Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasındakı çıxışı Azərbaycanın enerji siyasətinin yeni mərhələsini siyasi-strateji baxımdan sistemli şəkildə ortaya qoydu. Dövlət başçısının çıxışının ana xətti praqmatizm, şaxələndirmə, dayanıqlı tərəfdaşlıq və enerji təhlükəsizliyinin geosiyasi reallıqlar fonunda yenidən qiymətləndirilməsi idi.
Cənab Prezident çıxışında xüsusi olaraq vurğuladı ki, enerji təhlükəsizliyi artıq təkcə milli məsələ deyil, kollektiv təhlükəsizlik məsələsidir. Son 12 ilin mürəkkəb geosiyasi prosesləri fonunda birlikdə qərar qəbul etməyin və enerji məsələlərini dialoq yolu ilə həll etməyin əhəmiyyəti daha aydın görünür.
Bu platformanın davamlı fəaliyyəti Azərbaycanın təşəbbüskar və etibarlı tərəfdaş imicini möhkəmləndirib. İstehsalçı, tranzit və istehlakçı ölkələr arasında formalaşmış qarşılıqlı fayda modeli artıq regional deyil, qlobal enerji təhlükəsizliyinin elementinə çevrilib.
Azərbaycan hazırda 16 ölkəyə qaz tədarük edir və boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünya miqyasında lider mövqedədir. Xüsusilə Avropa bazarında mövcudluq genişlənməkdədir, artıq Almaniya və Avstriya da Azərbaycan qazının idxalçıları sırasına qoşulub və nəticədə Avropa İttifaqının 10 üzv dövləti Azərbaycanla enerji tərəfdaşlığı qurub.
Bununla yanaşı, ölkəmizin qaz ixracının Avropa hüdudlarından kənara çıxaraq Suriya istiqamətinə yönəlməsi humanitar və geosiyasi məna daşıyır. 1,5 milyard kubmetr həcmində qaz tədarükü həmin ölkədə elektrik enerjisi qıtlığının azaldılmasına xidmət edir. Bu addım enerji diplomatiyasının sosial məsuliyyətlə uzlaşdırılmasının nümunəsi kimi qiymətləndirilə bilər.
Şaxələndirmə siyasəti yalnız istehlakçı ölkələr üçün deyil, istehsalçı Azərbaycan üçün də strateji prioritetdir. Yeni bazarlara çıxış və mövcud infrastrukturun genişləndirilməsi zərurəti artıq qaçılmaz mərhələyə keçib, çünki Cənub Qaz Dəhlizi tam yüklənmiş vəziyyətdədir.
Yaxın illərdə bir neçə mühüm yataqda hasilatın artımı planlaşdırılır. “Azəri-Çıraq-Günəşli”nin dərin qaz layları, “Abşeron” yatağının tammiqyaslı işlənməsi, “Ümid” yatağının ikinci mərhələsi və xüsusilə “Şahdəniz” layihəsinin yeni mərhələsi Azərbaycanın qaz potensialını əhəmiyyətli dərəcədə artıracağı proqnozlaşdırılır.
Şahdəniz yatağında 2028-ci ildən etibarən yeni mərhələ üzrə hasilatın başlanması gözlənilir. Ümumilikdə, maksimum istehsal səviyyəsində əlavə 10–15 milyard kubmetr qazın əldə olunması mümkün olacaq. Bu isə həm Avropa bazarında mövqelərin möhkəmləndirilməsi, həm də yeni istiqamətlərin açılması üçün strateji imkan yaradır.
Məşvərət Şurası çərçivəsində müzakirə olunan əsas istiqamətlərdən biri də yaşıl enerji gündəliyidir. Azərbaycanın enerji strategiyası təkcə karbohidrogen ixracına deyil, paralel olaraq alternativ enerji mənbələrinin sürətli inkişafına əsaslanır.
Regionun ən böyük – 240 meqavat gücündə külək elektrik stansiyası ACWA Power tərəfindən reallaşdırılıb. Bundan əlavə, 230 meqavatlıq günəş elektrik stansiyası Masdar tərəfindən inşa edilib.
Hədəf 2032-ci ilə qədər 6–8 giqavat alternativ enerji istehsalına nail olmaqdır. Bu, artıq sadəcə memorandumlar deyil, hüquqi öhdəliklərə əsaslanan müqavilələr çərçivəsində həyata keçirilir. Məqsəd daxili qaz istehlakını azaltmaq, azad olunan qaz həcmlərini ixraca yönəltmək və iqtisadiyyatın yeni sahələrini – o cümlədən süni intellekt və data mərkəzlərini – enerji ilə təmin etməkdir. Azərbaycanın enerji strategiyası qlobal güc mərkəzləri ilə tərəfdaşlıq kontekstində də gücləndirilir. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası enerji, bağlılıq və yüksək texnologiyalar sahəsində əməkdaşlığı yeni mərhələyə daşıyır. Dünyanın ən qüdrətli dövləti ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarının gerçəkləşməsini daha real və institusional təminatlı edir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə 307 meqavat gücündə hidroelektrik stansiyaların istismara verilməsi və bu göstəricinin yaxın illərdə ikiqat artırılması planı yaşıl enerji portfelinin şaxələndirilməsinə xidmət edir.
Azərbaycan artıq yalnız ixracatçı deyil, həm də enerji aktivlərinə sahib olan regional oyunçuya çevrilir. Türkiyədə 870 meqavat gücündə elektrik stansiyasının əldə olunması, Serbiyada 500 meqavatlıq stansiyanın inşasına dair razılaşma və İtaliyada 10 milyon ton emal gücünə malik iki neftayırma müəssisəsinin alınması enerji diplomatiyasının iqtisadi alətlərlə gücləndirilməsinin göstəricisidir.
Beləliklə, Azərbaycan Aralıq və Egey hövzəsində ümumilikdə 22 milyon tonluq neftayırma potensialına malik olur ki, bu da enerji təhlükəsizliyi məsələsində ölkənin rolunu daha da genişləndirir. Cənab Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də iqlim siyasətinə ideoloji deyil, praqmatik yanaşma çağırışı idi. COP29 kontekstində vurğulandığı kimi, qazıntı yanacaqlarını tamamilə nəzərə almadan enerji keçidindən danışmaq real deyil. Azərbaycan modeli məhz qaz və bərpaolunan enerjinin vəhdətinə əsaslanır.
Bu yanaşma ölkəmizin 100 il kifayət edə biləcək qaz ehtiyatlarına malik olduğu halda, paralel şəkildə milyardlarla dolları alternativ enerjiyə yatırması ilə təsdiqlənir. Bu isə enerji siyasətində məsuliyyətli transformasiya nümunəsidir.
Dövlət başçımız İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız enerji resurslarına malik ölkə deyil, həm də qlobal enerji təhlükəsizliyinin formalaşmasında strateji baxışa və məsuliyyətli tərəfdaşlıq ənənəsinə sahib dövlətdir. Cənub Qaz Dəhlizinin genişlənməsi və yaşıl enerji gündəliyinin paralel şəkildə irəli aparılması ölkəmizin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində balanslaşdırılmış və uzaqgörən siyasət həyata keçirdiyini təsdiqləyir. Bu baxımdan, Bakı platforması artıq təkcə regional əməkdaşlıq formatı deyil, Avrasiyanın enerji arxitekturasını müəyyən edən mühüm dialoq mərkəzinə çevrilib. Enerji təhlükəsizliyi, dayanıqlılıq və şaxələndirmə kimi prioritetlər fonunda Azərbaycanın təşəbbüsləri sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
Beləliklə, səsləndirilən mesajlar onu deməyə əsas verir ki, Azərbaycan qarşıdakı mərhələdə də etibarlı tərəfdaş mövqeyini qoruyacaq, enerji diplomatiyasını yaşıl transformasiya ilə uzlaşdıraraq həm milli maraqları təmin edəcək, həm də beynəlxalq əməkdaşlığa yeni məzmun qazandıracaq.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini