28 mart 2026 17:11
113

“STRATCOM 2026” - Qlobal media cəmiyyətinin gələcəyə baxışı

İstanbulda keçirilən beşinci Strateji Kommunikasiya Sammiti (STRATCOM) davam edir.

“İki sahil” xəbər verir ki, tədbirin ilk günü “Yeni qlobal nizam: Strateji kommunikasiya perspektivi”, “Gələcəyin təhlükəsizlik arxitekturasının formalaşdırılması: Türk müdafiə sənayesinin rolu”, “Vasitəçilik prosesində aktorlar və lider diplomatiyası”, “Rəqəmsal kommunikasiya ekosistemində qlobal ictimai rəyin transformasiyası”, İqlim diplomatiyasında yeni prioritetlər kimi mövzular müzakirə olunub.

Sammit çərçivəsində “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti arasında Azərbaycan – Türkiyə Birgə Media Platformasının Birgə İşçi Komissiyasının və Komitələrinin yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənəd tərəflər arasında institusional əməkdaşlığın daha da dərinləşdirilməsini, birgə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsini və koordinasiyanın gücləndirilməsini nəzərdə tutur.

Tədbirin ikinci günü Türkiyənin xarici işlər naziri Hakan Fidanın iştirakı ilə başlayıb.

Mərasimdə çıxış edən Hakan Fidan qlobal miqyasda baş verən son hadisələr, bütün bu məsələlərin həlli istiqamətində atılan və ya atıla biləcək addımlar, medianın buradakı fəaliyyəti, eləcə də proseslərdə Türkiyənin vasitəçilik rolu barədə danışıb.

Bu gün keçirilən panel iclaslarda “Regional gərginlikdən qlobal qırılmalara: İran müharibəsinin strateji təsirləri”, “Strateji kommunikasiyada süni intellektin gələcəyi: Çağırışlar və imkanlar”, “Münaqişələrin ortasında vicdanın səsi olmaq”, “Kommunikasiyada yeni paradiqma: İnformasiya, güc və narrativ”, “Qeyri-müəyyənlik dövründə strateji kommunikasiya: Böhranlar və yeni tarazlıqlar”, “Qadın liderlərin prizmasından qlobal böhranlar və gələcək axtarışı” və “Yumşaq gücün yenidən düşünülməsi: Qlobal qırılma dövründə təsir və sərhədlər” mövzuları ətrafında müzakirələr aparılır.

Xatırladaq ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin ev sahibliyi ilə keçirilən “STRATCOM 2026”da ölkəmizi Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.