28 mart 2026 19:31
98

Azərbaycan növbəti dəfə Paris Arbitraj Həftəsində uğurla təmsil olunub

X Paris Arbitraj Həftəsi çərçivəsində Azərbaycan və Türk Arbitraj Assosiasiyalarının birgə təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində “Azərbaycanda və regionda regional və beynəlxalq arbitrajın inkişafı” adlı konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfransda X Paris Arbitraj Həftəsinə müxtəlif ölkələrdən gəlmiş 120 nümayəndə tikinti sektorunda arbitrajın inkişafı və ölkədə investisiya mühitinin yaxşılaşdırılması məsələlərini müzakirə ediblər.

Azərbaycan Arbitraj Assosiasiyasının prezidenti və Türk Arbitraj Assosiasiyasının həmsədri professor Kəmalə Mehdiyeva çıxış edərək, assosiasiyanın artıq dörd ildir Paris Arbitraj Həftəsində fəal iştirak etdiyini vurğulayıb. O, Azərbaycanın arbitraj üçün əlverişli yurisdiksiya olduğunu bildirərək, bunun arbitraj qərarlarının tanınmasının yüksək səviyyəsi və Azərbaycan Ali Məhkəməsi qarşısında arbitraj qərarlarına qarşı şikayətlərin aşağı səviyyəsi ilə təsdiqləndiyini deyib. Arbitraja müsbət yanaşmanın, həmçinin Azərbaycan Respublikasının arbitraj haqqında qanunvericiliyində də öz əksini tapdığı diqqətə çatdırılıb. Bildirilib ki, bu qanun dövlət məhkəmələrinin arbitraj icraatları ilə əməkdaşlığını təmin edən qaydalar toplusunu, eləcə də müvəqqəti təminat tədbirləri ilə bağlı müddəaları nəzərdə tutur.

Konfransda Azərbaycan Respublikasının arbitraj haqqında qanununun əlverişli olduğu qeyd edilib. Vurğulanıb ki, artıq təsis edilmiş və fəaliyyət göstərən Bakı Arbitraj Mərkəzinin mövcudluğu ilə arbitrajın təşviqi istiqamətində sistemli səylər göstərilir. Bu çərçivədə Azərbaycan Vəkillər Kollegiyasının üzvləri və dövlət hakimləri üçün arbitraj proqramları həyata keçirilir.

Konfransda Kəmalə Mehdiyeva ilə yanaşı, “Herbert Smith Freehils Kramer” hüquq firmasından Patrisiya Nasimiento və Dr. Adilbek Yusupov, Daşkənd Dövlət Universitetinin rektoru professor İslambek Rustambekov, İstanbuldan arbitraj üzrə ixtisaslaşmış hüquqşünas Nazlı Arıkan və Astana Beynəlxalq Maliyyə Mərkəzinin Arbitraj Məhkəməsindən Kristofer Kempbell-Holt OBE də çıxış ediblər.

Qeyd edək ki, Paris Arbitraj Həftəsi dünyada ən böyük beynəlxalq arbitraj tədbiri hesab olunur və hər il minlərlə arbitraj mütəxəssisini bir həftə ərzində Parisdə bir araya gətirir. Azərbaycanın bu həftədəki rolu ildən-ilə artır.