Çətin və stresli vəziyyətlərdə insanın özünü qorumaq üçün istifadə etdiyi psixoloji müdafiə mexanizmləri bəzən faydalı olsa da, uzunmüddətli istifadədə mənfi nəticələrə səbəb ola bilər.
Bu barədə psixoloq Təranə Paşayeva “İki sahil”ə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, psixoloji müdafiə mexanizmləri insanın özünü qoruması üçün təbii şəkildə formalaşır və qısa müddətdə müəyyən rahatlıq yarada bilər. Məsələn, inkar və diqqətin yayındırılması ilkin mərhələdə emosional ağrını azaltmağa kömək edir.
Lakin psixoloq qeyd edib ki, bu üsullar uzun müddət davamlı şəkildə istifadə olunduqda insanın reallıqdan uzaqlaşmasına səbəb olur. Bu isə problemin həllini gecikdirir və daxili gərginliyi daha da artırır.
Təranə Paşayevanın fikrincə, daha sağlam yanaşma bu mexanizmlərin fərqində olmaq və onları tədricən daha adaptiv üsullarla əvəz etməkdir. Emosiyaların ifadə olunması və vəziyyətin real şəkildə analiz edilməsi bu baxımdan daha effektiv sayılır.
O vurğulayıb ki, psixoloji müdafiə mexanizmlərinin faydalılığı onların necə və nə qədər istifadə olunmasından birbaşa asılıdır.
Yaqut Ağaşahqızı, “İki sahil”