Niderland hakimiyyəti Avropa İttifaqı ölkələrinə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın maliyyələşdirilməsi məqsədilə istifadə olunması məsələsini yenidən müzakirəyə çıxarmağı təklif edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri diplomatlar və Aİ rəsmilərinə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, bu həftə Brüsseldə keçirilən Aİ ölkələrinin maliyyə nazirlərinin qapalı görüşündə Niderlandın maliyyə naziri Elko Heynen məsələni həmkarları ilə müzakirə edib. Bildirilir ki, o, görüş iştirakçılarından bir neçəsinin dəstəyini qazana bilib.
Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kredit ayrılması məqsədilə istifadə olunması ideyası 2025-ci ildə Aİ-də fəal şəkildə müzakirə olunurdu. Lakin aktivlərin böyük hissəsinin saxlanıldığı Belçika bu plana qarşı çıxmışdı. Macarıstan da təşəbbüsü dəstəkləməmişdi. İtaliya və Fransa daxil olmaqla bəzi digər ölkələr də tərəddüdlərini ifadə etmişdilər.
Nəticədə ötən ilin dekabrında Ukraynaya 90 milyard avro həcmində kredit ayrılması barədə qərar qəbul edilmiş, lakin bu prosesdə Rusiyanın dondurulmuş aktivlərindən istifadə olunmamışdı.
"Politico" yazır ki, məsələnin yenidən gündəmə gətirilməsi Avropa İttifaqında yeni və sərt mübahisələrə səbəb ola bilər. Nəşrin məlumatına görə, Elko Heynenin təklifini Estoniya, Latviya, Litva və Finlandiya dəstəkləyib. Digər ölkələr isə təşəbbüslə bağlı açıq mövqe bildirməyiblər.