Bu gün dünyada müharibələrin alovlandığı bir dövrdə Azərbaycan qlobal məsələlərin müzakirə olunduğu təhlükəsiz ölkəyə çevrilib
Hazırda yalnız bölgənin deyil, həm də dünyanın ən aparıcı ölkəsinə çevrilmək iddiasını ortaya qoyan Azərbaycan dövləti bu niyyətini gerçəkləşdirmək üçün zəruri olan siyasi, sosial və iqtisadi prioritetləri yarada bilib. Daha doğrusu, ötən illər ərzində ölkəmiz iqtisadi qüdrətini hərbi, sosial və mədəni gücə çevirməyi bacarıb.
Nəticə isə çox qürürvericidir: Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu, modern Azərbaycan dövləti modelidir. Bu modelin diqqətçəkici istiqamətlərindən biri də sosial sahədir. Prezident İlham Əliyevin modern sosial siyasətinin qloballığı və əhəmiyyəti ondadır ki, inikşafyönümlü prinsiplərə söykənir.
Ən başlıcası isə Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəsindən sonra bölgədə yeni reallıqların müəllifidir. Bu reallıq qüdrətli Azərbaycan Ordusu tərəfindən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə yarandı. Hazırda Azərbaycan dövlətinin geosiyasi nüfuzu yüksək səviyyədədir. Nəinki qonşu ölkələr, hətta dünyanın fövqəlgüc dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları ölkəmizlə çoxtərəfli əməkdaşlıqlar edir.
Xüsusilə bir neçə ildə paytaxtımızın qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi dünyanın diqqətini Azərbaycana yönəldib. COP29 kimi nüfuzlu beynəlxalq tədbirdən sonra bu il BMT-nin Məskunlaşma Proqramı çərçivəsində WUF13 kimi qlobal tədbirin də ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq legitimlik, regional liderlik və yumşaq güc strategiyası baxımından diqqətəlayiq geosiyasi hadisəyə çevrilib.
Bu gün dünyada münaqişələr, müharibələr alovlandığı bir dövrdə Azərbaycan COP29, WUF13 kimi qlobal tədbirləri uğurla təşkil etməklə qlobal məsələlərin müzakirə olunduğu təhlükəsiz bir platformaya çevrilib. Bu gün qanlı döyüşlərin getdiyi Rusiya- Ukrayna cəbhəsi və qoşuluğumuzdakı İsrail, ABŞ-İran müharibəsi bir daha göstərir ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizi bütün növ münaqişələrdən qoruyan balanslı xarici siyasət yürüdür. Bu qətiyyətli siyasət nəinki ölkəmizin mlli maraqlarını qoruyur, həm də tərəfdaşlarımızın sayını artırır.
Forumda xüsusi diqqətçəkən məqamlardan biri işğaldan azad olunan şəhər və qəsəbələrimizin xüsusi formada təqdim olunmasıdır. Əgər bu torpaqlarımızı ermənilərin 30 illik işğalı dövründə həmişə dağılmış, xarabalıqlar kimi təqdim edirdiksə, artıq bu gün həmin əraziləri inkişaf edən, yeni insan məskənləri kimi təqdim edirik. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalmanın nümunələrini dünya ictimaiyyətinə göstəririk. Məhz buradakı yaşıl enerji, «ağıllı kənd» və «ağıllı şəhər» kimi müasir memralıq üslubu layihələr bir çox ölkələrin də diqqətini çəkməkdədir.
Bu gün Qarabağ və Şərqi Zəngzurdakı nəhəng bərpa –quruculuq layihələrini Azərbaycan öz gücünə həyata keçirir. Məhz postmüharibə dövründə, yəni ötən beş il ərzində işğaldan azad olunan ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin orada məskuunlaşdırılması miqyası genişliyinə və sürətinə görə sözün həqiqi mənasında bir möcüzədir.
Çağdaş dünyada şəhərsalma siyasətinin əsas məzmunu ondan ibarətdir ki, şəhərlər dövlətlərin beynəlxalq münasibətlərinin aktiv aktoruna çevrilirlər. Bu gün London maliyyə və siyasi təsir mərkəzi, Dubay qlobal logistika və innovasiya platforması, Sinqapur texnoloji idarəetmə modeli, Seul rəqəmsal urbanizm nümunəsi, Doha isə diplomatik kommunikasiya məkanı kimi beynəlxalq sistemdə xüsusi status qazanıb.
Görünən odur ki, Bakı da məhz bu istiqamətdə yeni mərhələyə daxil olur. WUF vasitəsilə Azərbaycan Bakı şəhərini beynəlxalq urban mərkəz kimi təqdim etməyə çalışır. Əsas məqsəd Bakının qlobal müzakirələrin keçirildiyi siyasi platforma kimi tanınmasına nail olmaqdır.
Elçin Zaman, «İki sahil»