29 aprel 2026 16:51
113

Prezidentdən daha bir sosialyönümlü Sərəncam

Bu, bir daha göstərir ki, dövlətimiz  vətəndaşını heç vaxt təbii fəlakət qarşısında tək qoymayıb

Prezident İlham Əliyevin sosial siyasətində vətəndaşların problemlərini diqqətdə saxlamaq və onların həllinin operativliyini təmin etmək prioritet məsələdir. Məhz dövlətimizin başçısının aprelin 28- də  sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizəyə dair imzaladığı Sərəncam da bu qəbildəndir. Sərəncamda göstərilir ki, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan  nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85 milyon 869 260 manat ayrılır.

Həmin vəsaitdən Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876 210 manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon 437 315 manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443 875 manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 600 manat və «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinə 15 milyon 8 260 manat vəsait ayrılacaq.

Bu, bir daha göstərir ki, Prezident İlham Əliyev sözügedən Sərəncamı  zərər çəkmiş vətəndaşlara konkret maddi dəstək, infrastrukturun yaxşılaşdırılması və gələcək risklərin azaldılması, bir sözlə, vətəndaşların problemlərinin tez və effektiv həllinə yönəlmiş dövlət qayğısının bariz nümunəsidir. Ayrılan vəsait zərər çəkmiş əhalinin evlərinin bərpası, yeni fərdi yaşayış evlərinin tikintisi, infrastrukturun (yol, elektrik, su) təmiri və kompensasiya ödənişləri üçün istifadə olunacaq. Bu addım həm maddi ziyanın aradan qaldırılmasına, həm də vətəndaşların sosial rifahının qorunmasına xidmət edəcəkdir. Bu tendensiya bir daha göstərir ki, Azərbaycan dövləti  heç bir vətəndaşını təbii fəlakət qarşısında tək qoymur, onun problemlərinin həllinə diqqət və qaygı ilə yanaşır.

Əslində dünyanın bir çox ölkələrində oxşar təbii fəlakətlər baş verdikdə dövlət yardımının verilməsi uzun müddət çəkir və ya kifayət qədər olmur. Azərbaycanda isə dövlət rəhbərinin birbaşa Sərəncamı ilə vəsait dərhal ayrılır və operativ işlər başlayır. Bu, dövlət idarəçiliyinin səmərəliliyini və vətəndaşlara qayğısını göstərir.

Sərəncamda diqqətçəkən məqamlardan biri də odur ki, ayrılan vəsait yalnız cari zərərin aradan qaldırılmasına yox, həm də gələcəkdə analoji halların qarşısının alınması üçün istifadə olunacaq. Konkret isə təbii fəlakətlərdən qorunmaq üçün istinad divarlarının tikintisi, drenaj sistemlərinin təkmilləşdirilməsi, suötürücü sistemlərin genişləndirilməsi və s…

Təbii ki, Sərəncamın icrası iqlim dəyişikliyi şəraitində ölkənin dayanıqlılığını artırmağa xidmət edəcək çox böyük bir ekoloji layihədir. Xüsuilə Bakı kimi meqapolisin daha da  inkişafına, onun müasirləşməsinə təkan verəcəkdir.

Məlumdur ki, hər dağıdıcı sel yüz hektarlardan çox yararlı torpaq sahələrini daşlı, qumlu, gilli səhraları xatırladan yararsız ərazilərə çevirir. Məhz sözügedən Sərəncamın müvafiq dövlət orqanları tərəfindən vaxtında və səmərəli icrası sellərin və daşqınların  vurduğu ziyanların qarşısının alınmasında çox mühüm rol oynayacaqdır.

Elçin Zaman, "İki sahil"