İrəvan indi də Fransanın simasında yeni protektorat tapıb
Müstəqil siyasət yürüdə bilməyən Ermənistanın zaman-zaman müxtəlif güc mərkəzlərinin əlində geosiyasi alətə çevrilməsi bir gerçəklikdir. Son illərdə rəsmi İrəvanın xarici siyasətdə kəskin “U dönüşü” etməsini geosiyasi “qabıq dəyişmə”si kimi qiymətləndirmək olar. Obrazlı desək, bu ölkə özünə hərdən yeni bir ağa tapır. Belə ki, Ermənistan indi də Fransanın simasında yeni protektorat tapıb.
Uzun illərdən bəri Rusiyanın himayəsinə sığınan Ermənistan hazırda coğrafi yön dəyişərək Qərbə doğru meyillənir. Otuz il ərzində regionda Rusiyanın forpostu olan bu ölkə indi Fransa başda olmaqla, Qərbin hərbi plasdarmına çevrilir.
Mayın 4-də İrəvanda “Gələcəyi qururuq: Avropada birlik və sabitlik” süarı ilə “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısnın, mayın 5-də isə ilk dəfə Avvropa İttifaqı (Aİ)-Ermənistan sammitinin qonşu ölkədəki parlament seçkilərindən bir ay əvvəl və baş nazir Nikol Paşinyanın Moskva səfərindən bir ay sonra keçirilməsi heç də təsadüfi deyil. Ekspertlərin bildirdikləri kimi, sammit Rusiyaya bir mesaj olaraq daha çox simvolik məna daşıyır. Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyi Gümrüdən 90 km aralıda keçirilən sammitdə Fransa Prezidenti Emmanuel Makronun söylədiyi “Gəlin açıq olaq: səkkiz il əvvəl bura heç kim gəlməzdi. Səkkiz il əvvəl danışıqlar masası arxasında bu ölkəyə de-fakto Rusiyanın peyki kimi baxılırdı” fikirləri bir daha sübut edir ki, Qərb Rusiyanın regiondakı təsirini azaltmaq üçün Ermənistandan bir alət kimi istifadə edir.
Sammitdə İrəvanın nümayişkaranə şəkildə anti-Rusiya şousu üçün bir səhnəyə çevrilməsi Moskvanın ciddi etirazı ilə qarşılanıb. Rusiaya rəsmiləri, ekspertlər, “beyin mərkələri”nin tanınmış simaları Ermənistanı açıq şəkildə təhdid edirlər. Rusiyalı deputat Aleksandr Tolmaçev Gazeta.Ru-ya verdiyi müsahibədə bildirib: “Ermənistan səhv tarixi seçim edərsə, Ukraynanın taleyini təkrarlaya bilər. Qonşu ölkə Avropa süfrəsində yemək kimi xidmət etmək riski ilə üzləşir”.
Rusiya mediası Ermənistanda keçirilən Aİ sammitlərini İrəvanla Moskva arasındakı münasibətlərə ciddi zərbə kimi qiymətləndirib. Məsələn, “Svobodnaya Pressa”nın “Paşinyandan çox şey əldə edə bilməyəcəksiniz, amma “isti yoldaşlıq”da Qafqaz dağlarından Moskvaya yumruğunuzu sıxa bilərsiniz” başlıqlı məqaləsində qeyd olunur: “Hazırda müttəfiq münasibətlərinin qalıqlarının son və dönməz şəkildə sökülməsi İrəvanda baş verir”. Baş verənlərin sürrealizmini nəzərə alın: bütün “Qərb şahinləri” hələ də formal olaraq Rusiyanın müttəfiqi və nominal olaraq KTMT üzvü olan bir ölkənin ərazisinə paraşütlə tullanıblar”.
Yeri gəlmişkən, aprelin 1-də Rusiya Prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanla görüşündən sonra və mayın 9-da mətbuat konfransında bildirib ki, İrəvan Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməlidir. V.Putin Ermənistanın bu iki ittifaqa eyni anda üzv ola bilməyəcəyini vurğulayıb.
Bir məsələni də vurğulamaq lazımdır ki, Fransa neokolonial siyasətinin Qafqaza doğru uzanmasında Ermənistandan bir alət kimi istifadə edir. Paris özünün neokolonial siyasətinə görə artıq beynəlxalq aləmdə ciddi tənqidlərlə üzləşir. Yelisey sarayı beynəlxalq hüquq normalarına zidd olaraq xalqların öz müqəddəratını təyin etmə hüququnu məhdudlaşdırmaqda ittiham olunur. BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsinin Kanaki (Yeni Kaledoniya) ilə bağlı Fransaya ünvanladığı son xəbərdarlıq bunun açıq göstəricisidir. Bakı Təşəbbüs Qrupunun məsələ ilə bağlı bəyanatı isə Fransanın mahiyyətini bir daha ortaya qoydu. Bəyanatda haqlı olaraq vurğulanır ki, Kanak xalqının razılığı olmadan həyata keçirilən siyasi və inzibati dəyişikliklər beynəlxalq hüququn, dekolonizasiya prinsiplərinin və yerli xalqların hüquqlarının kobud şəkildə pozulmasıdır.
Mayın 3-5-də Avropa İttifaqı-Ermənistan sammitində iştirak üçün İrəvanda səfərdə olan E.Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ermənistan-Türkiyə qapalı quru sərhədindən keçməyi planlaşdırıb. Səfər əvvəlcədən Türkiyə tərəfinin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılıb. Lakin R.T. Ərdoğan rəsmi Bakı ilə danışıqlardan sonra E.Makronun Ermənistandan Türkiyəyə quru sərhədi ilə keçməsinə icazə verməyib.
Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərində sakinlərlə görüşündə Fransanın Ermənistan-Azərbaycan münasibətlərində tutduğu mövqeyə və rəsmi Parisin bölgədə oynamağa çalışdığı rola toxunub. bildirib: “Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər. Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi”.
Zahid Rza, “İki sahil”