28 aprel 2026 13:21
166

Uğurlu siyasətin uğurlu modelləri - ŞƏRH

“Əslində, ötən ilin avqust ayından etibarən hər iki ölkə Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunandan və Birgə Bəyanat imzalanandan sonra və xarici işlər nazirlərinin sülh sazişinin mətnini parafladıqdan sonra bizdə de-fakto sülh var”.

Bu sözləri Prezident İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında deyib. O, həmçinin bildirib ki, həmin vaxtdan etibarən sülh prosesində xeyli müsbət dinamika yaşandı, o cümlədən ticarət başlandı, xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu, vətəndaş cəmiyyəti və media nümayəndələri arasında görüşlər keçirildi və bütün bunlar uzun illər müharibə şəraitində olan ölkələr arasında, həmçinin normal mühitin yaradılmasına töhfə verir. Prezidentin sözlərinə görə, bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir. Elə 30 ildən çox davam edən münaqişəyə də bütün xarici təzyiqlərə rəğmən prinsipial mövqeyindən geri çəkilməyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz siyasi iradəsi və müdrikliyi ilə son qoydu. Bununla da sübut etdi ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Yəni, müharibəyə son qoymaq, həm də sülhü başlatmaq olar. İndi əsas məsələ bu qələbəni hüquqi sənədə çevirməkdir. Ermənistan öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmaqla bunu reallaşdıra bilər.

Yeri gəlmişkən, tarixi proseslərə nəzər saldıqda bir daha aydın olur ki, bu kimi proseslərdə məhz əsl liderlər məsuliyyəti öz üzərlərinə götürərək xalqın daim arzusunda olduğu suverenliyi gerçəkləşdirirlər. Bu isə o deməkdir ki, təkcə regionun təhlükəsizliyi üçün, ümumilikdə bütün dünya üçün önəmli olan sülh sazişinin yekunlaşması o qədər də uzaqda deyil: “Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər”.

Bu gün dünya miqyasında mürəkkəb, uzunmüddətli münaqişələrin, müharibələrin getdiyi bir dönəmdə bu, olduqca mühüm nailliyyət sayıla bilər. Yeri gəlmişkən qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan aprelin 22-də Yunanıstanda keçirilən Delfi İqtisadi Forumunda deyib ki, İrəvan Bakı ilə sülh sazişinin imzalanmasına yaxınlaşıb. 

Şübhəsiz, müharibənin vurduğu yaralar da dövlətimizin başçısının müdrikliyi, siyasi iradəsi ilə aradan qaldırılacaq. Artıq bu istiqamətdə əməli işlər görülüb və görülməkdə davam edir. Onu da vurğulayaq ki, Vətən müharibəsindən dərhal sonra azad edilmiş torpaqlarımızda Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə genişmiqyaslı quruculuq və bərpa prosesinə başlanılıb. Halbuki indiyə kimi dünyanın müharibə gedən heç bir ölkəsində savaşdan sonra bu cür sürətli bərpa-quruculuq işləri aparılmayıb.  Bəli, bu gün müasir dünya standartları səviyyəsində sıfırdan başlayaraq şəhərlərin, kənd və qəsəbələrin yenidən qurulması, müasir infrastrukturun yaradılması, hava limanlarının, tunellərin inşası Böyük Qayıdışın, daha doğrusu, bu siyasi iradənin və müdrikliyinin nümunəsi kimi göz oxşamaqdadır.  Bura məcburi köçkünlərin qayıdışlarını da əlavə etsək, şübhəsiz, daha gözəl mənzərənin şahidi olarıq.

 44 günlük Vətən müharibəsi və cəmi 23 saat çəkən antiterror tədbirləri, daha doğrusu, öz tarixi Zəfəri ilə tam və qəti qələbə qazanmış, Cənubi Qafqaza yeni reallıqlar gətirmiş Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa-quruculuq işlərinin timsalında həm də dünya şəhərsalma təcrübəsinin özünəməxsus modelini yaradır. Artıq Azərbaycanın bu təcrübəsi bir çox ölkələr üçün maraqlıdır. Bu kimi addımlar dünyanın tanınmış liderləri tərəfindən müsbət dəyərləndirilir. Şübhəsiz, belə olmasaydı, Azərbaycanın paytaxtı Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) ev sahibi seçilməzdi.

Qvami Məhəbbətoğlu, “İki sahil”