29 aprel 2026 11:00
147

WUF13-ə doğru: Hazırlıqlar hansı mərhələdədir?

Eldar Rəsulov: Əməliyyatlarımız yalnız infrastruktur işləri ilə məhdudlaşmır, biz, eyni zamanda, ziyarətçilər üçün uzun müddət yadda qalacaq bir təcrübə yaratmaq üçün fəaliyyət göstəririk

Müasir qlobal çağırışlar fonunda dayanıqlı urbanizasiya, inklüziv şəhərsalma və effektiv şəhər idarəçiliyi məsələləri beynəlxalq gündəliyin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu kontekstdə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında mövqeyinin möhkəmləndiyini, dayanıqlı inkişaf məqsədlərinə sadiqliyini və müasir şəhərsalma siyasətinə verdiyi töhfələri aydın şəkildə nümayiş etdirir. Belə bir mötəbər tədbir ərəfəsində hazırlıq prosesinin sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsi, institusional koordinasiyanın gücləndirilməsi, eləcə də qabaqcıl beynəlxalq təcrübənin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov “İki sahil” qəzetinə müsahibəsində Forumun hazırlıq prosesinin əsas məqamlarından, görülən işlərdən və perspektivlərdən ətraflı bəhs edir, həyata keçirilən tədbirlərin əhəmiyyətinə və qarşıda duran prioritetlərə aydınlıq gətirir.

-WUF13 Azərbaycan Əməliyyat Şirkəti fəaliyyətə başladığı vaxtdan bu günə qədər hazırlıq proseslərinin idarə olunması, məkan və infrastruktur planlaşdırılması sahəsində hansı konkret və ölçüləbilən nəticələr əldə etmişdir?

-Hazırlıq işləri artıq həlledici fazaya keçid alıb. WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları hazırda tədbir məkanında tam heyətlə fəaliyyət göstərir. Əməliyyatlarımız yalnız infrastruktur işləri ilə məhdudlaşmır, biz, eyni zamanda, ziyarətçilər üçün uzun müddət yadda qalacaq bir təcrübə yaratmaq üçün fəaliyyət göstəririk. Bütün bunlar ciddi standart və tələblər çərçivəsində (həm beynəlxalq və BMT-yə xas qaydalar, həm də yerli standartlar nəzərə alınmaqla) həyata keçirilməlidir. Vacib məsələlərdən biri əlçatanlıqdır. Hər bir iştirakçının məkanda rahat şəkildə hərəkət edə bilməsi üçün inklüziv mühitin təmin edilməsi uğrunda intensiv işlər aparılır.

WUF13-ün məkanı olacaq Bakı Olimpiya Stadionunda tikinti və quraşdırma işləri aktiv şəkildə davam edir. Ofisin fasiləsiz, operativ və səmərəli işləməsini təmin etmək üçün bütün zəruri texniki şərait yaradılıb. Şirkət tədbirin planlaşdırılması və icrası üzrə mərkəzi əməliyyat strukturu kimi çıxış edir və hazırlıq proseslərinin idarə olunması, məkan və infrastruktur planlaşdırılması, insan resursları, təhlükəsizlik, dayanıqlı inkişaf, könüllülük proqramı, nəqliyyat, akkreditasiya, eləcə də tərəfdaşlarla koordinasiya istiqamətləri üzrə fəaliyyət göstərir.

Qeyd edim ki, tədbir zamanı 40 əsas sessiya, 350 tərəfdaş tədbiri və dünyanın ən nüfuzlu şəhərsalma sərgisi sayılan, 35.000 kvadratmetr sahəni əhatə edəcək “Urban Expo” sərgisi keçiriləcək.

-ISO 20121 standartının tətbiqi çərçivəsində WUF13-ün təşkilində dayanıqlılıq, karbon izinin azaldılması və ekoloji idarəetmə üzrə hansı əsas əməli addımlar artıq icra olunmuşdur?

-WUF13-ün təşkilində dayanıqlılıq yanaşması layihənin başlanğıc mərhələsindən əsas prinsip kimi nəzərə alınıb. Bu çərçivədə həm müasir dayanıqlılıq standartlarına, həm də yerli memarlıq mühitinə uyğun olan, təkrar emal edilə bilən və enerji baxımından səmərəli materiallardan istifadə olunur.

ISO 20121 standartının tətbiqi çərçivəsində WUF13-ün təşkilində dayanıqlılıq, karbon izinin azaldılması və ekoloji idarəetmə istiqamətində bir sıra mühüm əməli addımlar artıq həyata keçirilmişdir. İlk olaraq, tədbirin planlaşdırılması və icrası proseslərinə dayanıqlılıq prinsipləri əlavə komponent kimi deyil, idarəetmənin kəsişən funksiyası kimi inteqrasiya edilmişdir. WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən tədbirin Dayanıqlılıq Siyasəti hazırlanmış, həmçinin əsas əməliyyat istiqamətləri üzrə əsas fəaliyyət göstəriciləri (KPI-lər), monitorinq və hesabatlılıq mexanizmləri müəyyənləşdirilmişdir. Tədbirin karbon izinin müxtəlif mərhələləri üzrə hesablanması məqsədilə metodoloji çərçivə formalaşdırılmış və müvafiq məlumatların toplanması prosesi başladılmışdır.

Tədbirin karbon izinin müxtəlif mərhələləri üzrə
hesablanması məqsədilə metodoloji çərçivə formalaşdırılıb

Tədbirin elektrik təchizatının bərpaolunan enerji mənbələrindən təmin edilməsi istiqamətində fəaliyyətlərin təşkili məqsədilə “AzerEnerji” ASC ilə Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Bununla yanaşı, enerji istifadəsi nəticəsində yaranacaq emissiyaların azaldılması məqsədilə tələb olunan hallarda dizel yanacağı əvəzinə HVO (hidrogenləşdirilmiş bitki yağı əsaslı alternativ yanacaq) kimi daha az emissiyalı həllərdən istifadə nəzərdə tutulmuşdur. Eyni zamanda, tullantıların çeşidlənməsi, təkrar emala yönləndirilməsi, utilizasiyası və hesabatlı idarə olunması məqsədilə “Təmiz Şəhər” ASC ilə tərəfdaşlıq qurulmuş və bu sahədə müvafiq memorandum imzalanaraq tədbirin tullantı idarəetmə sisteminin strukturlaşdırılması təmin edilmişdir.

Bununla yanaşı, əməkdaşlar, strateji təchizatçılar, dövlət qurumları və könüllülər üçün dayanıqlı tədbir idarəçiliyi, resurs səmərəliliyi və dayanıqlı davranış mövzularında geniş məlumatlandırma sessiyaları keçirilmiş, maraqlı tərəflərin dayanıqlılıq prioritetlərinin nəzərə alınması və onların prosesə sistemli şəkildə cəlb olunması istiqamətində institusional yanaşma formalaşdırılmışdır. Təchizat və satınalma proseslərinə dayanıqlılıq prinsiplərinin inteqrasiyası təmin edilmiş, strateji təchizatçılar üzrə məlumat toplama və hesabatlılıq mexanizmləri tətbiq edilmişdir.

Eyni zamanda, ISO 20121 standartının tələblərinə uyğun olaraq tədbirin dayanıqlılıq üzrə risk və imkanlarının müəyyənləşdirilməsi istiqamətində sistemli yanaşma tətbiq edilmiş, enerji və resurs istifadəsi, tullantıların idarə olunması və təchizat zəncirində dayanıqlılıq prinsiplərinin tətbiqi üzrə idarəetmə mexanizmləri formalaşdırılmışdır. Bununla yanaşı, tədbirin uzunmüddətli təsirinin gücləndirilməsi məqsədilə irs təşəbbüslərinin müəyyənləşdirilməsi və həyata keçirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

174 ölkədən 20.000-dən çox iştirakçı
artıq WUF13-də iştirak üçün qeydiyyatdan keçib

 -WUF13 çərçivəsində könüllülük proqramı, insan resurslarının formalaşdırılması və tərəfdaşlarla koordinasiya üzrə bu günə qədər hansı əsas seçim, təşkilati və icra mərhələləri tamamlanmışdır?

-Sözügedən proqram çərçivəsində WUF13-də könüllü olmaq üçün müraciət etmiş 16.000 namizədin arasından seçilmiş 2500-ə yaxın könüllü tədbirin müxtəlif istiqamətlərində fəaliyyətə cəlb olunacaqlar. Hazırda bütün seçim meyarlarına tam cavab verən könüllülərin rol təlimləri yekunlaşıb və onlar müvafiq təlimatlar alaraq tədbirə hazırlıq müddətində və tədbir zamanı WUF13-ün uğurla həyata keçirilməsi üçün öz töhfələrini verəcəklər.

-WUF13-ə hazırlıq prosesində beynəlxalq tərəfdaşlarla koordinasiya və BMT tələblərinə uyğunluğun təmin edilməsi istiqamətində hansı praktik addımlar atılmışdır?

-WUF13 Azərbaycan hökuməti ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən birgə təşkil olunacaq. Beynəlxalq tərəfdaşlarla koordinasiya, xüsusilə WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirlərinin seçimi və Forumun ümumi proqramı UN-Habitat və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə koordinasiya əsasında həyata keçirilir.

BMT-nin 193 üzv ölkəsinə dəvətlər göndərilib. Bu günə qədər 174 ölkədən 20.000-dən çox iştirakçı artıq WUF13-də iştirak üçün qeydiyyatdan keçib.

Yaqut Ağaşahqızı, “İki sahil”