15 aprel 2026 14:18
258

Azərbaycan dili tarixi fənni tədrisinin mənimsənilməsinə işıq saçan ilk metodik praktikum

Dil həm də tarixi təhlil predmetidir.  Dilin tarixən formalaşmasına dair məlumatlar əldə etmədən həmin dil haqqında əsaslı fikir yürütmək mümkün deyil. Azərbaycan dili tarixinin öyrənilməsi haqqında dövlət sərəncamlarnda da  əsaslı müddəalar irəli sürülür, bunların həyata keçirilməsi tələb edilir. Zəngin mədəniyyət tarixinə malik Azərbaycan xalqı həm də zəngin Azərbaycan dilinin inkişaf tarixinə malikdir.

Bu gün gənc nəslə - universitetlərin filologiya fakültəsinin tələbələrinə dilimizin tarixini, onun zəngin inkişaf dövr və mərhələlərinin təşəkkül tarixini aşılamaq, dil tarixi məsələlərinin elmi-nəzəri vasitələrlə təlqin edilməsi zəruridir. Azərbaycan mədəniyyətinin böyük bir hissəsi Azərbaycan dili və Azərbaycan ədəbi dili mənbələri sırasına daxildir. Belə böyük bir xəzinəyə daxil olmaq üçün təbiidir ki, bir istiqamətverici mənbəyə ehtiyac var.

Bu mənada AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri f.e.d., professor İsmayıl Kazımovun nəfis şəkildə çap etdirdiyi “Azərbaycan dilinin tarixi” (praktikum; universitetlər üçün dərs vəsaiti. “Elm və Təhsil”, Bakı, 2025, 248 s.) dərs vəsaitidir.

Azərbaycan dilinin tarixi problemlərinin araşdırılması işinin aydın və səmərəli olmasını təminat verən, problemlərinin tələblərə tam aydın çatdırılmasına Azərbaycan dili tarixi təminat verir, əsər 14 kiçik mövzudan ibarət, geniş bir “Giriş”dən, zamanında yazılmıış dörd bölümdən ibarətdir. “Azərbaycan dilinin diaxron fonetikası” adlı I hissədə Azərbaycan dilinin saitlər və samitləri tarixi aspektdə araşdırılır. Azərbaycan dilində fonetik qanun və hadisələrdən bəhs edilir.

 Dərs vəsaiti Azərbaycan dil tarixi sahəsini maraqlı bir mənbə ilə zənginləşdirən bir elmi əsər səviyyəsində olan monoqrafik tədqiqatdır. “Giriş”də “Azərbaycan dilinin tarixi və metodologiyasına dair”, “Azərbaycan dili tarixinin qaynaqları”, “Şumer dili” (mətnlər), “Orxon -Yenisey abidələri”, “Mahmud Kaşqarinin “Divani-luğat –it-türk” əsəri”, “Kitabi- Dədə Qorqud” dastanı”, “Şühədanamə”, “Azərbaycan şifahi və yazılı ədəbiyyatı”, “Onomastika tayfa və yer adları”, “Dialekt və şivələr”, “Qonşu dillər”, “Qohum dillər” kimi dil tarixinin araşdırılması işinin hərtərəfli izahında vacib məsələlərə aydınlıq gətirilir, bu gün tarixi qrammatikaya aid yeni tədqiqatların tədris proqramlarına daxil edilməsi, auditoriyalara, mühazirələrlə gənc nəslə çatdırılmasının vacibliyi, habelə Azərbaycan dilinin fonetik leksik, morfoloji, sintaktik bəhslərinin tarixi inkişaf baxımından izlənilməsi və bu prosesin tədqiqat yollarının gənc nəslə mühazirələr və tapşırıqlar vasitəsilə mənimsədilməsi bu çətin və məsuliyyətli məsələlərin tədrisində vacib məsələ kimi təqdim edilir. “Azərbaycan dilinin qaynaqları”nda Azərbaycan dilinin tarixi fonetikası hissəsində Azərbaycan dilinin fonetik tərkibində tarixən baş vermiş kəmiyyət və keyfiyyət hadisələri, xalq dili səciyyəli fonetik hadisələrin fəallığı xüsusi qeyd edilir. Bu hissədə tarixi qrammatika və ədəbi dil fərqlərinin izahı onları yaxınlaşdıran və fərqləndirən cəhətlərə aydınlıq gətirilir. Bu hissədə Azərbaycan dilinin tarixən nitq hissələri üzrə tarixi qrammatika sahəsində onların işlənmə məqamları, qrammatik fəallıqları müəyyən edilir, onların tarixən keçdikləri tarixi təkamülü dil faktları əsasında izlənməsi oxucu və mütəxəssisdə aydın və obyektiv təəssüratlar yaradır. Bu hissələrdən sonra seminar məşğələlərinin izahlı şəkildə verilməsi əsərin metodik baxımdan rolunu artırır. Məlumdur ki, hər xalqın dili bir mənəvi sərvət kimi, mənsub olduğu xalqın, ümumən, formalaşmasında mühüm amildir. Əsərdə dil tarixi mütəxəssislərinin bu sahədəki məlum əsərlərinə istinadlarla onlara həmrəylik bildirilir və qeyd edək ki, tədqiqatın bu səpgidə aparılması gənc nəslin vacib elmi mənbələrlə tanış olmasını asanlaşdırır və onların dil tarixi sahəsi ilə əyani vasitələrlə, bilavasitə tanış olmalarına şərait yaradır. Belə müqayisələr əsərboyu müvafiq məqamlarda müşahidə edilir. Müəllifin professor Qəzənfər Kazımova əsaslanaraq gəldiyi nəticəsi gənc nəslin dilimiz, millətimiz haqqında obyektiv təsəvvür yaradır; “Azərbaycan dili ən azı beş min il ərzində Azərbaycan torpaqlarında məskunlaşmış (aborigen-oturaq C.M) Azərbaycan türk tayfalarının dilinin varisidir” .

Kitabda elmi və təcrübi təhlilini tapmış türkdilli abidələrdən biri də Orxon-Yenisey abidələridir. XI əsrdə yazıya alınmış Mahmud Kaşqarinin “Divani-luğat-it-türk” əsərini təcrübəli türkoloqlar “qızıl xəzinə” və məşhur adlandırmışlar. Bu əsər türkologiya tarixində ilk türk dillərinin lüğətidir. Bu əsər yalnız sözlərin toplumu deyil, qələmə alındığı dövrün durumunu müəyyən edən qiymətli və məzmunu ağır çəkiyə malikdir. Əsər min il bundan öncə qələmə alınmışdır. Əsərin müəllifi türk xalqlarının böyük oğlu Mahmud Kaşqari həm də böyük zəhmətkeş olmuşdur. Özünün yazdığına görə bu nəhəng əsər üçün dil materialını ensiklopedik biliklərə malik bu böyük alim “at üstündə türk oymaqlarını gəzib hər bir dil faktını özü toplamışdır və nə yaxşı ki belə bir “öz dövrünün və ümumən  türk xalqlarının müqəddəratını təyin edən zəngin bir etno-leksikolojik xəzinəni öz xalqına- bütün türk dünyasına ərməğan etmişdir. Allah qəni-qəni rəhmət eləsin!

Kitabda Mahmud Kaşqarinin bu möhtəşəm əsəri- “Divan”ı hərtərəfli araşdırılıb gənc nəslə təqdim edilir, onun türkologiya elmi üçün ordu qiyməti az, lakin dəqiq dil faktları ilə oxuculara təqdim edilir.

Dədə Qorqud eposu Azərbaycan türk xalqının milli təxəyyülünün şah əsəridir. Digər türk dillərilə ümumi məqamları olsa da, dastan əsasən “Qafqaz türklərinin təxəyyülünün nəticəsidir” (V.V. Bartold) Akademik Tarixi qrammatikanın tədqiqi zamanı Azərbaycan folklor abidələri ilkin mənbələrdəndir. Folklor insanın ömrü boyu onunla yanaşı addımladığı ən etibarlı mənbələrdəndir. Bəzən heç bir yazılı abidədə, yaxud ədəbi dil janrlarında olmayan hər hansı bir dil faktı folklor abidələrində gizlənir. Beləliklə kitabın “Giriş” hissəsində “Onomastika (tayfa və yer adları)”, “Qonşu dillər”dən də bəhs edilir.

Ümumən, “Giriş” kifayət qədər ətraflı və razıedici yazılmışdır. Hər kiçik hissədən sonra əsas mətnə aid sual və tapşırıqlar mövzunun hərtərəfli mənimsənilməsinə xidmət edən köməkçi, istiqamətverici vasitələr kimi tələbələrin mövzunun mənimsənilməsinə yaxından kömək edə bilər. Əsər dil tarixi fənninin tədrisi prosesinə kömək edən, aydınlıq gətirən dörd bölümün izahlı tədrisinə kömək edən vasitələrin elmi-metodik izahlarını və araşdırılmasını əks etdirir.
Vəsaitin III bölüm diaxron morfologiya məsələlərinə həsr edilmişdir. Burada əsas və köməkçi nitq hissələrinin tarixi inkişafı izlənilir.

SEVİL MEHDİYEVA,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi,
filologiya elmləri doktoru, professor