12 may 2026 13:52
245

Kamran Bayramov: Zəngilandan ucalan səs regionun yeni reallığıdır

Otuz ilə yaxın bir müddətdə düşmən tapdağı altında inləyən, hər daşı, hər küçəsi silinməz yaralar alan Cəbrayıl bu gün öz tarixinin ən parlaq səhifələrini yazır. Bir zamanlar bayraq sancmağa belə sağlam divarın tapılmadığı bu qədim yurd yeri indi azadlığın və intibahın rəmzinə çevrilib. Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəşadətli ordumuzun qanı bahasına qazanılan bu Qələbə, yerini artıq yeni bir dirçəliş dövrünə verir. Prezident İlham Əliyev neçə ildir ki, xalqımız üçün əlamətdar olan bayram günlərini Qarabağda və Şərqi Zəngəzurda - doğma el-obalarına, ata-baba yurdlarına qayıdan soydaşlarımızla birlikdə qeyd edir. Dövlət başçısı onlara dövlətimizin töhfəsi olan yeni, müasir və rahat mənzillərin açarlarını təqdim edərək xalqın böyük sevincinə şərik olur. Bu il də ənənə sadiq qaldı. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş, 104 mənzildən ibarət ilk yaşayış kompleksinin açılışını etdi. Sakinlərlə görüşən dövlət başçısı çıxışında müstəqilliyimizin ilk illərindən keçdiyimiz keşməkeşli yola diqqət çəkdi, yaxın və orta müddətli dövr üçün qarşıda duran vəzifələrin yol xəritəsini müəyyən etdi.

Bu fikirlərləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, bu mesajların Ulu Öndər Heydər Əliyevin doğum günündə, məhz Zəngəzur torpağından verilməsinin çox böyük rəmzi mənası var. Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın azad edilməsi və suverenliyimizin tam bərpası idi. Bu gün görürük ki, Prezident İlham Əliyev eyni cəsarətli addımları atır. Bu, Ulu Öndərin siyasi kursunun uğurlu davamıdır. Zəngəzur həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin birləşdiyi strateji bir məkandır. Zəngilan rayonu isə Azərbaycanın həm İran, həm də Ermənistanla sərhəd qapısıdır. 1920-ci ildə Sovet hökuməti Zəngəzuru parçalamaqla Naxçıvan və Türkiyəni Azərbaycandan ayırmışdı. Lakin bu gün tarix yenidən yazılır. Dövlət başçımız  öz çıxışında 90-cı illərin əvvəllərindəki hərc-mərcliyi və hakimiyyət böhranını xatırladaraq, torpaqlarımızın itirilmə səbəblərinə toxundu. Eyni zamanda, tarixi qələbəmizin düsturunu açıqladı: güclü dövlət, güclü ordu və sarsılmaz siyasi iradə. Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsəydi, dövlətimizin taleyi çox ağır ola bilərdi. Məhz onun sayəsində vətəndaş müharibəsinə son qoyuldu, ölkədə sabitlik və inkişaf başladı. Bu gün xalqın Prezident İlham Əliyevə olan sonsuz inamı da məhz bu möhkəm təmələ söykənir.

Deputat diqqətə çatdırıb ki, Ölkə rəhbəri Zəngilan sakinləri ilə görüşündə bəzi Avropa dövlətlərinin Cənubi Qafqazda yürütdüyü ikili standartlar siyasətini bir daha ifşa etdi. Dövlət başçısı xarici dairələrin bölgədəki fəaliyyəti ilə bağlı haqlı suallar ortaya qoydu: "Əgər bölgədə müharibə bitibsə, Azərbaycan öz tarixi ədalətini bərpa edibsə və sülh istiqamətində konkret addımlar atılıbsa, xarici "missionerlərin" sərhəddə toplanmasının məqsədi nədir?"

Dövlət başçısı xatırlatdı ki, 44 günlük müharibə və antiterror əməliyyatları zamanı səsi çıxmayanlar, indi Ermənistanı "qorumaq" iddiası ilə peyda olublar. Lakin reallıq budur ki, bu cür cəhdlər sadəcə görüntü xarakteri daşıyır. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın iradəsi qarşısında həmin qüvvələrin heç bir real təsiri yoxdur.Çıxışda diqqət çəkən ən vacib məqamlardan biri də erməni tərəfinin törətdiyi ekoloji terrorla bağlı idi. İşğal dövründə 60 min hektardan çox meşə fondumuz, xüsusilə Avropanın ən böyük çinar meşəsi olan Bəsitçay qoruğu qəddarlıqla məhv edilib. Dövlət başçısı bu dağıdıcılığın heç bir əsası olmadığını vurğuladı: “Azərbaycan xalqı erməni xalqına heç bir pislik etməmişdir. Onların bizə olan nifrətinin səbəblərini yəqin ki, psixiatrlar, psixoloqlar, həkimlər araşdırmalıdırlar”.

K.Bayramov əlavə edib ki, Bu gün Zəngilandan ucalan səs təkcə bir bölgənin dirçəliş sədası deyil, həm də regionun yeni reallığıdır. Kimlərsə hələ də sərhədlərimizdə siyasi oyunlar qurmaq, bölgəyə kənar müdaxilələr gətirmək niyyətindədirsə, bir həqiqəti unutmamalıdır: Azərbaycanın iradəsi sarsılmaz, ordusu qüdrətli və Ali Baş Komandanın qətiyyəti tamdır. Ermənistandakı revanşist hissləri körükləyən, "Arsax" xülyası ilə köhnə xəritələrin tozunu silmək istəyən xarici dairələr anlamalıdırlar ki, Azərbaycan xalqının polad iradəsi qarşısında hər hansı təzyiq cəhdi əbəsdir. Bizə qarşı qurulan bütün çirkin ssenarilər və sərhədlərimizdə yaradılmaq istənən süni gərginliklər xalqımızın birliyi və dövlətimizin qüdrəti qarşısında hər zaman iflasa məhkumdur. Cənab Prezidentin də vurğuladığı kimi, Ermənistanı bizdən qorumağa ehtiyac yoxdur. Ermənistanı öz daxilindəki sarsaq ideyalardan və onu alətə çevirən kənar güclərdən qorumaq lazımdır. Biz öz torpağımızdayıq, öz evimizdəyik və burada gələcəyi inşa edirik. Amma kimsə bu təmkinli davranışı zəiflik kimi qiymətləndirməsin. Hər kəs bilsin ki, sərhədlərimizdə hər hansı bir təxribata cəhd edənlər "dabanlarının parıltısını" görməyə macal tapmadan cavablarını alacaqlar. Çünki bu gün Azərbaycanın sözü imzası qədər keçərli, gücü isə sarsıdıcıdır.