24 fevral 2026 10:50
100

“Gəncə” basketbol klubunun baş məşqçisi: Oyun planına sadiqlik bizə kuboku qazandırdı

Qələbədən sonra özümüzü çox xoşbəxt hiss edirik. Xüsusilə şəxsi olaraq çox sevincliyəm, komandam adına isə böyük qürur hissi keçirirəm.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Kubokunun qalibi olan “Gəncə” basketbol komandasının baş məşqçisi Halil Atlı deyib.

Mütəxəssis komandasının artıq ikinci mövsümdür ardıcıl olaraq ölkə kubokunun finalında çıxış etdiyini xatırladıb: “Keçən il kuboku qazanmaq şansımız daha yüksək görünürdü. Lakin NTD ilə final qarşılaşmasında iki uğursuz zədə yaşadıq və bu, matçın ikinci hissəsinə ciddi təsir göstərdi. Həmin anlar görüşün gedişatını dəyişdi və təəssüf ki, kubok bizə qismət olmadı”.

Baş məşqçi bu mövsüm daha çətin və ağır yol keçdiklərini vurğulayıb: “1/4 finalda “Neftçi”ni mübarizədən kənarlaşdırdıq. Yarımfinalda “Şəki”yə qarşı üstün oyun nümayiş etdirərək finala vəsiqə qazandıq. Həlledici raundda isə liqanın ən güclü komandası olan “Sabah”la qarşılaşdıq və onları 89:82 hesabı ilə məğlub edərək kuboku qazandıq. Düşünürəm ki, bu qələbəyə çox layiq idik. Müəyyən məqamda 11 xala qədər geriyə düşdük. Amma hesab edirəm ki, bu fərq bir qədər süni idi. Çünki oyun planımızdan uzaqlaşmadıq. Oyunçular plana sadiq qaldılar. Rotasiya ilə bağlı qurduğumuz sistemi səbir və intizamla davam etdirdik, oyunun içində qalmağı bacardıq. Rəqibin zəif tərəflərindən düzgün istifadə edərək fərqi azaltdıq və nəticədə qələbə qazandıq. Xüsusilə üçüncü hissədə kritik epizodlardan maksimum yararlandıq, son hissədə isə hesab baxımından daha üstün performans nümayişe etdirdik”.

O, kuboku Gəncə azarkeşlərinə həsr etdiklərini söyləyib: “Azarkeşlərimiz bizi hər zaman, hər şəraitdə dəstəkləyirlər. Matçdan sonra görüntülü zəng edərək təbrik edən azarkeş qrupları da oldu. Finalda bizi tək qoymadılar, buraya qədər gəlib dəstək oldular. Bu qələbəni Gəncə azarkeşlərinə və bütün Gəncə xalqına həsr edirik”.

Halil Atlı artıq əsas diqqəti çempionata yönəltdiklərini qeyd edib: “Kubokdan sonra əsas hədəfimiz liqaya tam köklənməkdir. Çempionatda bu günə qədər heyətini dəyişməyən yeganə komanda bizik və bu, bizim üçün böyük üstünlükdür. Mövsümün əvvəlində verdiyimiz qərarların nə qədər doğru olduğunu indi daha aydın görürük. Komanda sabitliyinin nəticəsini meydanda hiss edirik. Bundan sonrakı mərhələdə bütün diqqətimizi liqaya yönəldəcəyik. Məqsədimiz oyun-oyun irəliləmək və mövsümü mümkün olan ən yaxşı nəticə ilə başa vurmaqdır”.