06 mart 2026 00:42
118

AZƏRBAYCAN REGİONUN ENERJİ VƏ TEXNOLOJİ MƏRKƏZİNƏ ÇEVRİLİR

Dünya XXI əsrin elə bir mərhələsinə daxil olub ki, bu dövrü artıq bütün sahələrdə – siyasi, iqtisadi, hərbi, elmi, texnoloji, diplomatik, hətta sosial və humanitar sahələrdə də mahiyyət və məzmunca tamamilə yeni dövrün sürətli inkişafı ilə bağlı çağırışlara, dəyişkənliklərə və yeniliklərə transformasiya dövrü kimi nəzərdən keçirmək lazımdır. Təcrübə və təhlillər göstərir ki, nəinki kiçik dövlətlər, xalqlar, hətta bir sıra iri dövlətlər və bir sıra beynəlxalq təşkilatlar belə, bu mərhələyə uyğunlaşmaq prosesində ləngiyir, geri qalır və formalaşmaqda olan yeni dünya nizamında əvvəlki əhəmiyyətlərini itirirlər.

Bu baxımdan Azərbaycan son illərdə bütün sahələrdə apardığı düzgün dövlətçilik siyasəti ilə həm bunadək olan qlobal böhranlardan minimum itki ilə çıxmağı bacarıb, həm də sürətlə formalaşmaqda olan yeni düzəndə nəinki özünün planetdəki mövcud əhəmiyyətli mövqeyini qorumaqla, hətta qlobal proseslərdə daha fəal iştirakla bağlı iddialarını açıq nümayiş etdirir. 2026-cı ilin ötən iki ayında beynəlxalq siyasi proseslərdə iştirak, yanvar ayında Davosda Dünya İqtisadi Forumunda, fevral ayında Münxen Təhlükəsilik Konfransında, Vaşinqtonda Sülh Şurasının ilk iclasında yüksək səviyyəli təmsilçilik və Azərbaycanın qlobal problemlərdə mövqeyinin maraq doğurması ölkəmizin beynəlxalq səviyyədə fəal aktorlardan birinə çevrildiyini söyləməyə əsas verir.

Heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq icmadakı indiki mövqeyi qazanmasında əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu neft strategiyasının, bütövlükdə enerji siyasətinin yeniləşən siyasi zamanın, qlobal iqtisadi münasibətlərin çağırışlarına uyğun çevik şəkildə davam və inkişaf etdirilməsi əsas istiqamətlərdən biri olmuşdur. Bu baxımdan, martın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları Azərbaycanın enerji siyasətinin ölkəmizin öz tərəfdarları ilə birlikdə bir növ illik hesabat tədbiri kimi ənənəyə çevrilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin iclaslarda əhatəli və strateji nitqi isə, bir çox hallarda olduğu kimi, bu dəfə də konseptual xarakter daşıyırdı və Azərbaycanın qlobal enerji xəritəsindəki mövcud rolunun səciyyəsi və “yaşıl enerji” mərhələsinə keçidini simvolizə etdi. Dövlət başçımızın çıxışına, eyni zamanda, Azərbaycanın enerji siyasətində “qlobal diversifikasiya” və “praqmatik yaşıl keçid” mərhələsinin rəsmi yol xəritəsi kimi də baxmaq olar. Qlobal diversifikasiyadan danışarkən, diqqəti çəkən ən maraqlı məqamlardan birincisi şaxələndirmənin coğrafiyasının genişlənməsi idi. Belə ki, son bir ildə ölkəmizin qaz nəql etdiyi dövlətlərin sırasına 2-si Avropa İttifaqı üzvü olan ölkə olmaqla, daha 4 dövlət qoşulub. Prezidentin çıxışında bu xüsusi vurğulandı: “Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”. Bu, Azərbaycanın təkcə regional deyil, qlobal miqyasda “enerji qovşağı” statusunu təsdiqləyir. Xüsusilə Avropa İttifaqının əsas iqtisadi mərkəzlərindən biri olan Almaniya və Avstriyanın siyahıya əlavə olunması Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyində strateji alternativdən əvəzedilməz amilə çevrildiyini göstərir.

Prezident İlham Əliyevin çıxışında diqqəti cəlb edən məqamlardan biri də yenicə uzunmüddətli qanlı münaqişə və xaos dövründən çıxmış və hələ də həssas mərhələdə olan Suriyaya qaz tədarükü ilə bağlı idi: “Hesab edirəm ki, digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır”. Bu, Azərbaycanın enerji siyasətinin strateji genişlənmə ilə yanaşı, həm də humanitar çaları olduğunu nümayiş etdirir. 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü Suriya əhalisinin daha yaxşı qorunmasına, həmin ölkədə biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə olmuşdur. Eyni zamanda bu, dövlətimizin Yaxın Şərqdəki geosiyasi nüfuzunu artırır və enerji dəhlizlərinin təkcə Şimal-Qərb (Avropa) deyil, həm də Cənub istiqamətində aktivləşdiyini göstərir.

Azərbaycan lideri qarşıdakı bir neçə il ərzində qaz nəqli ilə bağlı yeni hasilat mənbələrinin işə salınacağını, ixracatın əlavə 10-15 milyard kubmetr həcmində artacağını qeyd edərək, bununla bağlı artıq tam yüklənmiş Cənub Qaz Dəhlizinin fəaliyyəti ilə yanaşı yeni bazarlara, mövcud boru kəməri sisteminin genişləndirilməsinə ehtiyacın olduğunu, qazpaylama şəbəkəsinin şaxələndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsinin zəruriliyini də diqqətə çatdırdı. Başqa sözlə, Prezident açıq şəkildə bildirdi ki, ixrac üçün qaz var, lakin Avropadan olan tərəfdaş ölkələr boru kəmərlərinin genişləndirilməsi və yeni interkonnektorların inşası üçün konkret addımlar atmalıdırlar.

Çıxışdakı vacib məqamlardan biri də Azərbaycanın yaşıl enerji keçidini artıq kağız üzərindəki niyyətlərdən real icra mərhələsinə keçdiyinin vurğulanması idi. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin 2023-cü ilin oktyabrında istifadəyə verdiyi 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyasının və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin bu ilin yanvar ayında istismara verdiyi 240 MVt-lıq regionda ən böyük “Xızı-Abşeron” Külək Elektrik stansiyaları ilə regionun yaşıl enerji mərkəzi olduğunu  artıq sübut etmişdir. Azərbaycanın hazırda 2 giqavatlıq artıq enerji gücü var, 2032-ci ilə qədər alternativ enerji mənbələrindən əldə edilən günü 6-8 giqavat olacağını nəzərə alsaq, ölkəmizin yaxın illərdə qlobal səviyyədə mühüm “yaşıl enerji” ixracatçısı olacağı da şübhəsizdir. Azərbaycan Prezidenti bu barədə deyir: “Əlbəttə ki, bu, böyük aktivdir. Beləliklə, biz onu ixrac etməliyik. Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik”.

Qeyd edək ki, “yaşıl enerji” potensialının artması qazın qənaətlə istifadəsinə səbəb olacaq və atmosferin daha təmiz qalmasına töhfə verəcək. Məsələn, bu ilin ilk günlərində istifadəyə verilmiş “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara başlaması nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və atmosfer daha 400 min tondan çox karbon qazı ilə çirklənmədən xilas olacaq, daxili istehlakda qazı bərpa olunan enerji ilə əvəz edərək, qənaət olunan mavi yanacağı Avropaya daha böyük həcmdə yönəltmək mümkün olacaq.

Digər tərəfdən, enerji gücünün artması onun saxlanması üçün müvafiq saxlancların inşasını, ixracı üçün isə yeni ötürücü xətlərin çəkilməsini də zəruri edir. Dövlət başçısı öz nitqində bu məsələyə də toxunaraq qeyd etdi ki, artıq ötürücü xətlər mövcud olsa da, daha çox ötürücü xətlərə ehtiyac duyulacaq: “Biz enerji kabelləri – Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birlikdə işləməliyik. Hər iki müqavilə imzalanıb və bir layihədə iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digər layihədə isə bu iş davam edir. Bütün bu layihələrin reallaşacağı zaman onlar çox dayanıqlı olacaq və deyərdim ki, bir çox ölkələrin enerji dəhlizləri üçün ekzistensial əhəmiyyət kəsb edəcək. Alternativ enerji ilə bağlı planlarımız artıq imzalanmış müqavilələrə əsaslanır”. Ölkəmizin ötən dövrdə Qazaxıstan və Türkmənistan neftinin Qərbə doğru ötürülməsi üçün zəruri infrastrukturu qurduğunu və nəticədə regionda həm də enerji ehtiyatlarının etibarlı tranziti ölkəsinə çevrildiyini nəzərə alsaq, Azərbaycanın təkcə xammal satan deyil, həm də digər ölkələrin daxili bazarında aktiv olan bir oyunçuya çevrildiyi və bu statusun getdikcə daha çox dividend gətirəcəyi şübhəsizdir.

Prezident İlham Əliyevin çıxışında ən çox maraq doğuran məsələlərdən biri də ölkə sərhədlərindən kənarda, yaxın və uzaq ölkələrdə enerji sektoruna qoyduğu sərmayə haqqında səsləndirdiyi faktlar oldu. Türkiyədə 870 meqavat gücündə bu ölkənin ən böyük elektrik stansiyalarından birinin alınması, bu ilin fevral ayında Serbiyada 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilənin imzalanması, İtaliyada ümumi emal gücü 10 milyon ton olan 2, Türkiyədə isə 12 milyon ton emal qabiliyyətinə malik neftayırma müəssisələrinə, bu ölkələrdə minlərlə yanacaqdoldurma stansiyasına mülkiyyət hüququnun əldə edilməsi Azərbaycan dövlətini artıq Aralıq və Egey dənizi hövzələrində mühüm aktivlərə sahib olan transmilli gücə çevrilib. Azərbaycan liderinin də qeyd etdiyi kimi, “enerji təhlükəsizliyinə töhfəmiz yalnız öz sərhədlərimizlə, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır”.

Azərbaycan Prezidenti İlham Əliyev özünün dövlətimizə rəhbərliyinin ilk günlərindən həm ölkə daxilində, həm də xaricdə praqmatik siyasətçi və dövlət xadimi kimi tanınıb. Hələ 2003-cü ildə prezident seçkiləri kampaniyasında səsləndirdiyi: “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, – prinsipini öz fəaliyyətinin əsasına çevirən dövlət başçımız ölkəmizin bütün sahələrdə olduğu kimi, enerji siyasətini də xəyallardan uzaq, real iş və konkret nəticəyə istiqamətlənmiş şəkildə qurmuşdur. Bu baxımdan Prezidentin “yaşıl enerji” məsələsinin aktuallığını artdığı bir vaxtda digər enerji sahələrini arxa plana atmayaraq, enerji sektoruna kompleks yanaşması Azərbaycanın bu sahədə unikal ölkə kimi simasını müəyyən edən vacib əlamətlərdən biridir: “Beləliklə, hidroenerji, Günəş enerjisi, külək enerjisi, potensial olaraq termal enerji, – biz hazırda bu məsələni araşdırırıq, – qaz və bütün mümkün kombinasiyalar nəzərdən keçirilir və işin məhz belə aparılması zəruridir. Müzakirə etdiyimiz məsələyə qayıdaraq qeyd edim ki, hətta COP29 çərçivəsində – bu iqlim konfransına ev sahibliyi etdiyimiz zaman da bildirmişdim, baxmayaraq ki, o dövrdəki tendensiya ilə tam uyğun olmadığını anlayırdım, faydalı qazıntı yanacaq növlərini nəzərə almamaq mümkün deyil. Əgər siz qazıntı yanacağını nəzərə almırsınızsa, bu o deməkdir ki, siz xəyallarla yaşayırsınız”. Bu, əslində bütün qlobal radikal “yaşıl keçid” tərəfdarlarına qarşı bir realizm çağırışıdır. Prezident mesaj verir ki, Azərbaycan 100 illik qaz ehtiyatı olsa da, yaşıl enerjiyə milyardlar qoyur, lakin dünya iqtisadiyyatının hələ də qaza ehtiyacı olduğunu inkar etmək qeyri-mümkündür. Başqa sözlə, Azərbaycan bərpa olunan enerjini qazın əvəzedicisi kimi deyil, özünün ixrac potensialını artıran və daxili istehlakı optimallaşdıran strateji aktiv kimi görür.  

Beləliklə, Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarındakı çıxışı yeni mərhələdə özəyində ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası vasitəsilə texnoloji və süni intellekt dəstəyinin, Mərkəzi Asiya və Avropa arasında “yaşıl enerji” və neft tranziti körpüsü rolunun, ölkənin ayrı-ayrı ərazilərinin (işğaldan azad edilmiş ərazilərin, Naxçıvanın) yaşıl zona kimi şəbəkəyə inteqrasiyasının dayandığı Azərbaycanın enerji müstəqilliyi strategiyasının proqram nitqi kimi səsləndi. Bu strategiya Azərbaycanı regionda enerji qovşağı (hub) olmaqla yanaşı, həm də texnoloji keçid mərkəzinə çevirəcək.

Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent