10 may 2026 09:57
132

İki şirkət arasında böyük razılaşma

"Apple" və "Intel" "iPhone" cihazları üçün nəzərdə tutulan çiplərin bir hissəsinin istehsalı ilə bağlı ilkin razılığa gəliblər.

“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" danışıqlarla tanış olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, şirkətlər bir ildən artıq müddətdə intensiv müzakirələr aparıblar və yekun razılaşma son aylarda formalaşıb.

Xəbərin yayılmasından sonra "Intel" şirkətinin səhmləri 15%, "Apple" səhmləri isə təxminən 1,7% bahalaşıb.

Bildirilir ki, "Apple"dan sifariş almaq "Intel" üçün sabit sifariş axını yarada və şirkətin son illərdə Tayvanın TSMC şirkətindən geri qaldığı müqaviləli istehsal bazarındakı mövqeyini gücləndirə bilər.

WSJ qeyd edir ki, danışıqlarda ABŞ hakimiyyəti də mühüm rol oynayıb. Donald Tramp administrasiyası ölkə daxilində yarımkeçirici istehsalının genişləndirilməsində və ABŞ mikroelektronika sənayesinin gücləndirilməsində maraqlıdır.

Administrasiya nümayəndəsinin sözlərinə görə, Vaşinqton ümumilikdə "Intel"i ABŞ-nin ən böyük çip istehsalçılarından biri kimi dəstəkləməyə çalışır.

Hələlik "Intel"in "Apple" üçün konkret hansı komponentləri istehsal edəcəyi açıqlanmayıb. Hər iki şirkət məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina edib.

Məlumata görə, bu əməkdaşlıq "Apple" üçün TSMC zavodlarının yüksək yüklənməsi fonunda istehsal güclərini şaxələndirmək imkanı yarada bilər. Hazırda həmin zavodlara "Nvidia" və AMD də daxil olmaqla süni intellekt çipləri istehsalçıları tərəfindən yüksək tələbat var.