10 may 2026 01:54
88

Hakan Fidan: Türkiyə fələstinlilərin Qəzzadan çıxarılmasına qarşıdır

Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

"Xarici işlər naziri Hakan Fidan HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərvişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb", - məlumatda bildirilib və əlavə edilib ki, Türkiyə Fələstin xalqının Qəzzadan ayrılması məqsədi ilə atılan hər cür addıma qarşı qətiyyətlə mübarizə aparmağa davam edəcək.

Görüşdə Qəzzada qalıcı sülhün bərqərar olması üçün davam edən işlər, humanitar yardımın çatdırılması üçün həyata keçirilən fəaliyyətlər və bölgədəki digər proseslər müzakirə olunub:

"Xarici işlər naziri Fidan bölgədəki müharibənin (ABŞ ilə İsrailin İrana qarşı apardığı savaş – red.) Fələstin məsələsinin unudulmasına səbəb olmamalı olduğunu, Türkiyənin Qəzza və İordan çayının Qərb sahilində İsrailin səbəb olduğu fəlakətləri beynəlxalq ictimaiyyətin gündəmində saxlamağa davam etdiyini bildirib".

İslam ölkələri başda olmaqla, Fələstinə dəstək verən bütün dövlətlərin fələstinlilərin haqlı mübarizəsini müdafiə etməyə davam etməli olduğunu vurğulayan nazir Türkiyənin bu yöndə səy göstərdiyini xatırladıb.