08 may 2026 14:08
107

Tramp bu addımı Səudiyyə Ərəbistanının təzyiqi ilə atıb?

ABŞ prezidenti Donald Trampın Hörmuz boğazında ticarət gəmiçiliyinin bərpasına yönəlmiş “Azadlıq layihəsi”ni (Project Freedom) gözlənilmədən dayandırması Səudiyyə Ərəbistanının bu əməliyyata qarşı çıxması ilə bağlıdır.

“İki sahil” xəbər verir ki,  bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Məlumata əsasən, vəziyyətlə tanış mənbələr bildiriblər ki, Ər-Riyad ABŞ hərbi gəmiləri tərəfindən Fars körfəzində qalan gəmilərin azad edilməsi əməliyyatını “qeyri-düşünülmüş” və “vəziyyəti daha da gərginləşdirən addım” kimi qiymətləndirib. Bu səbəbdən Səudiyyə Ərəbistanı ABŞ-a öz hərbi bazalarından və hava məkanından istifadə etməyə icazə verməyib.

Qəzet yazır ki, məhdudiyyətlər yalnız ABŞ prezidenti ilə Səudiyyə Ərəbistanının faktiki lideri, vəliəhd şahzadə Məhəmməd bin Salman arasında telefon danışığından sonra aradan qaldırılıb.

Donald Tramp “Azadlıq layihəsi”ni mayın 3-də elan etmiş, lakin cəmi üç gün sonra onu “müvəqqəti dayandırdığını” açıqlamışdı. O, qərarını Pakistan və digər ölkələrin müraciətləri, həmçinin İranla mümkün tam razılaşma istiqamətində “əhəmiyyətli irəliləyiş” əldə olunması ilə izah etmişdi.

Ağ Evin anonim nümayəndələrindən biri isə Financial Timesın Səudiyyə Ərəbistanının roluna dair iddialarını təkzib edib. O, bu məlumatları “yalan xəbər” adlandıraraq bildirib ki, bütün regional müttəfiqlər layihə barədə əvvəlcədən məlumatlandırılıb və heç bir məhdudiyyət tətbiq edilməyib.