İran polisin ixtisaslaşmış bölmələri ABŞ və İsrailə qarşı 40 günlük müharibədə partlayış baş verən 1500 yerdə olub və 185 ədəd müxtəlif növ bomba zərərsizləşdirib.
“İki sahil” xəbər verir ki, bu barədə polisə istinadən "SNNTV" məlumat yayıb.
"İran polisi "Ramazan müharibəsi"ndə partlayış baş verən yerlərdə olub, şəhər və kənd ərazilərində 185 ədəd müxtəlif növ bombanı zərərsizləşdirərək onların daşınması və məhv edilməsini həyata keçirib", - məlumatda bildirilib və əlavə edilib ki, MK84 və GBU bombaları ilə təchiz edilmiş "Tomahawk" raketi, "Spike" raketdən müdafiə sistemi, "Cruise" və "Hermes" dronlarının zərərsizləşdirilməsi və təhlükəsiz daşınması polisin ən mühüm tədbirlərindən olub.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə hava zərbələri endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər, sonradan Ağ Ev rəhbəri Donald Tramp atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11–12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Uzun sürən müzakirələrdən sonra tərəflər razılığa gələ bilməyiblər.
Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. Öz növbəsində İran Hörmüzün Fars körfəzi ölkələrinə gedən gəmilər üçün bağlandığını bildirib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.