12 may 2026 23:37
130

Azərbaycandan Qərbə mesajlar: Biz istəməsəydik, sülh olmayacaqdı

Xarici güclərin birtərəfli yanaşmaları etimad mühitini zəiflədir, dialoq imkanlarını məhdudlaşdırır və yeni gərginlik riskləri yaradır

Onilliklər boyu adı münaqişə ocağı kimi hallanan Cənubi Qafqaz dünyanın indiki müharibələrlə, siyasi təlatümlərlə çalxalandığı dövrdə nümunə götürüləcək barışın, əməkdaşlığın bərqərar olduğu ünvan kimi tanınır. İndi qlobal sülhlə bağlı keçirilən sammitlərdə tərəqqi vəd edən sülh mühiti formalaşdırılmış regionumuzun misal çəkilməsi də bu baxımdan təbiidir. Bütün bu gerçəkliklər isə Azərbaycanın liderliyi ilə yürüdülən normallaşma prosesinin, sülh gündəliyinə sadiqliyinin parlaq nəticələridir. Bu baxımdan Ötən ilin 10 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü sülh prosesində mühüm əhəmiyyət daşıdı. Sözügedən görüşdə iki ölkə arasında sülh və normallaşma istiqamətində reallaşdırılacaq məsələlərlə bağlı müzakirələr aparıldı, razılaşmalar əldə edildi. Əbu-Dabi görüşü beynəlxalq birlik tərəfindən də sülh prosesində vacib məqam kimi qiymətləndirildi. Beləliklə, Azərbaycanın liderliyi ilə irəlilədilən sülh prosesi addım-addım 8 avqust tarixli Vaşinqton zirvəsinə yüksəldildi. Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə vacib razılaşmaların əldə edilməsi təkcə bölgədə deyil, daha geniş coğrafiyada inkişaf və əməkdaşlıq üçün geniş üfüqlər açdı. Vaşinqton görüşü sülh gündəliyinin nizamlanması, normallaşma istiqamətində real nəticələrin əldə olunması istiqamətində, Cənubi Qafqazda dayanıqlı sülhə aparan yolda mühüm siyasi hadisə oldu. Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Donald Trampın şahidliyi ilə Birgə Bəyannamə imzalandı. Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflandı.

Azərbaycan–Ermənistan münasibətlərində normallaşma prosesinin ən həssas mərhələsinin yaşandığı bir vaxtda Avropa Parlamenti və bəzi Qərb siyasi dairələrinin Bakıya qarşı ritorikanı sərtləşdirmələr artıq təsadüfi görünmür. Son illər xüsusilə Fransanın təşəbbüsü ilə formalaşan anti-Azərbaycan platforması indi açıq şəkildə regiondakı sülh gündəliyinə təsir etməyə çalışır. Rəsmi Bakı isə bunu təkcə diplomatik təzyiq yox, həm də siyasi ikili standartların davamı kimi qiymətləndirir. Burada daha bir mühüm məqam ortaya çıxır: regiondan kənar qüvvələrin sülh prosesinə münasibəti. Faktiki mənzərə göstərir ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə ən çox mane olan amillərdən biri xarici müdaxilədir.

Mayın 10-da Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündəki çıxışı zamanı diqqəti bir daha bu məsələlərə yönəltdi. Dövlətimizin başçısı Azərbaycan torpaqlarının işğaldan azad olunmasına müqavimət göstərən çevrələrin hələ də anti-Azərbaycan fəaliyyəti göstərməsi ilə bağlı önəmli fikirlər söylədi. Yenə də sülhə balta vurmağa, Ermənistan xalqının başını dərdə salmağa çalışan dairələrə vacib xəbərdarlıqlar səsləndi. Ölkə başçısı bildirdi ki, biz istəməsəydik sülh olmayacaqdı: “Biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər. Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər.”

Prezident İlham Əliyev Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının birtərəflı fəaliyyətinə də toxundu. Ölkəmizin başçısı missiyanın bölgədə mövculuğunun Azərbaycan-Aİ münasibətlərinə də mənfi təsir etdiyini qeyd etdi: “Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır”.

Məlumdur ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası əslində Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə həyata keçirilən siyasi layihədir. Bu missiyanın əsas məqsədi Aİ və ümumilikdə Qərbin Ermənistanda hərbi və siyasi mövcudluğunu gücləndirmək, bölgədə kəşfiyyat fəaliyyətləri aparmaq və Azərbaycan-Ermənistan münasibətlərini gərgin saxlamaqdan ibarətdir. Ancaq bu gün artıq regionda yeni reallıqlar formalaşıb. Prezident İlham Əliyevin qətiyyətli və konstruktiv mövqeyi göstərir ki, kənar qüvvələrin bütün destruktiv cəhdləri və sülh prosesini ləngitmək istəyən dairələrin təzyiqləri Azərbaycanın regionda sabitlik yaratmaq əzmini qıra bilməz. Azərbaycanın nümayiş etdirdiyi iradə həm Ermənistan, həm də digər beynəlxalq oyunçular üçün aydın bir mesajdır: bölgənin inkişafı yalnız qarşılıqlı hörmət və ərazi bütövlüyünün tanınması əsasında qurulan sülhlə mümkündür. Beləliklə, Prezidentin çıxışı Azərbaycanın sülh gündəliyinə sadiqliyini təsdiq etməklə yanaşı, regionda yeni bir dövrün - təhlükəsizlik, iqtisadi tərəqqi və mehriban qonşuluq dövrünün başlandığını bütün dünyaya bəyan etdi. Bu yol çətin olsa da, Azərbaycanın uzaqgörən siyasəti sayəsində region xalqlarının rifahı naminə ən doğru seçim olduğunu təsdiqləyir.

Sevinc Azadi, “İki sahil”