmiş, sərt bir sənəd olaraq qala bilməz: “O, ictimai münasibətlərin inkişafına, dövlət idarəçiliyinin təkmilləşdirilməsi zərurətinə və ölkəmizdə və dünyada dəyişən reallıqlara cavab vermək üçün daxili canlılığa malik olmalıdır. Belə inkişaf heç vaxt dövlətin təməl prinsiplərindən və təsis dəyərlərindən imtina etmək demək deyil. Əksinə, bu, Konstitusiyanın dəyər əsaslarını qoruyub saxlamağa, onları zamanın tələblərinə və ictimai həyatdakı təbii dəyişikliklərə uyğunlaşdırmağa imkan verir”.

Amma parlament seçkilərinin nəticələrinə narazılıqlarını bildirməkdə davam edən müxalifət partiyaları buna qarşı çıxmaqadırlar. Hətta onların Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı yaydıqları bəyanatda bildirilir ki, hazırkı administrasiya tərəfindən hazırlanan konstitusiya dəyişikliklərini xarici məcburiyyət hesab edərək Ermənistan Respublikasının suverenliyinə birbaşa və dönməz zərbə olan Konstitusiyanın dəyişdirilməsinin qarşısını almaq üçün bütün qanunvericilik, ictimai, həm də siyasi vasitələrdən istifadə edəcəyik. Yeri gəlmişkən qeyd edək ki, iyulun 4-də Ermənistanın Konstitusiya Məhkəməsi müxalifətin 7 iyun parlament seçkilərinin yekunları ilə əlaqədar iddialarını rədd edib. Bununla da Konstitusiya Məhkəməsi Ermənistan Mərkəzi Seçki Komissiyasının səsvermənin nəticələri barədə qərarını qüvvədə saxlayıb.

Məlumat üçün bildirək ki, səsvermənin rəsmi yekunlarına görə, Paşinyanın lideri olduğu "Vətəndaş Müqaviləsi" partiyası seçicilərin 49,83% səsini toplayıb ki, bu da ona təkbaşına hökumət formalaşdırmaq hüququ verir. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku səslərin 23,2 faizini, keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku isə 9,9 fiaizini toplayıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası isə 3,9 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib. Xatırladaq ki, Samvel Karapetyanın lideri olduğu “Güclü Ermənistan”, keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokları, Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası və digər müxalif partiyalar iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrini ləğv etmək və ya ikinci tur təyin etmək tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət etmişdilər.

Bir məsələni də xüsusi vurğulayaq ki, ölkəmizə qarşı ərazi iddialarının yer aldığı Ermənistanın hazırkı Konstitusiyasında müəyyən dəyişiklilərin edilməsi sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın prinsipial təməl şərtidir. Bunun üçün isə referendum keçirilməlidir. Əgər Er­mənistan həqiqətən də Azərbaycanla normal sülh əlaqələri qurmaq istəyirsə ölkəmizə qarşı ərazi iddialarından imtina etməli və bunu hüquqi müstəvidə rəsmiləşdirməlidir. Cənubi Qafqazda yeni reallıqlar yaratmış Azərbaycan dəfələrlə bu məsələnin zəruriliyi ilə bağlı öz mövqeyini açıqlayıb. 

Qvami Məhəbbətoğlu, “İki sahil”