Dövlətimizin başçısı İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində, həmçinin “Euronews” televiziyasına müsahibəsində bir daha bildirdi ki, tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır
17-22 may tarixlərində ölkəmizdə keçirilən, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil edilir və şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma hesab olunur. Tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artdığını, qlobal proseslərdə fəal iştirakını, xüsusilə şəhərsalma ilə dayanıqlı inkişaf sahələrində həyata keçirilən siyasətin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Forumun regionda ilk dəfə olaraq ölkəmizdə təşkil edilməsi isə Azərbaycanın beynəlxalq əməkdaşlıq və müasir şəhərsalma gündəliyində artan rolunun mühüm göstəricisidir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçını Azərbaycanda bir araya gətirərək reallıqlarımızın beynəlxalq ictimaiyyətə təqdimatında əhəmiyyətli rol oynayacaq. Forum çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin bu və ya digər ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi çoxsaylı görüşlər də özündə mühüm məqamları ehtiva edir. Bu, Azərbaycanın artan nüfuzunun, söz sahibliyinin, Prezident İlham Əliyevə böyük etimadın göstəricilərindəndir. Cənab İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşdü. Bolqarıstan Prezidenti hazırda dünyada müharibələrin və münaqişələrin olduğu bir şəraitdə aktual mövzuya həsr olunmuş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsini böyük hadisə kimi qiymətləndirdi və vurğuladı ki, Bolqarıstan bu tədbirdə dövlət başçısı, eyni zamanda, bu ölkənin 10-dan artıq müxtəlif bələdiyyələrinin rəhbərləri, həmçinin Şuşa şəhəri ilə qardaşlaşmış Veliko Tırnovo şəhərinin meri səviyyəsində təmsil olunur. Prezident İliyana Yotova Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətini vurğuladı, bu xüsusda “Həmrəylik Halqası” layihəsinin önəmini qeyd etdi. Mədəni və humanitar əlaqələrə toxunan Bolqarıstan Prezidenti Azərbaycanda bolqar dilinin tədrisini yüksək qiymətləndirdi. O, həmçinin Heydər Əliyev Fondunun Bolqarıstanda həyata keçirdiyi humanitar layihələri, Veliko Tırnovo ilə Şuşa şəhərinin qardaşlaşmasını və bu xüsusda orada Şuşa parkının salındığını qeyd etdi. İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirdi. Söhbət zamanı ölkələrimiz arasında səmərəli əməkdaşlığın qarşılıqlı hörmət və etimad əsasında möhkəmləndiyi vurğulandı, enerji, həmçinin elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əlaqələrin perspektivləri müzakirə olundu.
Dövlətimizin başçısının Serbiya Prezidenti Aleksandar Vuçiçlə görüşü də mühüm məsələlər ətrafında aparılan müzakirələrlə diqqətdə oldu. Belə ki, Aleksandar Vuçiç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının əhəmiyyətini vurğulayaraq, bu tədbirin Bakıda keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Söhbət zamanı Azərbaycan Prezidentinin bu ilin fevralında Serbiyaya rəsmi səfəri məmnunluqla xatırlandı, bu səfər zamanı müzakirə olunmuş məsələlərin həyata keçirilməsi istiqamətində addımların atıldığı vurğulandı. Dövlət başçılarının səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi işində önəminə toxunuldu. Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu bildirilərək, iqtisadi, enerji, investisiyalar, birgə layihələrin icrası və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı imkanların mövcudluğu qeyd edildi. Görüşdə xalqlarımızın yaxınlaşdırılması və turizm potensialımızın möhkəmləndirilməsi baxımından Serbiyanın “Airserbia” şirkətinin Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməsinin əhəmiyyətinə toxunuldu.
Cənab İlham Əliyev, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueini, Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazovu, Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutonun, Esvatini Kralı Əlahəzrət III Msvatinin, Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin başçılıq etdiyi nümayəndə heyətlərini qəbul etdi. Prezident, həmçinin Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçi, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşdü. Hər bir görüş, qəbul ölkələrimiz arasında ikirtərəfli əlaqələrin hazırkı inkişaf səviyyəsinin təqdimatında, həmçinin mövcud imkanlar əsasında qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Bütün görüşlərdə Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyini şərtləndirən amillərə diqqət yönəldildi, ölkəmizin dayanıqlı inkişaf və şəhərsalma modeli təqdir edildi.
Bakı: Qədimliklə yeniliyin, tarixi irsimizin qorunması ilə şəhərsalmanın müasirləşdirilməsinin vəhdəti
Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak etdilər. Dövlətimizin başçısı İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladılar. Qarşılanma mərasimindən sonra birgə foto çəkdirildi. Sonra BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hazırlanmış, WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirildi və mədəni proqram təqdim olundu.
Dövlətimizin başçısı İlham Əliyevin tədbirdəki çıxışı tədbirin mövzusuna uyğun olaraq mühüm çağırışların səsləndirilməsi ilə diqqətdə oldu. Forum iştirakçılarını salamlayan cənab İlham Əliyev “Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq” söyləyərək onu da əlavə etdi ki, 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bununla belə, bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Düşünürəm ki, Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar.
Azərbaycan Avropa ilə Asiya arasında yerləşir, hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Bakıda qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir. Cari ilin “Şəhərsalma və Memarlıq İli” elan edildiyini önə çəkən Prezident İlham Əliyev vurğuladı ki, 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə – Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumları keçirilib. Bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk.
Nəinki Bakının, o cümlədən Azərbaycanın bir çox qədim şəhərlərinin öz memarlığı ilə fərəhləndiyini xüsusi qeyd edən cənab İlham Əliyev onlardan bəzilərini diqqətə çatdırdı. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. 30 il işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və bərpa edilib. Dövlətimizin başçısı İlham Əliyev əcdadlarımız tərəfindən tikilənlərin təkcə qeyd olunan abidələrlə bitmədiyini də vurğuladı: “Əlbəttə ki, VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda, qorunaraq bu günədək saxlanılıb. Qeyd etdiyim bütün bu abidələri hər kəs ziyarət edərək görə bilər, onların içərisinə daxil olaraq onlara toxuna bilər. Hesab edirəm ki, bu, bizim tarixi irsimizə, mirasımıza münasibətimizin ən yaxşı göstəricisidir. Biz bununla fəxr edirik. Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Bizim vəzifəmiz bunları növbəti nəsillər üçün qoruyub saxlamaqdır və mən əminəm ki, növbəti nəsil də eyni cür edəcək.”
Tarixi Zəfərimizdən sonrakı dövrün əsas hədəflərindən biri azad Qarabağın və azad Şərqi Zəngəzurun bərpası, yenidən qurulnasıdır. Cənab İlham Əliyevin elə bir çıxışı yoxdur ki, görülən işlərə diqqət yönəltməsin. WUF13-ün mahiyyətini nəzərə alsaq, bu gün Azərbaycanın müasir şəhərsalma təcrübəsinin təqdimatında əhəmiyyətli rol oynayan təkmil dirçəliş modelinin tətbiqi şəraitində aparılan bərpa-quruculuq işlərindən bəhs etməmək mümkün deyil. 30 illik işğal dövrün də bütün torpaqlarımız dağıdılmış, yerlə-yeksan edilmişdir. Son beş ildən artıq dövrün mühüm reallıqlarından biri, təbii ki, bu ərazilərin dirçəldilməsi, cənnət məkana çevrilməsidir. Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində də Qarabağın və Şərqi Zəngəzurun bərpasına xüsusi diqqət yönəltdi. Bildirdi ki, bu ərazilər 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır. Hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Bu ərazilərin bərpası fonunda yalnız iki rəqəmə diqqət yönəldən cənab İlham Əliyev qeyd etdi ki, artıq 5 il ərzində çəkilən tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub. Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir. Onlar üçün mənzillər və fərdi evlər, məktəb və xəstəxanalar tikmək üçün, əlbəttə, minalardan təmizlənmə işləri aparıldı. Həmin sahələrdə artıq salınmış və salınacaq çoxsaylı sənaye zonaları öz torpağında yaşamaq kimi fundamental hüququndan məhrum olmuş yüz minlərlə insanın sürətli qayıdışına birmənalı dəstək olacaq.
Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra şəhər quruculuğu sahəsindəki yeni təzahürlər ölkədə inşa edilən monumental komplekslərin memarlıq həllində özünü qabarıq büruzə vermişdir. Ötən müddətdə dövrün qabaqcıl yanaşmalarını və milli təcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsi sayəsində şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik orijinal nümunələri yaradılmışdır. Mövcud möhtəşəm binalar sırasına daimi yeniləşmə rəmzi olan Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi modern üslublu unikal memarlıq abidələrinin və Ağ şəhər kompleksinin əlavə edilməsi ilə paytaxtın mənzərəsi daha da zənginləşmiş, regionların memarlıq siması xeyli dəyişərək yeni şəkil almışdır. Prezident İlham Əliyev sözügedən çıxışında bildirdi ki, Bakının Qara şəhər, Bibiheybət və Böyükşor kimi bəzi hissələrini qeyd etsəm, ola bilsin, əcnəbilər üçün bu, bir məna kəsb etmir. Lakin əgər vaxt tapıb həmin yerləri ziyarət etsəniz, bəzi videomateriallara və ya şəkillərə baxsanız, onların 20 il öncə və indi necə göründüyünü başa düşərsiniz və Bakıda ətraf mühitə uyğun məkanın yaradılması üçün görülmüş işləri təsəvvür edərsiniz: “Çox çirklənmiş Qara şəhər əvəzinə bu gün şəhərsalmanın nümunəsi olan Ağ şəhəri görə bilərsiniz. Yeri gəlmişkən, o, çirkləndiyinə görə Qara şəhər adlanırdı. Bu, şəhər daxilində bir şəhər idi. Şəhərsalmanın digər təzahürü “Sea Breeze” istirahət məkanıdır və mən müsafirlərimizə, xüsusən də soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm.”
Dövlətimizin başçısı İlham Əliyev ümumi qənaətini bu fikirlərlə ifadə etdi ki, Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir. Birmənalı olaraq, bu cür mühüm toplantı və BMT-dən olan dostlarımızın, səfərə gələn çoxsaylı qonaqların ekspert bacarıqları bizə daha çox öyrənmək, bir-birimizdən əldə etmək, müsbət təcrübə ilə tanışlıq üçün və həmçinin səhvlərimiz haqqında danışmaqda yardımçı olacaq. Şəhərsalma prosesində çox səhvlər olub və həmin dövrün artıq keçmişdə qaldığını düşünürəm.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində dünyanın müxtəlif icmalarından və yüksəksəviyyəli liderlərindən ibarət on minlərlə insanın Bakıda bir araya gəlməsinin təsadüfi olmadığını bildirdi və vurğuladı ki, məqsədimiz “Qeyri-müəyyənlik, qeyri-sabitlik və dağıntılar dövründə hər kəs üçün adekvat mənzili necə təmin etmək olar” sualına cavab tapmaqdır. Son günlər Azərbaycanın bəzi bölgələrinə təsir edən güclü yağış və tufanlara baxmayaraq, Bakıda dözümlülük, qətiyyət və ortaq məqsəd hissi ilə bir araya gəlmişik. Burada komanda halında işi, sürətli reaksiyanı görürük. Maraq səviyyəsi və iştirak isə burada müstəsnadır. İndiyədək bu xarakterli heç bir sessiya WUF13 qədər geniş və müxtəlif qlobal auditoriyanı bir araya gətirməyib. Bu isə mənzil və dayanıqlı şəhər inkişafının ortaq gələcəyimizin mərkəzində dayanmasını daha da yaxşı şəkildə bizə göstərir. A.Rossbax WUF13-ə ev sahibliyi etdiyinə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirərək qeyd etdi ki, WUF13 praktiki fəaliyyət, tərəfdaşlıq və investisiyalar vasitəsilə icranı sürətləndirmək üçün bir fürsətdir. BMT Baş Assambleyasının prezidenti Annalena Berbok isə bildirdi ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası mühüm bir məqama təsadüf edir. Bu, mənzil böhranı ilə bağlı fəaliyyətləri gücləndirmək və eyni zamanda, bu işi dayanıqlı urbanizasiyanın daha geniş çağırışları ilə əlaqələndirmək üçün bir imkan yaradır: “Gəlin dürüst olaq: bu miqyasda bir böhranın sadə həlli yoxdur. Daha çox ev tikmək vacibdir, lakin bu, təkbaşına kifayət etməyəcək. Mənzil təminatını infrastruktur, əsas xidmətlər, iqlimə dözümlülük, maliyyələşdirmə və inklüziv planlaşdırma ilə əlaqələndirilən sistemli yanaşmaya ehtiyac var. Belə bir yanaşma həm də geniş iştirakçılıqdan asılıdır, çünki dayanıqlı şəhər inklüzivliyini və inkişafını təkcə hökumətlər təmin edə bilməz. Bu, yerli hakimiyyət orqanlarının, icmaların, vətəndaş cəmiyyətinin, özəl sektorun, ekspertlərin, eləcə də sakinlərin özlərinin yaşadıqları şəhərlərin formalaşmasına kömək etməsini tələb edir.”
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumu BMT tərəfindən 2001-ci ildə təsis olunub. Forumun məqsədi sürətli urbanizasiya proseslərinin şəhərlərin inkişafına təsirini araşdırmaq, dayanıqlı urbanizasiya siyasətinin təşviqinə nail olmaq, bu sahədə ölkələrin uğurlu təcrübələrini bölüşmək, açıq debat və müzakirələr vasitəsilə bilik mübadiləsini genişləndirmək və beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Forum dünya üzrə şəhərsalma sahəsində ən nüfuzlu - genişmiqyaslı iştirakçılığa malik platforma hesab olunur. Belə ki, məzmun və əhatə dairəsinə görə WUF BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransından – COP-dan sonra Təşkilatın ikinci ən böyük və ən mühüm beynəlxalq tədbiri sayılır. Qlobal urbanizasiya çağırışlarının müzakirə edildiyi WUF platformasında şəhərlərin gələcəyi, iqlim dəyişiklikləri, yaşayış məskənlərinin inkişafı, “ağıllı şəhər”lər, sosial inklüzivlik, ekoloji dayanıqlılıq və digər aktual məsələlər əsas müzakirə predmetinə çevrilir.
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nqa Kor Minq Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində vurğuladı ki, qlobal şəhərsalma gündəliyi çoxtərəfli əməkdaşlıq üçün heç vaxt bu qədər mühüm bir əsas qazanmamışdı. Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası dövründə dünyanın paytaxtına çevrilir. Biz bir daha fundamental bir öhdəlik götürməliyik. Əgər şəhərsalmanı düzgün inkişaf etdirməsək, gələcək nəsillər qarşısında verdiyimiz vədi pozmuş olacağıq. Bu Forumun mövzusu sadəcə bir şüar deyil, bizi real addımlar atmağa yönəldən bir çağırışdır. BMT-nin Baş katibi Antonio Quterreş Bakıda keçirilən WUF13-ün açılış mərasimi zamanı tədbir iştirakçılarına videomüraciətində bugünkü gündəliyin daha az danışılan qlobal mənzil böhranına yönəldiyini vurğulayaraq əlavə etdi ki, mənzil təminatı bir insan hüququdur və insan ləyaqəti üçün fundamental əhəmiyyət daşıyır. Ümumdünya Şəhərsalma Forumu həmin məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sesiyasının əhatə etdiyi mövzunun aktuallığını, müzakirələrin vacibliyini təsdiqləyən xeyli sayda fikirlər səsləndirə bilərik. Müasir dövrdə şəhərsalma və ətraf mühit gündəlikləri bir-biri ilə sıx bağlı olduğundan, şəhərlərin iqlim dəyişikliklərinə uyğunlaşdırılması və dayanıqlı inkişaf məsələləri beynəlxalq müzakirələrin əsas istiqamətlərindən birinə çevrilib. Bu səbəbdən COP platformalarında şəhərsalma mövzularına maraq və diqqət ildən-ilə artır, həm mərkəzi, həm də yerli hökumətlər bu sahədə əməkdaşlığı genişləndirməyə çalışırlar. Məhz bu yanaşmanın nəticəsi olaraq UN-Habitat-ın təşəbbüsü ilə artıq bir neçə ildir COP çərçivəsində xüsusi “Şəhərsalma Günü” təşkil edilir. Bu istiqamətdə ilk yüksəksəviyyəli nazirlər görüşü COP27 çərçivəsində Misirin Şarm əl-Şeyx şəhərində keçirilib və şəhərsalma ilə iqlim siyasətinin əlaqələndirilməsi məsələləri geniş müzakirə olunub. Bu əməkdaşlıq xətti COP29 zamanı da davam etdirilib. Azərbaycan tərəfi və UN-Habitat rəhbərliyinin tərəfdaşlığı ilə 2024-cü il noyabrın 20-də şəhərsalma və iqlim tədbirlərinin inteqrasiyasına həsr olunmuş nazirlər görüşü təşkil edilib. Tədbirdə iqlim dəyişikliklərinə davamlı və sağlam şəhərlərin inkişafını təşviq edən “İqlimə Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət” (MAP) təşəbbüsü təqdim olunub.
Çıxışlarda bir daha vurğulandı ki, Azərbaycanın mənzil və şəhərsalma sahəsində oynaya biləcəyi rol çox önəmlidir və artıq bu sahədə bizə konkret nümunə göstərib. Ölkəmizdə şəhərsalma fəaliyyəti Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində dayanıqlı inkişafın əsas strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Hazırda bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılır, şəhərsalma sahəsində müasir standartlar tətbiq edilir, Bakı və ölkənin digər şəhərlərində həyata keçirilən layihələr sosial-iqtisadi inkişafda mühüm rol oynayır. Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün Azərbaycanın şəhərsalma sahəsində ən diqqətçəkən layihələri işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilir. Ölkəmiz həmin ərazilərdə həcminə, keyfiyyətinə və icra sürətinə görə dünya miqyasında presedentsiz hesab olunan kompleks yenidənqurma işlərini həyata keçirir və bununla da regionda dayanıqlı şəhərsalma mədəniyyətinin yeni nümunəsini təqdim edir. Müasir şəhərsalma standartlarına uyğun şəkildə inşa edilən yaşayış məntəqələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji yanaşmaları, ekoloji dayanıqlılıq prinsipləri və innovativ infrastruktur həlləri regionda yeni şəhərsalma modelinin formalaşmasına xidmət edir. Azərbaycanın müasir şəhərsalma təcrübəsi 2022-ci, 2023-cü və 2025-ci illərdə keçirilən milli şəhərsalma forumlarında, həmçinin Ümumdünya Məskunlaşma Günündə beynəlxalq ictimaiyyətə geniş şəkildə təqdim olunub. Regionda ilk dəfə təşkil olunan bu tədbirlər şəhərsalma sahəsində ən dolğun müzakirələrin aparıldığı beynəlxalq platforma yaradıb.
Azərbaycan daim diplomatiyanın tərəfdarıdır
Prezident İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibəsində də “WUF13-ə ev sahibliyi etmək Azərbaycanın dayanıqlı şəhərsalmanın gələcəyinin formalaşdırılmasında beynəlxalq roluna hansı töhfəni verir” sualını cavablandırarkən bildirdi ki, əlbəttə, WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Burada 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. İştirakçıların sayı rekord həddə çatıb. Bu da həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir. Forum bizim üçün indiyədək görülən işlər, gələcək planlarımız barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir. Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır.
Müsahibədə də cənab İlham Əliyev Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işlərindən, Böyük Qayıdış Proqramı çərçivəsində soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışından bəhs etdi. Bildirdi ki, infrastruktur layihələrinin icrası uğurla həyata keçirilir. Onları statistis rəqəmlər əsasında diqqətə çatdıran cənab İlham Əliyev bildirdi ki, hazırda isə əsas sərmayələrimiz yaşayış sahələrinin tikintisinə yönəldilib - şəhərlərin Baş planları, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları üzrə layihələr həyata keçirilir. Hər bir kənd üzrə planlar icra edilir. Bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər.
Dövlətimizin başçısının müsahibələrində diqqət göstərdiyi məsələlərdən biri də məhz Azərbaycanın enerji diplomatiyasının uğurlarıdır. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən birinə çevrildiyi onun “Euronews” televiziyasına müsahibəsində də əsaslı şəkildə qeyd edildi. “Biz Avropa ilə enerji sahəsində əməkdaşlığa müəyyən müddət əvvəl başlamışıq” deyən cənab İlham Əliyev vurğuladı ki, xüsusilə 2020-ci ildən sonra - Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə bu proses daha da sürətlənib. Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu rəqəm artmaqdadır. Avropa İttifaqının 10 üzv dövləti bizim müştərimizdir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Ölkələrin sayı artır. Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır. Xoşbəxtlikdən biz boru kəməri infrastrukturu və hasilat sahəsində ev tapşırığımızı vaxtında həyata keçirmişik. Hazırda istehsal səviyyəsi artmaqdadır. Tezliklə, yəqin ki, gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik. Burada qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mövcuddur. Bizim premium bazara ehtiyacımız var, o da Avropadır. Avropanın isə Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var. Beləliklə, biz səylərimizi birləşdirdik və Avropa Komissiyası ilə çox səmərəli əməkdaşlıq qurduq.
Müxbirin “Siz həm regionda, həm onun hüdudlarından kənarda diplomatiya və sabitliyin fəal tərəfdarlarından olmusunuz. Hazırda Hörmüz böhranı regional və qlobal iqtisadiyyata təsir göstərir. Azərbaycan bu vəziyyətə necə yanaşır və bunun öhdəsindən necə gəlir” sualına cavab olaraq isə Prezident İlham Əliyev bildirdi ki, təchizat zənciri baxımından bu böhran bizə ciddi təsir göstərmir. Çünki enerji təchizatı və marşrutların şaxələndirilməsi siyasəti bizim üçün bu günün məsələsi deyil. Bu siyasət uzun illərdir həyata keçirilir və tərəfdaşlarımız, eləcə də qonşu ölkələrlə birlikdə neft, qaz, elektrik enerjisi və nəqliyyat bağlılığı üzrə şaxələndirilmiş təchizat sistemi formalaşdırmağa nail olmuşuq: “Əlbəttə, Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir. Bəziləri yüksək neft qiymətlərinin faydalı ola biləcəyini düşünə bilər. Bəli, elədir. Ancaq eyni zamanda, neft ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxu öz vəsaitlərini istiqrazlara yatırır, bir çoxu isə səhm bazarlarına investisiya edir. Belə qeyri-sabitlik baş verdiyi vaxt fond bazarları aşağı düşür. Nəticədə biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir. Beləliklə, bu, hər kəsə təsir edir.”
Cənab İlham Əliyev bir daha qeyd etdi ki, enerji layihələrimiz baxımından təhlükəsiz mövqedəyik. Azərbaycan daim diplomatiyanın tərəfdarıdır. Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik. Çünki bunun üçün digər ölkələrin ərazisindən keçmək, qonşularla və qonşuların qonşuları ilə yaxşı münasibətlər qurmaq, çoxtərəfli əməkdaşlıq formatı formalaşdırmaq, istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı uduşlu vəziyyət yaratmaq lazım idi ki, hər kəs qaydalara əməl etsin və gəlir qazansın. Bu baxımdan Azərbaycanın təcrübəsi faydalı ola bilər: “Böhran həll olunduqdan sonra, - bu, tez və ya gec baş verəcək, - yəqin ki, yeni bir vəziyyət yaranacaq. Bir çox ölkələr enerji siyasətlərini və enerji ehtiyatlarının çatdırılması yollarını yenidən nəzərdən keçirəcəklər. Çox güman ki, Azərbaycanın coğrafiyası və mövcud resursları bu gün olduğundan daha çox tələb olunacaq.”
Dayanıqlı və yaşamaq üçün əlverişli şəhərlərin qurulmasına nail ola bilərik
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 18-də Bakıda Liderlər Sammiti keçirildi. Tədbirdə Qırğızıstan Prezidenti Sadır Japarov, Keniya Prezidenti Uillyam Samoei Ruto, Serbiya Prezidenti Aleksandar Vuçiç, Bolqarıstan Prezidenti İliyana Yotova, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Esvatini Kralı Əlahəzrət III Msvati, Mavriki Prezidenti Daramber Qoxul, Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi, Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini, Zimbabvenin Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino, Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko, Slovakiyanın Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba, Türkmənistan Prezidenti yanında Arkadağ şəhərinin Tikinti və Dövlət Komitəsinin sədri Deryageldi Orazov, Kambocanın Baş nazirinin müavini və torpaq idarəetmə, şəhərsalma və tikinti naziri Say Sam Al, Albaniyanın Baş nazirinin müavini Albana Koçiu, Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba və Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif çıxış etdilər. Onlar Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının mühüm dialoq mərkəzinə çevrilməsini, eləcə də işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini yüksək qiymətləndirdilər. Çıxışlarda WUF13-ün şəhərsalma sahəsində mövcud olan problemlərin müzakirəsi və yeni ideyaların irəli sürülməsi baxımından mühüm platforma olduğu vurğulandı, tədbirin mühüm əhəmiyyəti qeyd edildi. Bolqarıstan Prezidenti İliyana Yotova WUF13-də Liderlərin Sammitində “Mən ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. O, Bakını elə bir məkana çevirib ki, burada hər kəs gələcəkdən bəhs edir” söyləyərək onu da əlavə etdi ki, problemlər eyni olanda həll yolları da eyni olmalıdır. Dünya açıq şəkildə öz biliklərini və irəli texnologiyalarını paylaşmalıdır, çünki bizim gələcəyimiz eynidir, bunu paylaşırıq. Bizim investisiyalarımız infrastrukturlara deyil, bu insanlara istiqamətlənməlidir. Texnologiyalar insan övladına xidmət etməlidir. Qırğız Respublikasının Prezidenti Sadır Japarov isə bildirdi ki, WUF13 urbanizasiya, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və mənzil əlçatanlığı məsələlərinin müzakirəsi üçün unikal platformadır. Bu mühüm Forumun ən yüksək səviyyədə təşkilinə, həmçinin səmimi qonaqpərvərliyinə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm. əlçatan, təhlükəsiz və keyfiyyətli mənzilə təminat müasir dünyanın əsas çağırışlarından biridir. Bu gün şəhərlər iqtisadi inkişafın, innovasiyaların və insan kapitalının mərkəzinə çevrilir. Eyni zamanda, şəhərlər iqlim dəyişikliklərinin nəticələri, infrastruktura artan təzyiq, mənzil problemləri və təhlükəsizlik məsələləri ilə ilk üzləşən məkanlardır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Forumun Xəzərin incisi olan gözəl Bakı şəhərində yüksək səviyyədə təşkilinə və göstərilən səmimi qonaqpərvərliyə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi. Vurğuladı ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, xüsusilə Qarabağ sürətli və genişmiqyaslı inkişaf yolu keçir. Qısa müddət ərzində azad edilmiş ərazilərdə bütöv şəhərlər bərpa olunub, yeni yaşayış kompleksləri və müasir infrastruktur obyektləri inşa edilib. Özbəkistan belə nəcib təşəbbüslərə layiqli töhfə verməyə hazırdır.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası mühüm nəticələrlə yadda qalacaq
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, WUF13 çərçivəsində dayanıqlı şəhərlərin gələcəyi, iqlim dəyişikliklərinin yaratdığı çağırışlar, inklüziv və təhlükəsiz urbanizasiya, müasir şəhər idarəçiliyi və yaşayış məskənlərinin inkişafı kimi mühüm mövzular geniş şəkildə müzakirə olunur. Bu müzakirələr qlobal şəhərsalma siyasətinin yeni istiqamətlərinin formalaşmasına töhfə verəcək. Forum Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi, şəhərsalma sahəsində əldə etdiyi uğurların dünya ictimaiyyətinə təqdim olunması və ölkəmizin dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfənin daha geniş şəkildə nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Forum çərçivəsində keçirilən görüşlərdə, iştirakçıların rəylərində də bu fikirlər xüsusi qeyd edilir ki, Azərbaycan müxtəlif tərəfləri bir araya gətirərək şəhərsalma problemlərinin həllinə mühüm töhfə verir. Azərbaycanın bu səyləri təqdirəlayiqdir. Əgər bu təcrübə davam etdirilsə, dayanıqlı və yaşamaq üçün əlverişli şəhərlərin qurulmasına nail ola bilərik. Bu əminlik də ifadə edildi ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası mühüm nəticələrlə yadda qalacaq.
Yeganə Əliyeva, “İki sahil”