14 may 2026 16:29
99

ETX kiberdələduzluq cəhdləri ilə bağlı xəbərdarlıq edib

Son dövrlər sosial şəbəkələrdə "cərimələrin ödənilməsi", "cəriməyə endirim", "borcun bağlanılması" və oxşar məzmunlarla reklam edilən bəzi internet səhifələrinin fişinq məqsədilə istifadəsi müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib.

Bildirilib ki, aparılan monitorinqlər zamanı ayrı-ayrı saxta internet resurslarının rəsmi dövlət platformalarını təqlid edərək istifadəçilərin bank kartı məlumatlarını və digər fərdi məlumatlarını ələ keçirməyə cəhd edildiyi müəyyənləşib.

ETX vətəndaşlara sosial şəbəkələrdə yayılan şübhəli reklamlara etibar etməməyi, naməlum keçidlər vasitəsilə ödəniş əməliyyatları aparmamağı, kart məlumatlarını, CVV/CVC və təsdiq kodlarını üçüncü şəxslərlə paylaşmamağı, ödənişləri yalnız rəsmi və dövlət informasiya sistemləri üzərindən həyata keçirməyi, daxil olduqları internet səhifələrinin domen ünvanlarını diqqətlə yoxlamağı tövsiyə edir.

Vətəndaşlara kiberdələduzluq halları ilə qarşılaşdıqda aidiyyəti qurumlara məlumat vermək məsləhət görülür.