Qeyri-müntəzəm daşımalar artıq nəzarətdə
Milli Məclis “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təsdiqləməklə bu sektorda növbəti islahat mərhələsinə start verib. Fevralın 24-də keçirilən plenar iclasın gündəliyinə daxil edilən sənəd ölkədaxili sifarişli daşımalar sahəsində hüquqi mexanizmlərin daha da təkmilləşdirilməsini nəzərdə tutur və xüsusilə qeyri-müntəzəm sərnişin daşımaları istiqamətində mövcud boşluqların aradan qaldırılmasına yönəlib.
Son illər avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə həyata keçirilən islahatlar nəticəsində xidmət keyfiyyəti və idarəetmə mexanizmləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Lakin bazarda qeyri-müntəzəm daşımaların həcminin artması, eyni zamanda, bu nəqliyyat vasitələrinin iştirakı ilə ağır yol-nəqliyyat hadisələrinin qeydə alınması əlavə tənzimləmələrə ehtiyac yaradıb. Məhz bu zərurətdən irəli gələrək qanun layihəsində icazə mexanizmlərinin sərtləşdirilməsi və konkret sığorta tələblərinin müəyyənləşdirilməsi təklif olunur.
Layihəyə əsasən, qeyri-müntəzəm sərnişin daşımaları, eləcə də müntəzəm beynəlxalq və şəhərlərarası daşımalar üzrə fəaliyyət göstərmək istəyən daşıyıcılardan bir sıra icbari sığortaların mövcudluğunu təsdiq edən sənədlər tələb ediləcək. Buraya sərnişinlərin fərdi qəza sığortası, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, həmçinin sürücülərin peşə əmək qabiliyyətinin itirilməsi halları üzrə icbari sığorta daxildir. Bununla yanaşı, qeyri-müntəzəm sərnişin daşımalarını həyata keçirən nəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı da müvafiq standartlara uyğunlaşdırılacaq.
Təklif olunan dəyişikliklər ümumilikdə sərnişin və yük daşımalarında təhlükəsizlik səviyyəsinin artırılmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və sığorta mexanizmlərinin real işlək alətə çevrilməsinə xidmət edir. Əsas məqsəd odur ki, yol-nəqliyyat hadisələri zamanı zərərçəkənlərin, xüsusilə sərnişinlərin hüquqları daha etibarlı şəkildə qorunsun və onların həyat və sağlamlığına dəyən zərər üzrə sığorta təminatı tam şəkildə təmin edilsin.
Rəqabət, qayda və məsuliyyət

“İki sahil”ə açıqlamalarında mövzunun müxtəlif aspektlərini dəyərləndirən mütəxəssislər qanun layihəsinə fərqli prizmadan yanaşırlar. Nəqliyyat üzrə ekspert Aslan Əsədov dəyişikliklərin daha çox bazarda nizam-intizamın və rəqabət balansının təmin olunmasına xidmət etdiyini vurğuladığı halda, digər ekspert Eldəniz Cəfərov məsələyə təhlükəsizlik və sığorta mexanizmlərinin gücləndirilməsi baxımından yanaşaraq yeni tələblərin sərnişinlərin hüquqlarının qorunmasında mühüm rol oynayacağını qeyd etdi.
Aslan Əsədov bildirdi ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna təklif olunan dəyişikliklər ilk növbədə müntəzəm və qeyri-müntəzəm sərnişindaşıma fəaliyyətinin daha dəqiq şəkildə tənzimlənməsinə xidmət edir. İndiyə qədər bu iki fəaliyyət növü arasında müəyyən qarışıqlıq və qeyri-bərabər rəqabət mühiti mövcud idi. Xüsusilə qeyri-müntəzəm daşıyıcıların faktiki olaraq müntəzəm marşrut prinsipi ilə işləməsi həm avtovağzalların, həm də rəsmi daşıyıcıların fəaliyyətinə müəyyən dərəcədə maneələr yaradırdı. Bu baxımdan dəyişiklikləri bazarda nizam-intizamın gücləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirmək olar.
Eyni zamanda, bu yeniliklər qeyri-müntəzəm daşıyıcıların fəaliyyətinin tam məhdudlaşdırılması anlamına gəlmir. Əgər onların xidməti vətəndaşları qane edir və qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil olunursa, fəaliyyətlərini davam etdirmələri üçün hüquqi mexanizmlər mövcud olmalıdır. Sadəcə olaraq, bütün iştirakçılar üçün vahid qaydaların tətbiqi və bərabər rəqabət mühitinin formalaşdırılması əsas məqsəd kimi görünür.
Təhlükəsizlik prioritetə çevrilir
Dəyişikliklərin mühüm istiqamətlərindən biri təhlükəsizlik məsələsidir. İcbari sığorta, məsuliyyət mexanizmləri və texniki tələblərin sərtləşdirilməsi sərnişinlərin hüquqlarının və təhlükəsizliyinin daha effektiv qorunmasına xidmət edə bilər. Xüsusilə sərnişindaşıma üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin qanuni şəkildə qeydiyyata alınması, texniki baxışdan keçməsi və müvafiq icazələr əsasında fəaliyyət göstərməsi risklərin azalmasına səbəb olacaq. Bu isə real təhlükəsizlik artımı deməkdir.
Digər tərəfdən, yeni tələblər daşıyıcılar üçün müəyyən əlavə xərclər və inzibati öhdəliklər yarada bilər. Sığorta haqları, lisenziya prosedurları və digər normativ tələblər xüsusilə kiçik sahibkarlar üçün ilkin mərhələdə çətinlik kimi görünə bilər. Lakin uzunmüddətli perspektivdə bu tənzimləmə bazarın şəffaflaşmasına, rentabelliyin artmasına və xidmət keyfiyyətinin yüksəlməsinə gətirib çıxara bilər.
Ümumilikdə, təklif olunan dəyişikliklər sərnişindaşıma sektorunda daha sistemli və vahid yanaşmanın formalaşdırılmasına yönəlib. Əsas məqsəd qeyri-müntəzəm fəaliyyət göstərən daşıyıcıların tədricən hüquqi çərçivəyə daxil edilməsi, müntəzəm daşımaların gücləndirilməsi və bazarda sağlam rəqabət mühitinin təmin olunmasıdır. Bu proses düzgün və mərhələli şəkildə həyata keçirilərsə həm sərnişin təhlükəsizliyi artar, həm də nəqliyyat sektorunda idarəetmə daha effektiv hala gələr.
Qəzalardan dərs çıxaran hüquqi mexanizm

Eldəniz Cəfərov isə qeyd etdi ki, təklif olunan dəyişikliklər ilk növbədə sərnişinlərin təhlükəsizliyinin təmin olunmasına və qəza hallarında onların sığorta təminatının gücləndirilməsinə yönəlib. Layihənin əsas mahiyyəti ondan ibarətdir ki, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri və daşıyıcılar üçün daha konkret və aydın tələblər müəyyənləşdirilsin. Xüsusilə qeyri-müntəzəm daşımalarda istifadə olunan nəqliyyat vasitələrinə dair standartların müəyyən edilməsi mühüm yeniliklərdən biridir. Bu standartlara cavab verən nəqliyyat vasitələri fəaliyyət göstərə biləcək, yararsız və texniki baxımdan uyğun olmayan avtomobillərin isə sərnişindaşıma prosesinə cəlb olunmasının qarşısı alınacaq.
Bu günə qədər qeyri-müntəzəm daşımalarda, xüsusilə turistik və sifarişli səfərlər zamanı baş verən bəzi qəzalar göstərib ki, bəzən sərnişin daşınması üçün uyğun olmayan nəqliyyat vasitələri qeyri-qanuni şəkildə fəaliyyət göstərib. Nəticədə qəza baş verdikdə məlum olub ki, həmin avtomobil nə texniki tələblərə cavab verir, nə də sərnişinlər sığortalanıb. Bu isə günahsız sərnişinlərin müalicə və digər xərclərinin qarşılanmasında ciddi problemlər yaradıb.
Yeni dəyişikliklər məhz bu boşluqları aradan qaldırmağa xidmət edir. İcbari sığorta mexanizmlərinin tətbiqi və nəqliyyat vasitələrinə dair konkret tələblərin müəyyən edilməsi sərnişinlərin həyat və sağlamlığı üçün əlavə təminat yaradır. Bu, bir növ sərnişinlərin təhlükəsizliyinə dövlət zəmanətinin gücləndirilməsi deməkdir.
Təbii ki, yeni qaydalar daşıyıcı şirkətlər üçün müəyyən əlavə öhdəliklər və məsuliyyət yarada bilər. Lakin bu öhdəliklər bazarda keyfiyyətli və təhlükəsiz xidmət göstərən daşıyıcıların maraqlarına da uyğundur. Çünki vahid standartların tətbiqi qeyri-qanuni və məsuliyyətsiz fəaliyyət göstərən subyektlərin bazardan sıxışdırılmasına, rəqabətin daha sağlam əsasda qurulmasına şərait yaradır.
Ümumilikdə, dəyişiklikləri sərnişinlərin həyat və sağlamlığının qorunmasına yönəlmiş zəruri və vaxtında atılmış addım kimi qiymətləndirmək olar. Əsas məqsəd odur ki, sərnişindaşıma sahəsində fəaliyyət göstərən bütün tərəflər məsuliyyətlərini dərk etsinlər və bu sahədə təhlükəsizlik prioritet prinsipə çevrilsin.
Nigar Orucova, "İki sahil"