05 mart 2026 11:52
122

 Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində  mühüm  aktordur

2015-ci ildən etibarən Bakıda keçirilən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının və 2023-cü ildən isə paralel olaraq Yaşıl Enerji üzrə Məşvərət Şurasının iclasları Avrasiya məkanında energetika sahəsində ən mühüm tədbirlərdən birinə çevrilib. Xüsusi ilə, son  ilki tədbir  regionda son dərəcə gərgin şəraitdə  keçirilir.  Bizə çox yaxın məsafədə müharibə getdiyi bir vaxtda Azərbaycanda sülh və sabitlik şəraitində əməkdaşlıq, energetika, enerji resurslarının tranziti kimi ən aktual və sülhpərvər gündəlik müzakirə olunub. Vaxtilə daim gərginlik və münaqişə ocağı kimi qəbul edilən Cənubi Qafqaz bu gün Şərqlə Qərbi birləşdirən yeganə sabitlik dəhlizinə çevrilib. Artıq təvazökarlıqdan uzaq demək olar ki, region buna görə məhz Azərbaycana borcludur. Azərbaycan layihə və təşəbbüsləri sayəsində Avropa ilə Asiya arasında əlaqəlilik qorunub saxlanılıb. Bu səbəbdən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclasları çoxsaylı ölkələri bir araya gətirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əsas platformalardan biri kimi qiymətləndirilir.

İclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, regionda bütün çətinliklərə və mürəkkəb şəraitə baxmayaraq, Azərbaycanın və tərəfdaşlarının bir sıra ölkələr üçün təmin etdiyi enerji təhlükəsizliyi artıq gündəlik həyatda hiss olunan reallığa çevrilib.

Ötən dövrdən bəri təkcə iştirakçı ölkələrin, maliyyə institutlarının və şirkətlərin sayında deyil, həm də konkret nəticələrdə irəliləyiş müşahidə olunur. Azərbaycan Avropa tərəfdaşlarının ona olan etimadını doğruldub.

Prezident qeyd edib ki, əvvəlki iclasda Azərbaycan qazının 12 ölkəyə ixrac edildiyini bildirmişdi, hazırda isə bu rəqəm 16-ya çatıb. Bu göstəriciyə görə Azərbaycan boru kəməri ilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birinci yerdədir. Həmçinin, Azərbaycan qazının Avropadan kənar istiqamətlərə də çatdırılmasına başlanılıb. İlk dəfə olaraq Suriya xalqına enerji çatışmazlığının aradan qaldırılmasında dəstək məqsədilə qaz ixracına start verilib. 2026-cı ilin əvvəlindən etibarən Azərbaycan qazı ilk dəfə Qərbi Avropa bazarına daxil olub. Yanvar ayında Trans-Adriatik Qaz Boru Kəməri vasitəsilə Almaniya və Avstriyaya ixraca başlanılıb.

  Cənub Qaz Dəhlizi və Azərbaycan qazı tədarükün şaxələndirilməsi hesabına enerji təhlükəsizliyinin və sabitliyin təmin olunmasında mühüm rol oynamaqda davam edir. Avropaya qaz tədarükü 31 dekabr 2020-ci ildə başlayıb və o vaxtdan bəri müəyyən məhdudiyyətlərə baxmayaraq, Azərbaycan Avropa tərəfdaşlarına qaz ixracını 56 faiz artırıb. Avropada dekarbonizasiya siyasətinə baxmayaraq, xüsusilə təbii qaza tələbat azalmır, əksinə artır.

Hazırda əsas məsələlərdən biri Cənub Qaz Dəhlizinin, xüsusilə Trans-Adriatik Boru Kəmərinin ötürücülük qabiliyyətinin 20 milyard kubmetrə çatdırılmasıdır. Bunun üçün maliyyələşmə tələb olunur. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Avropanın reallaşmayan planları səbəbindən neft-qaz layihələrinin maliyyələşdirilməsi hələ də tam bərpa edilməyib. Halbuki 2025-ci ildə ixrac olunan qazın 51 faizi Avropa ölkələrinin payına düşüb.

Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan tədarük həcmlərini artıra bilər. Lakin bunun üçün mövcud qaz nəqli infrastrukturu genişləndirilməlidir, çünki Cənub Qaz Dəhlizi hazırda tam yüklənib.Dövlət başçısı əlavə edib ki, bu il AÇG-nin dərin qatlarında qaz hasilatına başlanacaq, 2–3 ildən sonra “Abşeron” yatağının tammiqyaslı işlənməsi gözlənilir və hasilat üç dəfə artacaq. “Ümid” yatağının ikinci mərhələsi və 2028-ci ildə “Şahdəniz” yatağının yeni mərhələsi əlavə olaraq 10–15 milyard kubmetr qaz hasil etməyə imkan verəcək.

Azərbaycan tərəfdaşlarına açıq şəkildə bəyan edib ki, onların enerji təhlükəsizliyini təmin etmək üçün kifayət qədər resurslara malikdir. Eyni zamanda, ölkə Avropa enerji bazarına artıq təkcə təchizatçı deyil, həm də infrastruktur sahibi kimi daxil olur.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan yaxın zamanda Türkiyədə 870 meqavat gücündə ən iri elektrik stansiyalarından birini alıb, ötən ay isə Serbiyada 500 meqavat gücündə elektrik stansiyasının tikintisinə dair müqavilə imzalanıb. Bundan başqa, İtaliyada ümumi gücü 10 milyon ton olan iki neftayırma zavodu əldə edilib. Türkiyənin Egey sahillərində mövcud 12 milyon tonluq zavodla birlikdə Aralıq dənizi və Egey hövzəsində ümumi emal gücü 22 milyon tona çatacaq.

    Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, Azərbaycan etibarlı tranzit ölkə kimi Qazaxıstan və Türkmənistan neftinin nəqlində mühüm rol oynayır. Bir neçə gün əvvəl Qazaxıstanın energetika naziri Azər­baycanın Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə Qazaxıstan neftinin tranzitini ildə 2,2 milyon tona qədər artırmağa hazır olduğunu bildirib. Bütün bunlar göstərir ki, Azərbaycan tranziti hər zaman ən etibarlı və təhlükəsiz marşrut olaraq qalır.

   Bakıda keçirilən iclas iştirakçılarının müsahibə və şərhləri göstərir ki, enerji təhlükəsizliyi mövzusu bu gün heç vaxt olmadığı qədər aktualdır. Tərəfdaşlar Bakıya güvənirlər. Regiondakı risklər Azərbaycan faktorunun Avrasiya enerji xəritəsində əhəmiyyətini daha da artırıb. Bu səbəbdən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclasları ildən-ilə daha geniş və nüfuzlu formatda keçiriləcəkdir.

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor