Astana Dostluq Evində “Xəzər” etnomədəniyyət birliyinin və onun gənclər qanadının iştirakı ilə Konstitusiya islahatları və Qazaxıstanın yeni Konstitusiyasının layihəsi müzakirə olunub.
“İki sahil” xəbər verir ki, natiqlər bu islahatların həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
Birliyin sədri Mahir Rzayev həmvətənlərini qarşıdan gələn referendumda fəal iştirak etməyə çağırıb. O, yeni Konstitusiyanın qəbulunu ölkə üçün mühüm tarixi hadisə adlandırıb və hər bir vətəndaşın bu prosesə töhfə verməli olduğunu vurğulayıb. M.Rzayev bildirib ki, Azərbaycan icması həmişə Qazaxıstanda birliyin və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş hökumət təşəbbüslərini dəstəkləyib.
İctimai xadim və yazıçı Madi Raimov Qazaxıstan Konstitusiyasının qəbul edilməsinin tarixindən danışıb.
Qonaq qismində iştirak edən azərbaycanlı politoloq və tarixçi Rizvan Hüseynov gənclərin konstitusiya islahatlarında iştirakının və gənc nəslin fəal ictimai-siyasi mövqeyinin vacibliyini qeyd edib. “Onlar ölkənin gələcəyidir”, - deyə o, vurğulayıb.
Xatırladaq ki, martın 15-də Qazaxıstanda yeni Konstitusiya layihəsi ilə bağlı ümumxalq referendumu keçiriləcək. Konstitusiya İslahatları Komissiyası 12 açıq iclas keçirib. Yeni Konstitusiya layihəsi ilə bağlı vətəndaşlardan təxminən 10 min təklif daxil olub. Layihədə “Qazaxıstanın vahid xalqı” ifadəsi istifadə olunur, bu da ölkədə yaşayan 100-dən çox etnik qrupun və təxminən 20 dini konfessiyanın birliyini qanunvericilik səviyyəsində təsbit edir.