31 mart 2026 11:34
110

Dövlət İdarəçilik Akademiyası Qazaxıstanın bir qrup dövlət qulluqçuları üçün təcrübə proqramına başlayır

Martın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) tərəfindən Qazaxıstan Respublikasının bir qrup dövlət qulluqçusu, Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantları üçün təlim - təcrübə proqramlarına başlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə DİA-dan məlumat verilib.

“Dövlət idarəçiliyində innovativ texnologiyalar” adlı təlim–təcrübə proqramının açılış mərasimində çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi innovativ dövlət idarəçiliyi modelinin ölkənin davamlı inkişafında mühüm rol oynadığını vurğulayıb. Rektor qeyd edib ki, Azərbaycanda dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi, genişmiqyaslı rəqəmsallaşma, insan kapitalının inkişafı, ekoloji yanaşmanın gücləndirilməsi və innovasiya əsaslı iqtisadi modelin formalaşdırılması istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirilir. Bu siyasət nəticəsində Azərbaycan regionda innovativ inkişaf modelini uğurla tətbiq edən, müasir idarəçilik texnologiyalarından geniş istifadə edən və dövlət idarəçiliyində yeni yanaşmaları effektiv tətbiq edən ölkələrdən birinə çevrilib. Azərbaycanın dövlət idarəçiliyi sahəsində əldə etdiyi təcrübə beynəlxalq səviyyədə maraq doğurur və bu kimi təlim proqramları ölkələr arasında təcrübə mübadiləsinin genişlənməsinə xidmət edir.

Urxan Ələkbərov DİA ilə Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığın mövcud olduğunu, dövlət idarəçiliyi, təhsil, elm sahələrində birgə tədbirlərin həyata keçirildiyini qeyd edib. Eyni zamanda vurğulanıb ki, bu proqram iki ölkə arasında dövlət idarəçiliyi sahəsində əməkdaşlığın daha da genişlənməsinə, təcrübə mübadiləsinin gücləndirilməsinə və gələcək birgə layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcək.

Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel çıxışında qeyd edib ki, iki qardaş ölkə arasında siyasi, iqtisadi, humanitar, təhsil və dövlət idarəçiliyi sahələrində əməkdaşlıq genişlənməkdədir. Dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi, birgə təlim proqramları və akademik əməkdaşlıq Qazaxıstan ilə Azərbaycan arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında həyata keçirilən bu proqram dövlət qulluqçularının peşəkar inkişafına, müasir idarəetmə biliklərinin artırılmasına və iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Səfir Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin həyata keçirdiyi siyasi və iqtisadi islahatlar barədə də məlumat verib. Qeyd olunub ki, Prezident Tokayevin təşəbbüsü ilə Qazaxıstanda dövlət idarəçiliyinin modernləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal texnologiyaların inkişafı və sosial rifahın yüksəldilməsi istiqamətində genişmiqyaslı islahatlar aparılır. Bu islahatlar Qazaxıstanın regional və beynəlxalq səviyyədə rolunu daha da gücləndirməyə, ölkənin dayanıqlı inkişafını təmin etməyə yönəlib. Səfir, həmçinin Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin Prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev tərəfindən uğurla inkişaf etdirildiyini vurğulayıb.

Aprelin 10-dək davam edən təlim proqramı çərçivəsində dövlət idarəçiliyində rəqəmsal transformasiya, qanunvericilik fəaliyyətində rəqəmsallaşma, gender bərabərliyi siyasəti, turizm siyasəti, ekoloji idarəetmə, insan hüquqları, dövlət suverenliyi və beynəlxalq münasibətlər kimi mövzularda mühazirələr və təqdimatlar təşkil olunacaq.