19 may 2026 19:17
122

Bakıda keçirilən WUF13 dayanıqlı inkişaf və investisiya imkanlarını önə çıxardı

2026-cı il mayın 18-də Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın beynəlxalq mövqeyini, iqtisadi potensialını və müasir şəhərsalma strategiyasını nümayiş etdirən mühüm qlobal platformaya çevrildi. Prezident cənab İlham Əliyevin forumun açılış mərasimində səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan şəhərsalma məsələsinə yalnız infrastruktur və tikinti prizmasından deyil, iqtisadi inkişaf, ekoloji təhlükəsizlik, sosial rifah və strateji dövlət idarəçiliyi kontekstində yanaşır.

182 ölkədən 45 mindən artıq iştirakçının qatıldığı forum Azərbaycanın beynəlxalq diplomatik çəkisinin artdığını təsdiqləməklə yanaşı, ölkənin artıq qlobal tədbirlər mərkəzi kimi qəbul olunduğunu da nümayiş etdirdi. Cənab Prezidentin qeyd etdiyi kimi, WUF13 COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir. Bu isə təsadüfi deyil. Son illərdə Azərbaycanın beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi etməsi ölkənin siyasi sabitliyi, təhlükəsizliyi və təşkilati imkanlarının yüksək səviyyədə qiymətləndirildiyini göstərir.

Dövlət başçısının çıxışında xüsusi vurğulanan məqamlardan biri şəhərsalmanın dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilməsidir. “Şəhərsalma və Memarlıq İli”nin elan olunması da bu istiqamətdə həyata keçirilən siyasətin sistemli xarakter daşıdığını göstərir. Müasir dövrdə şəhərsalma yalnız binaların və yolların tikintisi deyil. Bu sahə investisiya cəlbediciliyi, biznes mühiti, logistika imkanları, turizm potensialı və insan kapitalının inkişafı ilə birbaşa əlaqəlidir. Azərbaycanın həyata keçirdiyi urbanizasiya siyasəti məhz bu çoxşaxəli yanaşmaya əsaslanır. Bakının son illərdə keçdiyi inkişaf yolu bunu açıq şəkildə nümayiş etdirir. İçərişəhərdən başlayaraq Bakı Bulvarına, Ağ Şəhər layihəsinə və müasir nəqliyyat infrastrukturuna qədər həyata keçirilən layihələr şəhərin iqtisadi potensialını artırmaqla yanaşı, onu regional biznes və turizm mərkəzinə çevirib. Dövlət başçısının vurğuladığı kimi, qədimliklə müasirliyin vəhdəti Azərbaycanın şəhərsalma modelinin əsas xüsusiyyətidir. Bu model həm milli-mədəni irsin qorunmasını təmin edir, həm də müasir iqtisadiyyatın tələblərinə uyğun urbanizasiya mühiti formalaşdırır. WUF13 çərçivəsində cənab Prezidentin diqqət yetirdiyi əsas məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri oldu. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr artıq yalnız humanitar və sosial xarakter daşımır, eyni zamanda böyük iqtisadi əhəmiyyət kəsb edir. Dövlət başçısının açıqladığı rəqəmlər həyata keçirilən işlərin miqyasını aydın şəkildə göstərir. Son beş ildə 70 kilometr tunelin çəkilməsi, yüzlərlə körpünün inşası, üç beynəlxalq hava limanının istifadəyə verilməsi, dəmir yollarının və enerji infrastrukturunun qurulması regionun iqtisadi reinteqrasiyasını sürətləndirir. Bu layihələr Qarabağ və Şərqi Zəngəzurun gələcəkdə Azərbaycanın əsas iqtisadi və logistika mərkəzlərindən birinə çevrilməsi üçün mühüm zəmin yaradır. Bölgədə yaradılan sənaye zonaları, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, yaşıl enerji konsepsiyası yeni iqtisadi modelin formalaşdırılmasına xidmət edir. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, Böyük Qayıdış Proqramı çərçivəsində artıq 85 mindən çox insan öz doğma torpaqlarına qayıdıb. Bu isə yalnız sosial deyil, həm də iqtisadi aktivliyin bərpası deməkdir. Məşğulluğun təmin edilməsi, sahibkarlıq mühitinin formalaşdırılması və yeni istehsal sahələrinin yaradılması regionun dayanıqlı inkişafında əsas rol oynayır. Forumda ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf məsələlərinin xüsusi yer tutması COP29-dan sonra Azərbaycanın yaşıl gündəliyə sadiqliyini bir daha nümayiş etdirdi. Dövlət başçısının Bakının ekoloji transformasiyası ilə bağlı səsləndirdiyi fikirlər şəhərsalmanın artıq ətraf mühit siyasətinin ayrılmaz hissəsinə çevrildiyini göstərir. Vaxtilə ciddi ekoloji problemlərlə tanınan Qara şəhərin müasir Ağ Şəhərə çevrilməsi postindustrial transformasiyanın uğurlu nümunəsi hesab olunur. Son 20 ildə Bakıda yaradılmış 100 park və ictimai məkan, yenilənmiş bağlar, metro şəbəkəsinin genişləndirilməsi, elektrik avtobusları və mikromobillik həlləri paytaxtın ekoloji şəhər modelinə keçidinin göstəriciləridir. Bu yanaşma iqtisadi baxımdan da mühüm əhəmiyyət daşıyır. Çünki müasir dövrdə investisiyalar daha çox dayanıqlı və ekoloji təhlükəsiz şəhərlərə yönəlir. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi layihələr ölkənin beynəlxalq investisiya cəlbediciliyini artırır. Bakıda keçirilən forum Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində artan rolunu bir daha təsdiqlədi. WUF13 vasitəsilə Azərbaycan yalnız ev sahibi ölkə kimi deyil, həm də qlobal urbanizasiya və dayanıqlı inkişaf proseslərinin fəal iştirakçısı kimi çıxış edir. Bu forum ölkəyə yeni investisiya imkanları, beynəlxalq əməkdaşlıq platformaları və iqtisadi tərəfdaşlıqlar baxımından da mühüm perspektivlər açır. Şəhərsalma, nəqliyyat, enerji, yaşıl texnologiyalar və rəqəmsal idarəetmə sahələrində beynəlxalq təcrübənin öyrənilməsi Azərbaycanın gələcək inkişaf strategiyası üçün əlavə imkanlar yaradır. Prezident cənab İlham Əliyevin Bakı Formula-1 yarışını şəhərsalma siyasəti ilə müqayisə etməsi də mühüm siyasi mesaj idi. Dövlət başçısı inkişafın cəsarətli, lakin tarixi irsin qorunması məsələsində son dərəcə ehtiyatlı aparılmalı olduğunu vurğuladı. Bu yanaşma Azərbaycanın urbanizasiya siyasətində balanslı inkişaf modelini seçdiyini göstərir. WUF13 Azərbaycanın həm siyasi nüfuzunu, həm iqtisadi potensialını, həm də müasir şəhərsalma konsepsiyasını dünyaya təqdim edən mühüm beynəlxalq platforma kimi ölkənin strateji mövqelərinin daha da güclənməsinə xidmət edir.

Tahir Mirkişili,

Milli Məclisin deputatı