Cənubi Qafqaz regionunda artan diplomatik fəallıq fonunda Azərbaycanın beynəlxalq proseslərdə rolu getdikcə daha qabarıq şəkildə özünü göstərir. Son dövrlərdə müxtəlif Avropa ölkələrinin yüksək səviyyəli nümayəndələrinin Bakıya səfərləri bu dinamikanın təsadüfi olmadığını aydın şəkildə nümayiş etdirir. Bu tendensiya Azərbaycanın artıq təkcə enerji tərəfdaşı kimi deyil, eyni zamanda siyasi dialoq, regional əməkdaşlıq və çoxtərəfli təşəbbüslər üçün etibarlı platforma kimi qəbul edildiyini təsdiqləyir. Xüsusilə Avropa dövlətlərinin Azərbaycana artan marağı regionda sabitliyin təmin olunması, enerji təhlükəsizliyinin gücləndirilməsi və yeni nəqliyyat-kommunikasiya dəhlizlərinin inkişafı kimi strateji prioritetlərlə bağlıdır.
Bu ümumi geosiyasi fon Azərbaycan Respublikası ilə Çex Respublikası arasında münasibətlərin inkişafına da müsbət təsir göstərməkdədir. Qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və beynəlxalq hüququn prinsiplərinə sadiqlik əsasında formalaşan bu əlaqələr son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Hər iki ölkə siyasi dialoqun gücləndirilməsinə, iqtisadi əməkdaşlığın genişləndirilməsinə və enerji təhlükəsizliyi, sənaye, nəqliyyat kimi strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir. Avropa ilə Cənubi Qafqaz arasında mühüm körpü rolunu oynayan Azərbaycan və Avropa İttifaqına üzv olan Çexiya beynəlxalq və regional məsələlərdə də oxşar mövqelərdən çıxış edərək əməkdaşlığın coğrafiyasını və məzmununu davamlı şəkildə genişləndirirlər.
Bu kontekstdə, 2026-cı il aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babiş arasında Qəbələdə keçirilmiş görüş və mətbuata verilən bəyanatlar ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Prezident İlham Əliyev bəyanatında vurğulamışdır ki, bu görüş tərəflər arasında ilk görüş olsa da, olduqca məhsuldar keçmiş, geniş spektrli məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılmışdır. Dövlət başçısı Çexiyanın Baş nazirini Azərbaycana rəsmi səfərə dəvət etdiyini xatırladaraq, bu səfərin reallaşmasının iki ölkə arasındakı əlaqələrin dinamik inkişafını bir daha təsdiqlədiyini qeyd etmişdir. “Bizim indi çox fəal siyasi dialoqumuz var” deyə Prezident bildirmiş, həm regional, həm ikitərəfli, həm də qlobal xarakterli məsələlərin müzakirə olunduğunu diqqətə çatdırmışdır.
Görüş zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı konkret təkliflər irəli sürülmüş, xüsusilə energetika sahəsində tərəfdaşlığın əhəmiyyəti vurğulanmışdır. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan öz təbii qazını hazırda 16 ölkəyə ixrac edir və bu ölkələrdən 10-u Avropa İttifaqının üzvüdür. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu nümayiş etdirir və Çexiya ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial yaradır.
Bununla yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlıq da tərəflər arasında önəmli istiqamətlərdən biri kimi qeyd olunmuş, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilmişdir. Eyni zamanda, nəqliyyat, sənaye, innovasiya və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin mövcud olduğu vurğulanmışdır.
Beləliklə, Prezident İlham Əliyev ilə Baş nazir Andrey Babiş arasında keçirilmiş görüş və verilmiş bəyanatlar Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir. Fəal siyasi dialoq və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq iki ölkə arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə zəmin yaradır.
Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri