24 fevral 2026 14:41
209

Vüqar Rəhimzadə: Xocalı soyqırımı bəşər tarixinin ən qanlı cinayətlərindəndir

Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində misli görünməmiş vəhşilik aktıdır. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi bəşər tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Faciə günü Xocalı şəhərini tərk edən əhali ermənilər tərəfindən pusquya salınaraq qətlə yetirildi və girov götürüldü. Amansız hücum başladıqdan sonra Xocalıda qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdi. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda təqibdən gizlənən zaman donvurma nəticəsində həlak oldular. Bu soyqırımı nəticəsində  63-ü uşaq, 106-sı  qadın, 70-i ahıl olmaqla  613 nəfər öldürüldü. 8 ailə tamamilə məhv edildi.  56 nəfər xüsusi qəddarlıqla öldürüldü. 487 insan əlil oldu, 1275 insan əsir götürüldü. 1165 nəfəri daha sonra girovluqdan azad etmək mümkün olub. 150 nəfərin taleyi barədə indiyə kimi heç bir məlumat yoxdur.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, Xocalıya qədər də ermənilər Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişdilər. Belə ki,  1991-ci ilin oktyabr ayının sonundan Xocalıya gedən bütün avtomobil yolları bağlanmış və şəhər mühasirəyə alınmışdı. Yanvar ayından  Xocalıya elektrik enerjisi də verilmirdi. Bu yaşayış məntəqəsinin Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmişdi, yeganə nəqliyyat vasitəsi yalnız vertolyot idi. 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotu Xəlfəli kəndinin üzərində Xankəndi istiqamətindən atılan raketlə partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu kəndləri, Kərkicahan qəsəbəsi və digər strateji əhəmiyyətə malik yaşayış məntəqələrimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi. 1992-ci il fevralın 12-də Şuşanın Malıbəyli və Quşçular kəndlərində törədilmiş qarət və qırğınlar nəticəsində təkcə Malıbəyli kəndində 50 nəfər öldürüldü, onlarla insan yaralandı və girov götürüldü. Həmin il fevralın 17-də Ermənistan silahlı qüvvələri və Xankəndidəki 366-cı motoatıcı alayı Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qırğın nəticəsində kəndin hər 10 sakinindən biri şəhid olub. 104 nəfər və müdafiə dəstəsinin 15 üzvü əsir götürülüb, onlardan 80 nəfəri qətlə yetirilib. Öldürülənlərdən 10-u qadın, 8-i uşaqdır. Ümumilikdə, Qaradağlı 1988-1992-ci illərdə 305 dəfə düşmən hücumuna məruz qalmışdı. Bu, Xocalı faciəsinə aparan yolun başlanğıcı idi. Qaradağlı faciəsinə amansızlığın miqyasına görə “ikinci Xocalı” da deyirlər. Bunlar tariximizin faciəli səhifələridir. Onlar unudulmamalı və gələcək nəsillərə çatdırılmalıdır. Başımıza gətirilən bu faciələr xalqımızı heç zaman sındırmadı, iradəmizə heç bir təsir göstərmədi. Əksinə daha da bütövləşdik, mətinləşdik, gücləndik.

  Vüqar Rəhimzadə qeyd edib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni bir mərhələ başladı. Bu qayıdış Azərbaycanın bütün sahələrdə uğurlu inkişafına yol açdı, Azərbaycan yenidən quruldu. Müstəqilliyimizin  bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin yarıtmaz siyasəti, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları nəticəsində baş verən təhlükələrin, faciələrin qarşısı alındı, həqiqətlərimizin, o cümlədən XX əsrin ən dəhşətli soyqırımı aktı olan Xocalı qətliamının əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etdi. Ümummilli Liderin  25 fevral 1997-ci il tarixli Sərəncamı  ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan  ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi.

Millət vəkili bildirib ki, son 22 ildən artıq dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu  Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində  ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da gücləndirib. Belə ki, kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. “Xocalıya ədalət” kampaniyasının strateji məqsədləri Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, vurulmuş ziyana  görə tam olaraq kompensasiyanın ödənilməsi, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması, Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması, faciə qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasıdır.

Vüqar Rəhimzadə vurğulayıb ki, həqiqətlərimizin təbliği istiqamətində atılan addımların nəticəsidir ki, Xocalı soyqırımı ilə bağlı artıq 18 ölkənin qanunverici orqanı, həmçinin ABŞ-ın 24 ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılıb. Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur. Dövlət başçısı İlham Əliyevin “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamı,  2024-cü ilin 26 fevral tarixində Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin təməlqoyma mərasiminin keçirilməsi də bu məqsədə xidmət edir. Memorialda  faciə ilə bağlı sənədli filmlər, Xocalı həqiqətləri barədə videomateriallar nümayiş olunacaq. Eyni zamanda, Xocalının işğaldan azad olunması və cinayətkarların cəzalandırılması istiqamətində görülən tədbirlər barədə məlumatlar yer alacaq.

Milli Məclisin deputatı qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi erməni vəhşiliyinin təqdimatında öz sözünü dedi. Döyüş meydanında Azərbaycan əsgərinin qarşısında aciz qalan Ermənistan silahlı qüvvələri  hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda yerləşən yaşayış məntəqələrimizi raket atəşinə tutdu. Nəticədə aralarında uşaqların, qadınların da olduğu dinc sakinlər həlak oldu. Gəncəyə, Bərdəyə, Tərtərə, Naftalana və digər yaşayış məntəqələrimizə atılan raketlər erməni faşizminin nə qədər təhlükəli olduğunu bir daha göstərdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə  44 gündə Zəfər tarixini yazdı. Torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa olundu.  2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal xarakterli  antiterror tədbirləri nəticəsində  suverenliyimiz tam bərpa edildi, Azərbaycanın həyatında yeni dövr başladı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaltdı. Azərbaycan bu Zəfərləri ilə yeni reallıqlar yaratdı. Hazırda bu reallıqlar əsasında azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparılır, eyni zamanda, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan sülh gündəliyinin müəllifi kimi diqqətdədir. Bu gün bütün azad edilmiş torpaqlarımız, o cümlədən Xocalı həyatının yeni dövrünü yaşayır. 2024-cü il mayın 28-də Xocalı şəhərinə ilk köç karvanı yola salındı.  Bu qayıdış hər birimizdə böyük qürur hissi yaratdı. Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva  Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər. Prezident İlham Əliyev həmin görüşdə bir daha bildirdi ki, bu gün bax, burada – Xocalıda, - cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda, - görüşməyimiz əlbəttə ki, xüsusi məna daşıyır. Məhz Müstəqillik Günündə mən sizinlə yenidən görüşmək istəmişəm. Üç ay bundan əvvəl - fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda Memorial Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır və şəhər də göz oxşayır.

Xocalı şəhəri və rayonun kəndlərinin məskunlaşması davam edir. 2026-cı il 19 yanvar tarixinə qədər Xocalı şəhəri və kəndlərinə 881 ailə, 3.602 nəfər köçürülüb. Ötən il dövlətimizin başçısı Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdü və bir daha vurğuladı ki, siz və sizin davamçılarınız  doğma Qarabağ diyarında artıq əbədi yaşayacaqsınız. Bu, ədalətin təntənəsidir. Biz ədaləti bərpa etdik, ilk növbədə, öz haqqımızı bərpa etdik, erməni işğalına son qoyduq. Uzun illər köçkün həyatı yaşamış insanlar ən gözəl şəraitə layiqdirlər: “Mən xatırlayıram, o vaxt işğal dövründə köçkünlərlə çoxsaylı görüşlərimdə deyirdim ki, sizin üçün dövlət şərait yaratmağa çalışır və biz bunu etmişdik. Təqribən 300 minə yaxın keçmiş köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdi. Ancaq hər dəfə çadır şəhərciyinin açılışında deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Qarabağ azad olunandan sonra sizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq, o da oldu. Əlbəttə ki, bütün dünya bu gün Azərbaycan haqqında danışır. Öz doğma torpağı uğrunda Azərbaycan qədər vuruşan, döyüşən, qan tökən, şəhid verən və qalib gələn ikinci ölkə yoxdur.”