30 mart 2026 09:51
99

Yaponiya Çin səfirliyindəki insidentdən sonra diplomatik missiyanın təhlükəsizliyini gücləndirəcək

Yaponiyanın Baş Polis İdarəsi Çinin Tokiodakı səfirliyinə qanunsuz müdaxilədən sonra diplomatik missiyanın təhlükəsizliyinin gücləndirilməsi məsələsini müzakirə etmək üçün təcili iclas keçirib.

“İki sahil” "Kyodo" agentliyinə istinadən xəbər verir ki, toplantıda xarici diplomatik missiyaların yerləşdiyi 12 prefekturanın nümayəndələri iştirak edib. İclasın yekununa əsasən polis mövcud təhlükəsizlik tədbirlərini nəzərdən keçirmək və onları əhəmiyyətli dərəcədə gücləndirmək niyyətindədir.

Çin səfirliyində baş verən hadisə tamamilə qəbuledilməz kimi qiymətləndirilib.

Qeyd olunur ki, martın 24-də Yaponiya Silahlı Qüvvələrinin 23 yaşlı leytenantı diplomatik missiyaya soxulub. O, saxlanılıb və gizləndiyi yerdə aparılan axtarış zamanı bir gün əvvəl aldığı bıçaq aşkar edilib.

Müstəntiqlərin sözlərinə görə, hərbçi Çin səfirindən Yaponiyaya qarşı sərt açıqlamalarını dayandırmasını tələb etmək niyyətində olub, həmçinin onun qarşısında intihar etməyi planlaşdırıb.

Çinin Xarici İşlər Nazirliyi Tokioya sərt mesaj göndərib və Çin vətəndaşlarına Yaponiyaya səyahətdən çəkinməyi tövsiyə edib.