Müasir dövrdə insanların gündəlik stress və çətinliklərlə üzləşməsi psixoloji gərginliyi artıran əsas amillərdən biri kimi qiymətləndirilir.
Bunu psixoloq Təranə Paşayeva “İki sahil”ə özəl açıqlamasında bu vəziyyətdə insanların ən çox yol verdiyi səhvlərdən danışarkən söyləyib.
Onun sözlərinə görə, ən geniş yayılmış yanlış yanaşmalardan biri emosiyaların inkar edilməsi və ya onların “boğulmağa” çalışılmasıdır. Bu hal isə zamanla daxili gərginliyin artmasına və psixoloji balansın pozulmasına gətirib çıxarır.
Təranə Paşayeva əlavə edib ki, digər ciddi səhv problemləri ümumiləşdirərək hər şeyi “fəlakət” kimi qəbul etməkdir. Bəzi insanlar isə çətin vəziyyətlərdə yardım istəməkdən çəkinir və bütün yükü təkbaşına daşımağa çalışırlar. Psixoloqun fikrincə, bu vəziyyətdən çıxışın ən doğru yolu emosiyaları qəbul etmək və onları adlandırmaqdır. Daha sonra isə problemi kiçik və idarə oluna bilən hissələrə bölərək addım-addım həll etmək vacibdir.
O həmçinin vurğulayıb ki, sosial dəstək və sağlam gündəlik rejim stresslə mübarizədə mühüm rol oynayır və insanın psixoloji dayanıqlılığını gücləndirir.
Yaqut Ağaşahqızı, “İki sahil”