Madridin 50 saylı İstintaq Məhkəməsi La Liga və Telefonica şirkətinin Cloudflare xidmətinə qarşı qaldırdığı iddianı icraata qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
İddiaçılar Cloudflare-i İspaniya futbol çempionatının yüksək divizion matçlarının qeyri-qanuni yayımlarının yayılmasına şərait yaratmaqda ittiham edirlər. Onların qiymətləndirməsinə görə, cavabdehin fəaliyyəti nəticəsində hər il təxminən 859 milyon avro məbləğində zərər dəyir. İş üzrə ilk məhkəmə iclası 7 aprel tarixinə təyin olunub.
Məlumata görə, Cloudflare və şirkətin həmtəsisçisi və baş icraçı direktoru Matthew Prince barəsində ağırlaşdırıcı hallarla əqli mülkiyyətin mənimsənilməsi ittihamı irəli sürüləcək.
İddiaçı tərəfin bildirdiyinə görə, digər hostinq provayderləri qeyri-qanuni məzmun yerləşdirən IP ünvanlarını müəyyən edərək blokladıqları halda, Cloudflare əməkdaşlıqdan imtina edib. La Liga və Telefonica qeyd edir ki, onlar daha əvvəl qeyri-qanuni kontentin bloklanması ilə bağlı 100-dən çox sorğu göndəriblər. Lakin şirkət məhkəmə qərarlarına baxmayaraq həmin müraciətləri yerinə yetirməyib.
Bununla yanaşı, təxminən iki həftə əvvəl Cloudflare La Liga-nın əvvəlki məhkəmə qələbələrindən birinə etiraz edib. Amerika şirkəti iddia edir ki, liqaya “seçimsiz veb-sayt bloklaması” təşəbbüsü irəli sürməyə imkan verən qərar ləğv edilməlidir.
El Pais qəzeti yazıb ki, futbol sahəsində piratçılıqla mübarizənin nəticəsi olaraq İspaniya istifadəçiləri minlərlə qanuni veb-sayta çıxışı itiriblər.