Böyük uğursuzluq və ya itki ilə qarşılaşan insanlarda emosional bərpa prosesinin sürətlənməsi üçün ilk növbədə yaşanan hisslərin qəbul edilməsi vacibdir.
Bu barədə psixoloq Təranə Paşayeva “İki sahil”ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, insanlar çox vaxt tez bir zamanda “özlərinə gəlməyə” çalışırlar, lakin emosional bərpa təbii mərhələlərdən ibarət bir prosesdir.
Psixoloq qeyd edib ki, duyğuların ifadə olunması, xüsusilə danışmaq və ya yazmaq daxili psixoloji yükü azaldır. Sosial dəstək — ailə, dostlar və ya mütəxəssis yardımı - bu prosesi əhəmiyyətli dərəcədə sürətləndirir.
Təranə Paşayeva əlavə edib ki, gündəlik həyata tədricən qayıdış psixoloji sabitlik yaradır, kiçik uğurların qeyd olunması isə özünəinamın bərpasına xidmət edir.
Həmsöhbətimiz həmçinin vurğulayıb ki, zəruri hallarda psixoloji dəstək almaq emosional bərpa prosesini daha sağlam və davamlı edir.
Yaqut Ağaşahqızı, “İki sahil”