Almaniya parlamenti (Bundestaq) sığınacaq siyasətinin sərtləşdirilməsi və eyni zamanda, sığınacaq axtaran şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması barədə qərar qəbul edib.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, qərar qeyri-qanuni miqrasiyanı məhdudlaşdırmaq və prosesi daha sistemli şəkildə tənzimləmək məqsədilə Avropa İttifaqının sığınacaq sistemi üzrə islahatının (GEAS) Almaniya qanunvericiliyinə inteqrasiyasını nəzərdə tutur. Qərarla GEAS-ın Almaniyada tətbiqi çərçivəsində federal əyalətlərə yeni sığınacaq mərkəzləri yaratmaq imkanı veriləcək. Bu mərkəzlərdə sığınacaq müraciətinə görə əslində Aİ-nin digər üzv dövlətinin məsuliyyət daşıdığı şəxslər məcburi qaydada qalmalı olacaqlar.
Bundan əlavə, Almaniyada qalmaq perspektivi olan sığınacaq axtaranlara üç aydan sonra işləmək icazəsinin verilməsi planlaşdırılır. Hazırda isə qəbul mərkəzində qalan şəxslər üçün altı aylıq əmək qadağası tətbiq olunur.
Parlamentdə keçirilən müzakirələrdə Yaşıllar və Sol Partiya islahatı kəskin tənqid edib. Almaniya üçün Alternativ (AfD) partiyası isə sərtləşdirmələri yetərsiz hesab edib. Koalisiya hökumətində yer alan partiyalar - Xristian Demokratlar İttifaqı (CDU), Xristian Sosialistlər İttifaqı (CSU) və Sosial Demokratlar Partiyası (SPD) isə qərarın lehinə səs veriblər.
Qeyd edək ki, Almaniyada ilk dəfə sığınacaq üçün müraciət edənlərin sayı 2023-cü ilin payızından etibarən azalmaqdadır. 2024-cü ildə təxminən 230 min ilkin müraciət qeydə alındığı halda, ötən il bu rəqəm 113 minə enib. Bu azalmaya daxili sərhəd nəzarətinin gücləndirilməsi ilə yanaşı, 2024-cü ilin dekabrında Suriyada baş verən hakimiyyət dəyişikliyinin də təsir etdiyi bildirilir.