12 may 2026 00:55
97

Sorğu: Fransızların 91 faizi ölkənin iqtisadi gələcəyi ilə bağlı bədbin mövqedədir

Fransada keçirilən yeni ictimai rəy sorğusu ölkədə iqtisadi vəziyyətlə bağlı narahatlığın ciddi şəkildə artdığını göstərib.

Dünyanın ən böyük araşdırma və sorğu şirkətləri “Ipsos BVA” tərəfindən “La Tribune Dimanche” qəzeti üçün aparılan araşdırmaya əsasən, fransızların 91 faizi ölkənin iqtisadi gələcəyi ilə bağlı bədbin mövqedədir.

Respondentlərin 30 faizi dövlət borcu və büdcə kəsirini əsas narahatlıq səbəblərindən biri kimi göstərib. Bu göstəricilər alıcılıq qabiliyyəti və sosial sistemin gələcəyi ilə bağlı qorxulardan sonra üçüncü yerdə qərarlaşıb.

Araşdırmaya görə, iqtisadi vəziyyətlə bağlı ən çox narahatlıq hakim koalisiyanı dəstəkləyən seçicilər arasında müşahidə olunur. “Renaissance”, “MoDem” və “Horizons” tərəfdarları arasında bu göstərici daha yüksəkdir. Sosialist və Milli Birlik partiyalarının seçiciləri onlardan sonra gəlir.

İnflyasiya və iqtisadi artımın dayanması narahatlığı artırır

Ekspertlər bildirirlər ki, əhalinin narahatlığının əsas səbəblərindən biri inflyasiyanın yenidən sürətlənməsidir. Aprel ayında qiymət artımı illik müqayisədə 2,2 faiz təşkil edib. Mart ayında isə bu göstərici 1,7 faiz idi. İnflyasiyanın yüksəlməsinə əsasən neft qiymətlərinin artması təsir göstərib.

Sorğu institutunun baş direktoru Bris Təntürye qeyd edib ki, vətəndaşlar hökumətin yanacaq qiymətlərinə təsir imkanlarının məhdud olduğunu anlayırlar. Hazırkı hökumət əvvəlki böhran dövründə olduğu kimi ümumi subsidiyalar deyil, yalnız hədəfli yanacaq dəstəyi tətbiq edir. Bu siyasət isə Avropa İttifaqının tövsiyələrinə uyğun həyata keçirilir.

Bununla yanaşı, iqtisadi artımın faktiki olaraq dayanması da əhali arasında narahatlığı artırır. Statistika və İqtisadi Araşdırma Milli İnstitutunun (INSEE) son məlumatlarına görə, ötən rübdə ölkənin ÜDM göstəricisində artım qeydə alınmayıb.

Dünya iqtisadiyyatı ilə bağlı qorxu artır

Sorğu yalnız Fransadakı iqtisadi vəziyyətlə bağlı deyil, qlobal iqtisadi durumla əlaqədar da ciddi narahatlıq olduğunu ortaya qoyub. Respondentlərin 88 faizi dünya iqtisadiyyatının vəziyyətindən də narahat olduqlarını bildirib.

Ekspertlər bunun əsas səbəbləri kimi Yaxın Şərqdə davam edən müharibəni və Hörmüz boğazı ətrafında yaranmış gərginliyi göstərirlər. Bölgədəki vəziyyət neft bazarına ciddi təsir edir və enerji qiymətlərinin yüksəlməsinə səbəb olur. Bundan əlavə, ABŞ bazarına ixracatda yaranan çətinliklər də Avropa iqtisadiyyatına mənfi təsir göstərir.

Bunun əsas səbəbi isə Donald Tramp administrasiyası tərəfindən tətbiq olunan yeni gömrük rüsumlarıdır. Vaşinqton sonradan bəzi tarifləri azaltmağa razılaşsa da, Avropa İttifaqından ABŞ-a ixrac olunan məhsullar üçün 15 faiz gömrük rüsumu qüvvədə qalır.

Mütəxəssislər hesab edirlər ki, həm daxili iqtisadi çətinliklər, həm də qlobal qeyri-sabitlik Fransada sosial və siyasi narahatlığın daha da artmasına səbəb ola bilər.

AZƏRTAC