17 aprel 2026 01:25
210

Yeniləşən, müasirləşən yol infrastrukturu

İşğaldan azad edilmiş ərazilərdə möhtəşəm yol şəbəkəsinin yaradılması keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına, Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişaf planlarının həyata keçirilməsinə töhfədir

6 ilə yaxındır ki, işğaldan azad olunmuş ərazilər böyük tikinti və yenidənqurma məkanına çevrilib. Dövlətimiz tərəfindən həyata keçirilən infrastruktur layihələri fasiləsiz və planlı şəkildə icra olunur. Əsas məqsəd keçmiş məcburi köçkünlərin təhlükəsiz və firavan şəraitdə doğma torpaqlarına qayıdışını təmin etməkdir. İndiyədək işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb. 2026-cı il dövlət büdcəsində isə bu istiqamətə 3,5 milyard manat, yəni ümumi xərclərin 8,4 faizi nəzərdə tutulub.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri yalnız dağıdılmış infrastrukturun yenidən qurulmasını deyil, eyni zamanda, tarixi-mədəni irsin qorunmasını, milli memarlıq ənənələrinin bərpasını və müasir şəhərsalma prinsiplərinin tətbiqini əhatə edir. Həyata keçirilən nəhəng infrastruktur layihələri arasında yol-nəqliyyat infrastrukturu xüsusi yer tutur. Çünki yol olan yerdə həyat var, iqtisadiyyat, məskunlaşma, sosial inkişaf var. Məhz bu səbəbdən Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə bərpa prosesinə yol tikintisi ilə start verdi. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və şəxsi nəzarəti altında bu istiqamətdə qısa zaman ərzində olduqca böyük miqyaslı işlər görülüb. Hərbi qələbənin ardınca gələn mühüm strateji mərhələ - iqtisadi və sosial quruculuq mərhələsi ölkənin bütün resurslarının cəmləndiyi ümummilli bir səfərbərlik mahiyyəti daşıyır. Qarabağın və Şərqi Zəngəzurun yolları – həm fiziki, həm də rəmzi mənada Böyük Qayıdışın yoludur.

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı bu yol infrastrukturunun planlı və sistemli şəkildə icrasını təmin edir. Sözügedən Proqramla yanaşı, Prezident İlham Əliyevin çoxsaylı Sərəncam və göstərişləri əsasında bu bölgədəki avtomobil yollarının layihələndirilməsi, tikintisi və istifadəyə verilməsi prosesi ardıcıl şəkildə həyata keçirilir. Beynəlxalq standartlara cavab verən avtomobil yolları, dəmir yolu xətləri, körpülər və tunellər inşa edilir. İndiyədək 40-dan artıq avtomobil yolu layihəsinin icrasına başlanılıb. Onlardan bir qismi tamamlanıb (Zəfər yolu, Tərtər-Çaylı-Suqovuşan-Talış, Füzuli-Hadrut yolları, Əhmədbəyli-Füzuli-Şuşa yolu və s.). Bu yollar regionun iqtisadi və sosial həyatına yeni nəfəs gətirir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, hazırda ümumi uzunluğu 3878,1 km olan 68 layihənin tikintisi planlaşdırılır. Ümumi uzunluğu 1454,3 km olan 30 yol layihəsində tikinti işləri başa çatdırılıb. Uzunluğu 2432,8 km olan 38 layihədə tikinti işləri davam edir. Ümumi uzunluğu 71,2 km olan 48 tunelin tikintisi planlaşdırılır, 7 tunelin tikintisi başa çatıb.Ümumi uzunluğu 57,6 km olan 41 tunelin tikintisi isə davam edir. Məlumata görə, ümumi uzunluğu 9581,6 metr olan 447 körpünün tikintisi planlaşdırılır, ümumi uzunluğu 8839,1 metr olan 392 körpü artıq tikilib.

Qeyd edək ki, çəkilən yolların kateqoriyası əsasən birinci və ikinci dərəcəlidir. Təbii ki, o cür çətin dağlıq relyef şəraitində birinci və ikinci dərəcəli yolların çəkilməsi asan məsələ deyil. Bunun üçün ölkənin iqtisadiyyatı dayanıqlı olmalı, müvafiq qurumlar koordinasiyalı işləməyi bacarmalıdır. Bundan başqa, bu yollarda hərəkətin daha rahat və sadələşdirilmiş şəkildə təşkili üçün ağıllı yol infrastrukturu səviyyəsində qurulması da gözlənilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrində məskunlaşacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından önəmli aspektlərdən biridir.

Azərbaycan dövləti təkcə magistral yolların deyil, həmçinin kəndlərə, yeni salınan yaşayış massivlərinə gedən yerli yolların da çəkilişinə eyni diqqət və məsuliyyətlə yanaşır. Kənd yollarının bərpası, alternativ yolların açılması, keçilməz dağlıq ərazilərdə asfalt-beton örtüklü yolların inşası bərpa prosesinin əhatəli aparıldığını sübut edir. Yol infrastrukturu həm də tikinti, kənd təsərrüfatı, xidmət və ticarət sahələrinin bərpası üçün ilkin və həlledici rol oynayır. Hazırda Böyük Qayıdış Proqramı çərçivəsində məskunlaşdırılan kənd və qəsəbələrə gedən yollar sürətlə asfaltlaşdırılır, keçidlər və qovşaqlar yaradılır. Yol tikintisi paralel şəkildə elektrik, qaz, su və telekommunikasiya xətlərinin çəkilişi ilə sinxronlaşdırılır. Bu sinxron inkişaf modeli Azərbaycanın bu ərazilərdə həyata keçirdiyi quruculuq prosesinin planlı və sistemli aparıldığını göstərir.

Qeyd edək ki, nəqliyyat sisteminin əsas sütunlarından biri hava yoludur. Azad edilmiş Füzuli, Zəngilan və Laçında Beynəlxalq Hava limanlarının tikilməsi Böyük Qayıdış Proqramının uğurla icra olunduğunun göstəricisidir. Laçın Hava Limanının istifadəyə verilməsi ilə ölkəmizdə beynəlxalq hava limanlarının sayı doqquza çatıb. Bu hava limanları regionu həm ölkədaxili, həm də beynəlxalq marşrutlarla birləşdirən strateji mərkəzə çevirir. Bundan əlavə, dəmir yolu layihələri də xüsusi əhəmiyyət daşıyır. Horadiz-Ağbənd dəmir yolu xətti və digər layihələr bölgənin tranzit imkanlarını artırır. Bu xətlər Zəngəzur dəhlizi çərçivəsində regionun iqtisadi rolunu daha da gücləndirir.

Qarabağ və Şərqi Zəngəzurda aparılan bu genişmiqyaslı yol tikintisi prosesi Azərbaycan xalqının gücünü, əzmini və yenidən quruculuq iradəsini nümayiş etdirir. Dövlətin maliyyə resursları, beynəlxalq tərəfdaşlıqlar, yerli inşaat potensialı və innovativ texnologiyalar bu prosesin uğurla və sürətlə aparılmasını təmin edir.

Sevinc Azadi, “İki sahil”