“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı iki tərəf arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıb. Səfərin yekunlarına dair verilən bəyanatda olduqca mühüm məqamlardan bəhs edilib. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin hazırda müxtəlif səviyyələrdə fəal tərəfdaşlıq mərhələsində olduğu və bu səfərin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyi bir daha diqqətə çatdırıldı.”
“İki sahil” xəbər verir ki, bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, ölkəmizin başçısının da vurğuladığı kimi Azərbaycanla Avropa İttifaqı arasında fəal siyasi və iqtisadi dialoq mövcuddur: “Avropa Komissiyasının üzvləri son bir il ərzində Azərbaycana bir neçə dəfə səfər ediblər ki, bu da tərəflər arasında əməkdaşlığın dinamik inkişaf etdiyini göstərir. Dövlətimizin başçısı da bəyanatda iqtisadi göstəricilərə diqqət çəkərək bildirib ki, cari ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqının payına düşüb. Ötən il bu göstərici bir qədər aşağı olsa da, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır.
Eyni zamanda yaxın gələcəkdə yeni layihələrin və investisiya imkanlarının reallaşdırılması nəticəsində qarşılıqlı sərmayələrin həcmi daha da artacaq. Hazırda Azərbaycan da Avropa ölkələrində fəal şəkildə investisiyalar yatırır və bu proses ikitərəfli iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir. Dövlət başçısı əmin olduğunu bildirib ki, tərəflər arasında ticarət dövriyyəsi yaxın illərdə daha da artacaq.
Enerji əməkdaşlığının Azərbaycan ilə Avropa İttifaqı münasibətlərinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bu sahədə əməkdaşlıq xüsusilə 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədin imzalanmasından sonra daha da intensivləşib.
Artıq Azərbaycan Avropa ölkələrinə qaz ixracının həm həcmini, həm də coğrafiyasını genişləndirib. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazını qəbul edir, ümumilikdə isə 16 ölkə Azərbaycan qazı ilə təmin olunur. Bu göstəriciyə görə Azərbaycan boru kəmərləri vasitəsilə qaz təchiz edən aparıcı ölkələrdən biri hesab olunur. Prezident İlham Əliyev də qeyd edib ki, bu fakt Azərbaycanın bir çox ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynadığını bir daha təsdiqləyir”.
Deputat bildirib ki, ölkə başçısının da bəyan etdiyi kimi Avropa bazarı Azərbaycanın qaz ixracında mühüm paya malikdir və ümumi qaz ixracının təxminən yarısını təşkil edir: “Enerji əməkdaşlığının digər mühüm istiqamətlərindən birinin bərpaolunan enerji sahəsidir. Azərbaycan külək, günəş və su elektrik enerjisi sahələrinə böyük həcmdə sərmayələr yatırır. Qarşıdakı beş-altı il ərzində Azərbaycan ixrac üçün hazır olan 6–8 giqavat gücündə bərpaolunan enerji istehsal etməyi planlaşdırır. Bu istiqamətdə Avropa tərəfdaşları ilə birlikdə ötürücü xətlərin çəkilməsi, dəniz dibi kabellərinin çəkilməsi və enerji infrastrukturunun inkişafı üzrə layihələr üzərində fəal iş aparılır.
Eyni zamanda Azərbaycanın iqlim şəraiti bərpaolunan enerji istehsalı üçün böyük imkanlar yaradır. Ölkədə ildə 300-dən çox günəşli günün olması, həmçinin külək potensialının yüksək olması bu sahədə geniş perspektivlərin mövcudluğunu göstərir. Bununla yanaşı, Avropa bazarına enerji ixracı üçün tranzit ölkələrlə sıx əməkdaşlıq və müvafiq razılaşmaların əldə olunması da mühüm əhəmiyyət daşıyır”.
Sevinc Hüseynova dövlətimizin başçısının da vurğuladığı kimi regionda sülh və təhlükəsizlik məsələləri olduqca önəmlidir: “Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişindən sonra nəqliyyat və daşımalar ikitərəfli gündəliyin mühüm istiqamətlərindən birinə çevrilib. Bu xüsusda Orta Dəhlizin genişləndirilməsi üçün yeni imkanların yaranması regionun iqtisadi inkişafı baxımından nikbin perspektivlər açır.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycanın müstəqilliyini 1991-ci ildə bərpa olunsa da, ölkə cəmi yeddi aydır ki, sülh şəraitində yaşayır. Bununla belə, artıq sülhün müsbət nəticələri hiss olunur. Dövlət başçısı əminliyini ifadə edib ki, Ermənistan ilə əldə olunan sülh uzunmüddətli və davamlı olacaq.
Sözsüz ki, Azərbaycan sülh prosesini yalnız imzalanmış sənədlərlə deyil, real addımlarla da dəstəkləyir. Bu çərçivədə Azərbaycan Ermənistana mühüm neft məhsullarının təchizatına başlayıb və digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana daşınan yüklərin tranzitinə tətbiq olunan bütün məhdudiyyətlər aradan qaldırılıb. Bu addımlar Azərbaycanın sülhə və regional əməkdaşlığa sadiqliyinin bariz nümunəsidir.
Azərbaycan 2020-ci ilin 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Müharibədən sonra isə Ermənistana sülh təklif edən tərəf də məhz Azərbaycan olub. Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sənədinin paraflanması isə məhz bu məntiqi ardıcıllığın davamıdır. Bunun nəticəsidir ki, sülhə xidmət edən və onun iqtisadi-siyasi tərəflərini formalaşdıran addımlar ardıcıl xarakter almağa başlayıb.
Sözsüz ki, dövlət başçısının da bəyan etdiyi kimi Azərbaycan regionda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək və tərəfdaşları ilə birlikdə geniş gündəliyə malik əməkdaşlıq sahələrini inkişafına nail olacaq”.