Gürcüstanın Katolikos-Patriarxı II İliya Sioni Məbədində dəfn edilib.
“İki sahil” xəbər verir ki, dəfn mərasimindən əvvəl Sioni kilsəsində Patriarxın ruhuna dualar oxunub, xatirə mərasimi keçirilib.
Patriarx II İliya Sameba (Müqəddəs Üçlük) Kafedralından Sioni məbədinə böyük izdihamın müşayiəti, “Səni sevirik, Patriarx!” şüarları və alqışlarla yola salınıb. Sameba kilsəsindən Sioni kilsəsinə qədər olan yol boyunca əllərində Gürcüstan bayraqları tutan hərbi qulluqçulardan ibarət fəxri qarovul düzülüb.
Minlərlə insanın iştirak etdiyi vida mərasiminə müxtəlif ölkələrdən və kilsələrdən yüksəksəviyyəli nümayəndə heyətləri qatılıb.
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və digər rəsmi şəxslər mərasimdə iştirak ediblər.
Qeyd edək ki, II İliya martın 17-də vəfat edib. Martın 18-dən etibarən Sameba kilsəsində təşkil olunan mülki vida mərasimində minlərlə vətəndaş iştirak edib. İnsan axını 24 saat fasiləsiz davam etdiyi üçün vətəndaşlar növbədə saatlarla gözləməli olublar.
Xatırladaq ki, II İliya 1977-ci ildən Gürcüstan Pravoslav Kilsəsinə rəhbərlik edirdi.